Bizim media saytına istinadən Icma.az xəbər verir.
İndoneziyada meşə yanğınlarının tüstüsü 400 mindən çox insanda tənəffüs xəstəliklərinə səbəb olub.
Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, İndoneziyada aylardır davam edən meşə yanğınlarının yaratdığı zəhərli tüstü 400 mindən çox insanın sağlamlığına mənfi təsir göstərib.
İndoneziyanın Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 18-dən noyabrın 2-dək yeddi əyalətdə 401 686 kəskin respirator infeksiya (KRVİ) qeydə alınıb.
Xəstələnənlərin 91 mindən çoxu 5 yaşadək uşaqlar, təxminən 87 mini isə 6-9 yaş arası uşaqlardır.
Meşə və torpaq yanğınları nəticəsində yaranan sıx tüstü İndoneziyanın Borneo, Sumatra və Papua bölgələrini bürüyüb. Tüstü qonşu Malayziya, Sinqapur, Filippin, Bruney və Şərqi Timora da yayılıb.
Məlumata görə, çirklənmiş hava yalnız tənəffüs yollarının infeksiyalarına deyil, pnevmoniya, kəskin ishal, göz infeksiyaları, dəri problemləri və istilik vurmasına da səbəb olub.
Xüsusilə Mərkəzi Kalimantan əyalətinin Palanqkaraya şəhərində havadakı PM2.5 hissəciklərinin səviyyəsi oktyabrda 3340-a qədər yüksəlib. Bu göstərici havanın son dərəcə təhlükəli səviyyədə çirkləndiyini göstərir.
Bundan başqa, Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin hesabatına əsasən, sentyabr ayında meşə və torpaq yanğınlarından yaranan zəhərli tüstü İndoneziyada təxminən 3 560 nəfərin ölümünə səbəb olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə təxminən 7 800 kvadratkilometr ərazi yanaraq külə dönüb. Bu, son on ildən artıq müddətdə qeydə alınan ən intensiv yanğınlardan biri hesab olunur.
Bizim.Media