Məscidə nəzir aparanların DİQQƏTİNƏ KONKRET

18.11.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda bəzi insanlar arzu və niyyətlərinin həyata keçməsi, eləcə də savab qazanmaq məqsədilə məscidlərə müxtəlif ərzaq məhsulları apararaq onları nəzir kimi qoyurlar. Uzun illərdir davam edən bu ənənə cəmiyyətdə dini baxımdan fərqli yanaşmalara səbəb olur. Bəziləri bunu xeyirxah əməl hesab etsə də, digərləri məscidlərin ərzaq saxlanılan məkana çevrilməsini düzgün saymır.

Bəs İslam dini bu məsələyə necə yanaşır? Məscidə ərzaq aparmaqla nəzir yerinə yetirilmiş hesab olunurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən ilahiyyatçı Əkrəm Həsənov bildirib ki, məsələyə düzgün qiymət vermək üçün ilk növbədə məscidlərin təyinatını və İslamda nəzir anlayışının mahiyyətini bilmək lazımdır.

İlahiyyatçının sözlərinə görə, məscidlər ilk növbədə ibadət, namaz, Quran oxumaq, Allahı zikr etmək və dini biliklər öyrənmək üçün nəzərdə tutulmuş müqəddəs məkanlardır:

“Qurani-Kərimdə buyurulur: ‘Şübhəsiz ki, məscidlər Allahındır. Allahla yanaşı heç kəsə dua etməyin!’ (əl-Cinn, 18). Bu və digər ayələr məscidlərin əsas təyinatının ibadət olduğunu göstərir. Bununla yanaşı, İslam dini ehtiyacı olan insanlara yardım etməyi, yoxsulları yedirtməyi və sədəqə verməyi təşviq edir. Lakin burada əsas məsələ xeyirxah əməlin hansı formada həyata keçirilməsidir”.

Ə.Həsənov qeyd edib ki, İslamda nəzir insanın Allah qarşısında götürdüyü öhdəlikdir. İnsan müəyyən bir arzusunun həyata keçməsi ilə əlaqədar ibadət və ya xeyirxah əməl etməyi nəzir edə bilər. Bununla belə, nəzir etmək insanın taleyini dəyişdirən vasitə kimi qəbul olunmamalıdır:

“Peyğəmbərimiz (s.ə.s) nəzir etməyi ümumən təşviq etməyib. Hədislərdə bildirilir ki, nəzir insanın taleyində olmayan bir şeyi dəyişdirmir. İnsan Allahla sanki alış-veriş edirmiş kimi davranmamalıdır. Xeyirxah əməllər yalnız çətinliyə düşəndə və ya hansısa arzu həyata keçəndə deyil, hər zaman edilməlidir. Əgər insan Allaha itaət məqsədilə nəzir edibsə, götürdüyü öhdəliyi yerinə yetirməlidir”.

İlahiyyatçı xüsusi vurğulayıb ki, ərzağı məscidə aparıb qoymaq heç də bütün hallarda nəzirin yerinə yetirilməsi demək deyil.

“Əgər insanın məqsədi yoxsullara, imkansız ailələrə yardım etməkdirsə, həmin ərzağın birbaşa ehtiyac sahiblərinə çatdırılması daha məqsədəuyğundur. Bunun üçün məscidi ərzaq məhsullarının saxlanıldığı yerə çevirməyə ehtiyac yoxdur. Nəzirin mahiyyəti ərzağı hansısa məkana qoymaq deyil, Allah qarşısında götürülmüş öhdəliyi şəriət qaydalarına uyğun yerinə yetirməkdir”.

Ə.Həsənov bildirib ki, İslam hüququnda məscidlərdə yemək verilməsi ilə bağlı müəyyən şərtlər mövcuddur. Onun sözlərinə görə, Hənəfi, Maliki, Şafii və Hənbəli fiqh ənənələrində məscidin təmizliyinin qorunması, ibadət edənlərə maneə yaradılmaması və müqəddəs məkanın təyinatından kənar istifadə edilməməsi mühüm prinsip sayılır.

“İslam alimləri məsciddə yemək yeyilməsini və ehtiyac sahiblərinə ərzaq paylanmasını müəyyən şərtlərlə mümkün hesab ediblər. Məsələn, Ramazan ayında məscidlərdə iftar süfrələrinin təşkil olunması ilə ərzağın daimi olaraq orada saxlanılması eyni məsələ deyil. Birincisi xeyriyyəçilik və ibadət mühitinə uyğun təşkil edilən tədbirdir, ikincisi isə məscidin əsas təyinatından uzaqlaşmasına səbəb ola bilər”.

İlahiyyatçı əlavə edib ki, məscidlərdə ərzaq yardımlarının təşkili tamamilə qadağan olunmuş fəaliyyət kimi qiymətləndirilməməlidir. Lakin bunun müəyyən qaydalar əsasında həyata keçirilməsi vacibdir:

“Əgər məsciddə xüsusi xeyriyyə tədbiri, Ramazan iftarı və ya ehtiyac sahiblərinə ərzaq paylanması təşkil edilirsə, bu, məscid rəhbərliyinin razılığı və təmizlik qaydalarına riayət olunması şərtilə həyata keçirilə bilər. Ancaq insanların müxtəlif məhsulları gətirib nəzir adı ilə məsciddə saxlaması və bunun dini ənənə kimi təqdim edilməsi düzgün yanaşma deyil”.

Əkrəm Həsənovun fikrincə, əsas problem insanların xeyirxah niyyətində deyil, həmin niyyətin həyata keçirilmə formasındadır.

“Bəzən insanlar savab qazanmaq üçün ərzağı məscidə aparırlar. Halbuki həmin vaxt yaxınlıqda ehtiyac içində yaşayan bir ailə o ərzağa möhtac ola bilər. Belə hallarda məhsulu məsciddə saxlamaqdansa, ehtiyac sahibinin qapısına aparmaq həm daha məqsədəuyğundur, həm də İslamın yardımlaşma prinsiplərinə daha çox uyğundur.

Unutmaq olmaz ki, İslamda xeyirxahlığın dəyəri hansısa binaya ərzaq gətirilməsi ilə deyil, yardımın kimə çatması və hansı niyyətlə edilməsi ilə ölçülür. Məscidlərimizin təmizliyini, müqəddəsliyini və əsas təyinatını qorumaq hər bir müsəlmanın məsuliyyətidir”.

İlahiyyatçı sonda bildirib ki, nəzir niyyəti ilə ərzaq paylamaq istəyən şəxslər məhsulları məsciddə saxlamaq əvəzinə, birbaşa ehtiyacı olan insanlara çatdırmağa üstünlük verməlidirlər. Onun sözlərinə görə, bu yanaşma həm xeyriyyəçiliyin əsas məqsədinə xidmət edir, həm də məscidlərin ibadət məkanı kimi qorunmasına şərait yaradır.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью