Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bildiyimiz kimi, Dübəndi çimərliyində neft qalıqları aşkarlanıb. “Azneft” İB-dən bildirilib ki, həmin qalıqların yaranmasına səbəb neft boru xəttində baş vermiş nasazlıqdır.
Maraqlıdır, bu nasazlıq nəticəsində yaranan neft sızıntıları digər çimərliklərə və sahil ərazilərinə də yayıla bilərmi?
Redaktor.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirdi ki, Dübəndi çimərliyində baş verən neft tullantılarının sızıntısı və bunun insanlara vurduğu zərər adi, bəsit məsələ deyil:
“Təəssüf ki, buna görə məsuliyyət daşımalı olan qurum – istər neft şirkəti, istər hər hansı konsorsium – məsuliyyəti öz üzərinə götürməli və ərazinin təcili şəkildə təmizlənməsini təmin etməlidir. Əgər bu sızıntı boru xəttindən, yataqlardan qaynaqlanırsa, bunun təkcə insanların sağlamlığına və dərisinə deyil, həm də fauna və floraya, bütövlükdə ekosistemə nə qədər ciddi təsir göstərdiyini nəzərə almaq lazımdır. Bundan əlavə, dəymiş zərərin nə qədər müddətdə aradan qaldırılacağı, çimərliyin nə vaxt normal vəziyyətə qaytarılacağı barədə heç kim açıqlama vermir, məsuliyyəti üzərinə götürmür”.
Müsahibimiz qeyd etdi ki, məsələyə sanki “olub-keçdi” prinsipi ilə yanaşılır:
“Halbuki belə olmamalıdır. Digər çimərliklərlə bağlı məndə dəqiq məlumat yoxdur. Ola bilsin ki, bəzi ərazilərdə vaxtında təmizləmə və məhdudlaşdırma tədbirləri görülüb, buna görə də təsirlər hiss olunmur. Ancaq məsələni yalnız bir çimərlik çərçivəsində qiymətləndirmək düzgün deyil. Burada söhbət bütövlükdə dəniz ekosistemindən gedir. Ən azı çirklənmənin yayıldığı ərazilərdə bunun ciddi təsirləri var. Məhz bu baxımdan yanaşmaq lazımdır. Hesab edirəm ki, məsul tərəf müəyyənləşdirilməli, məsuliyyət öz üzərinə götürülməli və yaxın vaxtlarda bu problemin, eləcə də dəymiş zərərin hansı müddətdə aradan qaldırılacağı ilə bağlı ictimaiyyətə aydın məlumat verilməlidir”.
Xədicə BAXIŞLI