Mesajların hökmranlığı

10.09.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Səmərəli mesajların hazırlanması və onların dəqiq təyinat ünvanlarına çatdırılması uğurlu siyasətin əsas meyarıdır. Sözügedən təsbiti çəkinmədən hər yerdə səsləndirə bilərik. Bəzən isə mesaj konkret siyasi hədəfə çatmağın hətta yeganə vasitəsinə çevrilə bilir. Mesaj xəbərdarlıq, anons, təhdid, çaşqınlığın yaradılması, mövqeyin bildirilməsi, şifrlənmiş xəbərin çatdırılması və ya sadəcə əks tərəfdə müəyyən bir həyəcanın yaradılması məqsədilə ötürülə bilir. Odur ki, informasiya bolluğu dövründə peşəkar mesajın hazırlanması və lazımi ünvana effektiv şəkildə çatdırılması böyük bir sənətdir. Burada sadəcə qonşuluqda yaşayan “Validə” xalanın ünsiyyətlilik və çevikliyinə ümid etmək olmaz.
Bu fikirlər politoloq Asif Adilin “Mesajların hökmranlığı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Orta əsrlərdə hər hansı bir vacib məlumatı ictimaiyyətə çatdıran atlı carçıları insanlar hər zaman həyəcanla gözləyirdilər. Topluma çatdırılan hər bir mesajın yüzlərlə azad yozumu daha sonra bazarlarda piştaxtaların arasında dolaşırdı. Müasir dövrdə də ötürülən hər bir siyasi mesaj əhalinin ictimai təfəkküründə fərqli emosiyalar yarada bilir. Odur ki, əsirlər keçməsinə rəğmən, bəsit və qeyri-peşəkar yanaşmalar üstünlük təşkil edən idarəetmə və siyasətdə mövcud məsələdə böyük mənada dəyişən heç nə olmayacaq.
Təəssüf ki, müasir dövrdə bir çox dövlət qurumların, hətta bütöv sahələrin rəhbərləri ictimaiyyətlə işinin təşkilinin məzmununu hələ də həmin o orta əsrlərdəki atlı carçıların gördükləri işin məzmunu ilə eyniləşdirirlər. Şübhəsiz ki, mövcud sahədə məzmun etibarı ilə dəyişikliklərin baş verməsi mütləqdir. Mesaj, sadəcə kommunikasiya aləti deyil. Mövzuya bir qədər fəlsəfi yanaşsaq hətta deyə bilərik ki, “mesaj” elə idarəetmə və siyasətin özüdür.
Dünyada cərəyan edən proseslərin kökündə dayanan əsas amillərə diqqət yetirsək deyə bilərik ki, artıq “ideya” yox, məhz “mesajlar” insanların, o cümlədən, siyasi seçimlərin məzmununu müəyyən edir. Razılaşın ki, mövcud tendensiya yumşaq desək, heç də inkişafın təzahürü ola bilməz. Bizə yaxın olan tarixdə dəfələrlə ona şahidlik etmişdik ki, ABŞ kimi dövlətin rəhbəri tərəfindən sosial şəbəkə vasitəsilə ötürülən hətta kiçik mesaj belə mühüm proseslərin gedişatına təsir edə bilir.
Tarixdən onu da yaxşı bilirik ki, konkret xalqın bir lideri tərəfindən publik şəkildə ötürülən mesaj həmin xalqın taleyini belə dəyişdirə bilər. Azərbaycan xalqı da məhz o nadir xalqlarındandır ki, onun Lideri tərəfindən səsləndirmiş mesaj həm fərəhlə yaşamağa, həm gələcəyə ümidlə baxmağa səbəb olub. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” sözləri milli yaddaşımıza ünvanlanmış Qələbə mesajıdır. Milli qüruru oyandıran bu mesaj milli ideologiyamızın da ritmini və mahiyyətini müəyyən etməlidir. “Qələbə” ifadəsi isə bütün sahələrin ideoloji fəaliyyətinin əsas leytmotivinə çevrilməlidir. Heç bir qərəzli manipulyasiya bu Qələbə mesajını bizim milli yaddaşımızdan silə bilməz.
Mesajlar kontekstinin inkişafında onu da diqqətdən qaçırmaq olmaz ki, virtual dünyanın real həyatımızda payı çoxaldıqca obyektiv olaraq yalan məlumatın pis əməl kimi dəyərləndirilməsi hallarının sayı azalacaqdır. Belə ki, virtual reallıqda “yalan” məfhumu çox asanlıqla sadəcə “məlumat” sözü ilə əvəzlənir. Bunun nəticəsində eşidilən yalana öncə ictimaiyyətin münasibəti kütləşir, bundan sonra isə yalan adiləşir və tədricən ümumiyyətlə “yalan”, qəbul olunmuş əxlaq normaları pozan amillər siyahısından silinir.
Burada daha bir “maraqlı” sosial-psixoloji qanunauyğunluğu nəzərə almalıyıq. Belə ki, “təhsil” və “elm” kimi sahələr dayazlaşdıqca, ictimai təfəkkürün məzmunu bəsitləşdikcə, kitablar isə sadəcə otağı bəzəyən dekora çevirdikcə insanlar arasındakı ünsiyyət deqradasiyaya uğrayır. Ünsiyyət, sadəcə kiçik mesajların ötürülməsi ilə məhdudlaşmağa başlayır. Təsadüfi deyil ki, sosial şəbəkələrdəki yazılarımız getdikcə daha çox müxtəlif smayliklərlə əvəzlənir. Misal üçün sosial şəbəkə psixologiyasına əsasən əgər münasibətlər “təşəkkür”dən “tşk”yə keçibsə, bilin ki, siz artıq aktual deyilsiniz. Odur ki, fərqli düşüncə ovunda yox, məhz məlumatlılıq ovunda olan təhsil modelinə üstünlük verilən yerdə mesajların rolu bundan sonra daha da artacaqdır. Mövcud vəziyyət nə pisdir, nə də ki yaxşıdır. Ancaq biz həqiqətən də mesajların hökmranlıq etdiyi dövrdə yaşayırıq.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью