Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniya Kansleri Fridrix Merts dünyanın böyük güc siyasəti dövrünə qədəm qoyduğunu bəyan edib və avropalıları dəyişmiş şərtlərə uyğunlaşmağa çağırıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya lideri Davos forumunda çıxışı zamanı bildirib.
"Şahid olduğumuz həftələr və aylar ərzində artıq yeni bir dövr başlayıb", - deyə Merts vurğulayıb.
O, Ukraynadakı münaqişədən, eləcə də Çinin böyük dövlətlər sırasına daxil olmasından da söz açıb:
"ABŞ-nin dünyanın aparıcı gücü kimi mövqeyi şübhə altına alınır. Vaşinqton buna xarici və təhlükəsizlik siyasətində köklü dəyişikliklə cavab verir. Biz böyük güc siyasəti dövrünə qədəm qoymuşuq. Bu yeni reallığı taleyin hökmü kimi qəbul etməyə məcbur deyilik. Uğur qazanmaq üçün sərt reallıqlarla barışmalı və kursumuzu mövcud vəziyyətə uyğun müəyyənləşdirməliyik".
Bu kontekstdə o, Avropanı yeni reallıqlara uyğunlaşmağa çağırıb:
"Birincisi, müdafiə qabiliyyətimizə böyük sərmayə qoymalıyıq. Biz bunu edirik. İkincisi, iqtisadiyyatlarımızın rəqabət qabiliyyətini sürətlə artırmalıyıq. Almaniya olaraq, bunu da edirik. Üçüncüsü, həm avropalılar, həm də eyni düşüncəli tərəfdaşlar arasında birləşməliyik".