Məsələ restoranların adında deyil, səkilərin zəbt edilməsindədir

18.11.2026

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar xarici adlar daşıyan restoranların tənqid edildiyinə rast gəlirik.

Guya Bakıda fəaliyyət göstərən restoranların adları mütləq Azərbaycan dilində olmalıdır, başqa dildə olan adlar isə milli kimliyimizə, dilimizə və şəhər mədəniyyətimizə təhlükə yaradır.

Məncə, məsələyə bu cür yanaşmaq doğru deyil.

Bir türk iş adamı Bakıda restoran açırsa, adını niyə türk dilində qoymasın?

İtalyan restoranının italyanca, fransız restoranının fransızca adı olmasında nə qəbahət var?

Biz özümüz xarici ölkələrdə restoran, mağaza, şirkət açanda çox vaxt adımızı, dilimizi, mədəniyyətimizi də özümüzlə aparırıq.

Başqa ölkədə fəaliyyət göstərən azərbaycanlı sahibkarın restoranına Azərbaycan adı qoyması necə təbiidirsə, Bakıda fəaliyyət göstərən əcnəbi sahibkarın da öz dilində ad seçməsi bir o qədər təbiidir.

Şəhərin mədəni müxtəlifliyi təkcə memarlığında, insanlarında, musiqisində deyil, ticarət və xidmət məkanlarında da özünü göstərə bilər. Xarici dildə ad daşıyan hər bir obyektə milli kimliyə təhdid kimi baxmaq, məncə, bir qədər səthi yanaşmadır.

Dilin qorunması məsələsi də yalnız restoran lövhələrindəki yazılarla həll olunmur.

Amma burada müzakirə edilməli daha ciddi bir məsələ var.

Həmin restoranların bəzilərinin küçələrə açılan terrasları, masa və stulları səkiləri zəbt edir. Piyadaların hərəkətinə mane olur, uşaq arabası ilə gedən valideynlər, yaşlı insanlar, əlilliyi olan şəxslər üçün küçədə hərəkəti çətinləşdirir. Bəzən insan səki ilə deyil, avtomobillərin hərəkət etdiyi yolun kənarı ilə getməyə məcbur qalır.

Restoranın adının italyanca, türkcə, ingiliscə və ya başqa dildə olması deyil, onun şəhərin ümumi istifadəsində olan ərazisinə necə münasibət göstərməsidir. Səki sahibkarın şəxsi mülkiyyəti deyil.

Restoran açmaq, müştəri cəlb etmək, açıq havada xidmət göstərmək sahibkarlıq hüququdur, amma bu hüquq başqalarının sərbəst hərəkət etmək hüququnu məhdudlaşdırmamalıdır.

Şəhər yalnız avtomobillərin və sahibkarların deyil, ilk növbədə orada yaşayan insanların məkanıdır. Küçələr, səkilər, meydanlar hamının istifadəsi üçün nəzərdə tutulub. Heç bir kommersiya fəaliyyəti ictimai məkanın özəlləşdirilməsinə əsas verməməlidir.

Ona görə də restoranların adlarını müzakirə etməkdənsə, onların səkiləri hansı əsasla zəbt etdiyini, terraslara hansı qaydada icazə verildiyini, piyadaların hüquqlarının necə qorunduğunu müzakirə etmək daha məqsədəuyğun olardı.

Milli kimliyi qorumaq istəyiriksə, əvvəlcə şəhərin özünü qoruyaq. Çünki şəhər mədəniyyəti lövhədəki yazıdan daha çox, insanların həmin şəhərdə necə rahat və sərbəst yaşaması ilə ölçülür.

Elmar
Gununesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью