Meşə yanğınları: Təkcə yaşıllıqlar deyil, insanların həyatı üçün də təhlükəlidir

15.07.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu isti yay mövsümündə, təbii ehtiyatlarımız və ekosistemimiz üçün ən böyük təhdidlərdən biri meşə yanğınlarıdır. Yalnız Azərbaycanın deyil, bütün dünyada bu cür fəlakətlər tez-tez baş verir. Məsələn, indi belə bir xəbərlə qarşılaşdım: İtaliyanın Sardiniya adasında 20 fərqli yerdə başlayan meşə yanğınları, xüsusilə turistlər və yerli əhali üçün böyük bir təhlükə yaradıb.

Sardiniyada bu gün, müxtəlif ölçülü 20 meşə yanğını baş verib. Bu yanğınların ən çox zərər verdiyi ərazilərdən biri, mərkəzi Barumini şəhərinin kənd ərazisidir. İki yanğınsöndürmə təyyarəsi və bir neçə helikopter havadan müdaxilə edərək yanğını söndürməyə çalışır. Yanğının qarşısını almaq və təbii sərvətləri qorumaq çox çətindir, çünki həmin ərazinin relyefi sərt və yanğın sahəsi genişdir.

Bu hadisə, Sardiniyanın meşə yanğınlarına nə qədər həssas olduğunu göstərir və təbii ki, bu cür fəlakətlər, dünyanın hər bir yerində baş verə bilər.

Azərbaycan da yay aylarında yüksək temperatur və quraqlıq şəraitində meşə yanğınları riski ilə üzləşir. Xüsusilə də, Quba, Qəbələ, Şəki, və digər dağlıq bölgələrdə bu cür hadisələr baş verə bilər. Bu tip yanğınlar yalnız təbii mühitə ziyan vurmaqla qalmır, həm də insanların həyatı və yaşayış yerləri üçün təhlükə yaradır.

Bununla yanaşı, Azərbaycanda meşə sahələrinin böyük hissəsi təbii parklar və ekoloji cəhətdən zəngin ərazilərdir. Bu ərazilərin qorunması və bu cür fəlakətlərin qarşısının alınması hər birimizin məsuliyyətidir. Atılan hər bir tullantı yanğın peredmeti ola bilər.

Hər birimiz, təbii sərvətlərimizi və ətraf mühitimizi qorumaq üçün məsuliyyət daşıyırıq. Yalnız təbii mühiti qorumaqla yanaşı, həm də öz həyatımızı və yaxınlarımızı təhlükəsiz saxlamaq vacibdir. Sardiniya adasında baş verən meşə yanğınları, bizə bir daha xatırladır ki, yay aylarında ehtiyatlı olmalı və yanğınlara qarşı mübarizə üçün hər zaman hazırlıqlı olmalıyıq.

Bunun üçün də qəbul edilmiş qaydalara riayət etmək lazım gəlir. Ani bir diqqətsizlik böyük bir meşənin yanmasına və təbiətlə yanaşı insanların həyatının təhlükə altına düşməsinə səbəb ola bilər.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью