Meşəçilik siyasətində yeni mərhələ: bir toxumdan, tingdən bir meşəyə

26.11.2026

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 25 noyabr 2026-cı il tarixli Fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılıb. Fərman Azərbaycanın ekoloji siyasətində meşə ehtiyatlarının qorunması və artırılması istiqamətində yeni institusional addımdır. Yeni yaradılan Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi ölkədə meşə ehtiyatlarının qorunması, tingçilik sisteminin inkişafı və ekoloji təhlükəsizliyin gücləndirilməsində hansı dəyişikliklərə yol aça bilər?

Qərar ölkədə təkcə yeni bir dövlət qurumunun yaradılması deyil. Fərmanın mahiyyətinə diqqət yetirdikdə onun daha geniş məqsədlərə xidmət etdiyi aydın olur. Söhbət meşə təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsindən, meşə bitkilərinin genetik ehtiyatlarının qorunmasından, keyfiyyətli ting istehsalından və bu sahədə peşəkar kadr potensialının gücləndirilməsindən gedir. Başqa sözlə, Azərbaycan meşələrin yalnız qorunmasına deyil, onların gələcək nəsillər üçün elmi əsaslarla bərpasına və inkişafına yönəlmiş yeni mexanizm formalaşdırmağa başlayır.

Fərmanın əsas mahiyyəti

Fərmanda mərkəzin fəaliyyət istiqamətləri konkret şəkildə müəyyənləşdirilib. Bunlara meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, həmçinin meşə bitkiləri tinglərinin yetişdirilməsi daxildir. Bu istiqamətlərin hər biri ayrıca əhəmiyyət daşıyır.

İlk növbədə, toxum gen bankının yaradılması diqqət çəkir. Bu, sadəcə müxtəlif ağac və bitki toxumlarının bir yerdə saxlanılması demək deyil. Gen bankı meşə bitkilərinin genetik müxtəlifliyinin qorunmasına, qiymətli yerli növlərin gələcək nəsillərə ötürülməsinə və zərurət yarandıqda bərpa işlərində istifadə olunmasına imkan verən strateji elmi ehtiyatdır.

İqlim dəyişikliklərinin sürətləndiyi, quraqlıq, torpaq deqradasiyası, meşə yanğınları və müxtəlif xəstəliklərin təbii ekosistemlərə təsirinin artdığı bir dövrdə belə ehtiyatların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Məsələn, müəyyən bir ərazidə iqlim şəraiti dəyişdikdə həmin ərazinin yeni ekoloji şərtlərinə uyğunlaşa bilən ağac növlərinin seçilməsi vacibdir. Bunun üçün isə bitkilərin mənşəyi, genetik xüsusiyyətləri və müxtəlif iqlim şəraitinə davamlılığı haqqında elmi məlumat bazası olmalıdır. Beləliklə, gen bankı gələcək meşəbərpa tədbirlərinin daha düşünülmüş və elmi əsaslarla həyata keçirilməsinə zəmin yarada bilər.

Tingçilik sahəsində hansı yeniliklər gözlənilir?

Fərmanın digər mühüm istiqaməti meşə bitkiləri tinglərinin yetişdirilməsidir. Meşələrin bərpası və yeni meşə massivlərinin salınması üçün təkcə ağac əkmək kifayət etmir. Əsas məsələ hansı ağacın hansı torpaqda, hansı iqlim şəraitində və hansı üsulla yetişdirilməsidir.

Keyfiyyətli ting istehsalı meşəbərpa işlərinin uğurunu müəyyən edən əsas amillərdəndir. Əgər əkilən tinglər ərazinin torpaq və iqlim xüsusiyyətlərinə uyğun seçilməzsə, onların sonrakı inkişafı və yaşama qabiliyyəti zəifləyə bilər.

Yeni mərkəzin fəaliyyəti bu sahədə daha sistemli yanaşmanın formalaşmasına imkan yaradacaq. Xüsusilə yerli ağac və kol növlərinin yetişdirilməsi, toxumların keyfiyyətinə nəzarət, tinglərin inkişaf mərhələlərinin elmi əsaslarla izlənilməsi və müasir tingçilik texnologiyalarının tətbiqi mühüm nəticələr verə bilər. Bu, həm də meşəbərpa işlərində istifadə olunan əkin materialının keyfiyyətinin yüksəldilməsi deməkdir.

Beynəlxalq təcrübə və peşəkar kadr hazırlığı

Mərkəzin adında yer alan “Beynəlxalq” ifadəsi xüsusilə diqqət çəkir. Çünki müasir meşəçilik artıq yalnız ağacların əkilməsi və qorunması ilə məhdudlaşmır. Bu sahə biomüxtəlifliyin mühafizəsi, iqlim dəyişikliklərinə uyğunlaşma, torpaq və su ehtiyatlarının qorunması, elmi tədqiqatlar və müasir texnologiyaların tətbiqi ilə sıx bağlıdır. Bu baxımdan, mərkəzin beynəlxalq təcrübənin öyrənilməsi və mübadiləsi üçün platformaya çevrilməsi perspektivi var. Xarici ölkələrin meşəçilik üzrə elmi müəssisələri ilə əməkdaşlıq, mütəxəssislərin təcrübə mübadiləsi, beynəlxalq təlim proqramları və birgə tədqiqatlar bu sahədə yeni imkanlar aça bilər.

Digər mühüm məsələ isə təbii ki, kadr hazırlığıdır. Meşə təsərrüfatında çalışan mütəxəssislərin müasir bilik və bacarıqlara yiyələnməsi, yeni texnologiyalardan istifadə etməsi və ekosistemlərin idarə olunması üzrə ixtisaslaşması vacibdir. Mərkəzin təlim fəaliyyəti gələcəkdə yalnız mövcud mütəxəssislərin biliklərinin artırılmasına deyil, həm də meşəçilik sahəsində yeni peşəkar kadrların formalaşmasına töhfə verəcəyi sözsüzdür.

Azərbaycanın meşə ehtiyatları fonunda qərarın əhəmiyyəti

Mərkəzin yaradılmasının əhəmiyyətini ölkənin meşə ehtiyatları ilə bağlı statistik göstəricilər fonunda daha aydın görmək mümkündür. Dövlət Statistika Komitəsinin bu il açıqladığı 2025-ci ilin göstəricilərinə əsasən, Azərbaycanda meşə ilə örtülü sahə 1 milyon 42,1 min hektar təşkil edib. Bu, ölkə ərazisinin təxminən 12 faizidir. Həmin il meşə fondu torpaqlarında ümumilikdə 7,4 min hektar sahədə meşəbərpa tədbirləri həyata keçirilib. Bunun 1,2 min hektarı meşə əkinləri və səpinlərinin, 6,2 min hektarı isə təbii bərpaya kömək tədbirlərinin payına düşüb.

Bu rəqəmlər göstərir ki, meşələrin bərpası istiqamətində işlər aparılır. Lakin meşə ehtiyatlarının qorunması və artırılması davamlı, uzunmüddətli və elmi əsaslandırılmış yanaşma tələb edir. Yeni mərkəz məhz bu prosesin keyfiyyət tərəfinin gücləndirilməsi məqsədilə yaradılır.

Ekoloji təhlükəsizlik və iqlim dəyişiklikləri baxımından gözlənilən nəticələr

Meşələr təbiətin ən mühüm ekoloji sistemlərindən biridir. Onlar atmosferdə karbonun udulmasında, havanın keyfiyyətinin yaxşılaşdırılmasında, torpağın eroziyadan qorunmasında, su dövranının tənzimlənməsində və biomüxtəlifliyin saxlanılmasında mühüm rol oynayır. Meşə örtüyünün zəifləməsi isə yalnız ağacların azalması ilə nəticələnmir. Bu proses torpağın münbitliyinə, su ehtiyatlarına, yerli iqlimə və bütövlükdə ekoloji tarazlığa təsir göstərir. Ona görə də yeni mərkəzin fəaliyyəti gələcəkdə meşə ekosistemlərinin dayanıqlığının artırılmasına, iqlim dəyişikliklərinin təsirlərinə qarşı daha davamlı yaşıllıq sahələrinin formalaşdırılmasına və təbii ehtiyatların qorunmasına töhfə verə bilər.

Burada bir məqam da xüsusi qeyd olunmalıdır: meşələrin bərpası yalnız yeni ağacların əkilməsi ilə ölçülməməlidir. Əkilən tinglərin neçə faizinin yaşaması, neçə ildən sonra inkişaf etməsi, ərazinin təbii biomüxtəlifliyinin qorunub saxlanılması da əsas göstəricilərdən olmalıdır.

Fərman Qarabağ və Şərqi Zəngəzurun ekoloji bərpası üçün də yeni imkanlar yaradır

Mərkəzin yaradılması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesləri baxımından da perspektiv əhəmiyyət daşıyacaq. Bu ərazilərdə ekosistemlərin bərpası, meşə sahələrinin qorunması, yerli bitki növlərinin yenidən inkişaf etdirilməsi və təbii landşaftın mühafizəsi xüsusi diqqət tələb edir.

Ərazilərin torpaq, iqlim və bitki örtüyü xüsusiyyətlərinə uyğun tinglərin yetişdirilməsi gələcəkdə burada həyata keçiriləcək yaşıllaşdırma və meşəbərpa tədbirlərinin səmərəliliyini artıra bilər. Lakin bu istiqamətdə əsas prinsip təbii ekosistemlərin xüsusiyyətlərini nəzərə almaq, yerli növlərə üstünlük vermək və süni yaşıllaşdırma ilə təbii meşə bərpası arasında düzgün tarazlıq yaratmaq olmalıdır.

Yeni mərkəzdən gözlənilənlər

Fərmanın icrası nəticəsində hansı yeniliklərin ortaya çıxacağı, ilk növbədə, mərkəzin fəaliyyət modelindən, maddi-texniki bazasından, elmi potensialından və qarşıya qoyulacaq konkret hədəflərdən asılı olacaq. Bu baxımdan bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır. Bunlar Azərbaycanda meşə bitkilərinin toxum ehtiyatlarının sistemli şəkildə qorunması, yerli ağac və kol növləri üzrə genetik məlumat bazasının formalaşdırılması, müasir texnologiyalar əsasında tingçilik istehsalının inkişafı, meşəçilik üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və meşəbərpa işlərində tinglərin keyfiyyətinə və yaşama göstəricilərinə nəzarətin gücləndirilməsidir.

Gələcəyə hesablanmış ekoloji investisiya

Fərmanın mühüm məqamlarından biri də mərkəzin dövlət büdcəsi hesabına maliyyələşdiriləcək büdcə təşkilatı kimi yaradılmasıdır. Bu, onun fəaliyyətinin dövlət səviyyəsində təmin olunmasını nəzərdə tutur.

Nazirlər Kabinetinə iki ay müddətində Mərkəzin işçilərinin say həddinin və vəzifə maaşlarının təsdiqi, maddi-texniki təminatı ilə bağlı tədbirlərin görülməsi tapşırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə həmin müddətdə mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu təsdiq etməlidir. Bu mərhələdən sonra əsas məsələ müəyyən edilmiş vəzifələrin praktik nəticələrə çevrilməsidir.

Nəzərə almaq lazımdır ki, yeni mərkəzin yaradılması meşə sahələrinin dərhal artması demək deyil. Bunun üçün uzunmüddətli elmi araşdırmalar, keyfiyyətli ting istehsalı, düzgün meşəbərpa siyasəti və davamlı nəzarət tələb olunur. Bir sözlə, fərman ekoloji sistemə qoyulan investisiyadır. Nəticə üçün isə zaman lazımdır. Bütün bu addımların düzgün atılması, tətbiqi həmin məqsədlərə çatmaq üçün vacib institusional və elmi baza yarada bilər.

Mətanət Məmmədova

P. S. Əslində bir toxumun, bir tingin qorunması bəzən gələcəkdə bütöv bir meşənin qorunması deməkdir. Azərbaycanın yeni meşəçilik mərkəzindən gözlənti də məhz budur: bu gün qorunan toxumların sabah sağlam meşələrə, daha dayanıqlı ekosistemlərə və gələcək nəsillər üçün yaşıl sərvətə çevrilməsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью