Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa dəstək layihəsi” iştirakçılarına, habelə həssas qruplar üçün iş yerlərinin yaradılmasına dəstək məqsədli daha bir pilot layihəyə başlanılıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” adlı layihə özünüməşğulluq proqramının genişlənməsində mühüm rol oynayan “Məşğulluğa dəstək layihəsi” üzrə qurduğu kiçik biznesə işçi qəbul edən benefisiarları əhatə edir.
Onların işə qəbul etdikləri işçilərin əməkhaqlarının, habelə bununla bağlı işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və digər sosial ayırmaların ilk 3 ayda tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa dəstək layihəsi” tərəfindən ödəniləcək.
Bu günlərdə Qubada yeni layihə barədə məlumatlandırma tədbiri olub. Layihənin məqsədləri və icra prosesi barədə ətraflı məlumat verilib.
Vurğulanıb ki, pilot layihə həmçinin benefisiarlarda artıq işəgötürən təfəkkürü və təcrübəsinin formalaşmasına şərait yaratmağı hədəfləyir. Habelə onların işə qəbul etdikləri şəxslərlə ilk 6 aydan sonrakı dövrdə də əmək münasibətlərini davam etdirmək nəzərdə tutulur.
Tədbirdə yeni layihəyə cəlb edilən Qusar şəhər sakinləri - özünüməşğulluq proqramı üzrə “Un məmulatlarının istehsalı” zərfi üzrə kiçik biznesini qurmuş Aygün Hacımuradova və “Mebel sexi” zərfi üzrə kiçik biznesini qurmuş Vadim Rzayevlə əməkdaşlıq müqavilələri imzalanıb.
Onlarla və layihəyə cəlb olunacaq digər iştirakçılarla müvafiq prosedur əsasında işlər aparılacaq.