Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakıda “Merry Beauty” gözəllik salonundan “Samsung A73” markalı mobil telefon, “A1 kitab evi”ndən isə 500 manat pul və 4 ədəd qol saatı oğurlanıb.
Qaynarinfo xəbər verir ki, hər iki hadisədə şübhəli bilinən şəxs saxlanılıb və ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan olunub. İşə Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs gecə saatlarında Nəsimi rayonunda yerləşən “Merry Beauty” gözəllik salonunun qarşısına gəlib. O, yanında olan vintaçanla salonun giriş qapısının kilidini açaraq içəri daxil olub.
Salondan zərərçəkmiş şəxsə məxsus, 180 manat dəyərində “Samsung A73” markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıb. Telefonun istifadə olunduğu mobil nömrənin dəyəri isə 35 manat göstərilib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 215 manat maddi ziyan dəyib.
Bundan sonra təqsirləndirilən şəxs yenə gecə saatlarında Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “A1 kitab evi”nin qarşısına gəlib. Ətrafda heç kimin olmadığından əmin olduqdan sonra vintaçanla mağazanın giriş qapısının kilidini açaraq içəri daxil olub.
Mağazanın kassasından 500 manat pul və vitrindən 4 ədəd qol saatı götürüb. Zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə, saatların ümumi dəyəri 200 manat olub. Beləliklə, bu epizod üzrə dəymiş ziyan 700 manat təşkil edib.
Məhkəmədə təqsirləndirilən şəxs birinci epizod üzrə özünü tam təqsirli bilib. O, pula ehtiyacı olduğunu və telefonu sataraq maddi ehtiyaclarını qarşılamaq niyyətində olduğunu bildirib.
Saxlanılarkən telefonu polis əməkdaşlarına təhvil verdiyini və sonradan cihazın zərərçəkmiş şəxsə qaytarıldığını deyib.
“A1 kitab evi”ndə baş verən oğurluqla bağlı isə təqsirləndirilən şəxs özünü qismən təqsirli bilib. Onun sözlərinə görə, kassada 500 deyil, 320 manat olub.
Götürdüyü 4 saatdan ikisinin kişi, ikisinin qadın saatı olduğunu, onların üzərindəki qiymətlərin ümumilikdə 165 manat təşkil etdiyini bildirib. Saatları daha sonra Sabunçu bazarında tanımadığı şəxsə 60 manata satdığını və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərclədiyini söyləyib.
“A1 kitab evi”nin müdiri məhkəmədə verdiyi ifadəsində mağazaya səhər saatlarında gəldiyi zaman qapının açıq olduğunu və kassadakı pulların olmadığını bildirib.
O, müşahidə kamerasına baxarkən gecə saatlarında bir şəxsin qapını zorla açaraq mağazaya daxil olduğunu, kassadan 400 manat kağız pul və 100 manat qəpik götürdüyünü, həmçinin vitrindən 4 qol saatını apardığını gördüyünü deyib.
Zərərçəkmiş şəxs mağazaya vurulan ümumi ziyanın 700 manat olduğunu göstərib. Məhkəmədə o, dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirib.
“Merry Beauty” salonunda telefonunun oğurlandığı şəxs isə məhkəməyə gəlməyib. Onun ibtidai istintaq zamanı verdiyi ifadə elan edilib.
Zərərçəkmiş bildirib ki, işlədiyi salonda unutduğu əl çantasını ertəsi gün götürüb evə gəldikdən sonra “Samsung A73” markalı telefonunun çantada olmadığını aşkar edib.
Salondakı müşahidə kamerasına baxarkən telefonun naməlum şəxs tərəfindən götürüldüyünü müəyyənləşdirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Məhkəmə materiallarından məlum olur ki, təqsirləndirilən şəxsin bundan əvvəl də məhkumluğu olub. Nərimanov Rayon Məhkəməsinin 2023-cü il tarixli hökmü ilə ona cəza təyin edilib, daha sonra Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2025-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.
Yeni cinayət işi ilə əlaqədar həmin qərarla müəyyən edilmiş 1 ay 22 günlük hissə ləğv edilib. Nəticədə əvvəlki və yeni cəzalar qismən birləşdirilərək müttəhimə 2 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı 2 gün isə təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
Seyid