Məşhur ailənin muzeyə çevrilmiş mülkündən REPORTAJ

19.10.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu dəfə yolumuz Şabranadır - keçmiş Dəvəçi raonuna. Rayonun Pirəbədil kəndində elə bir mülk var ki, onun qapısından içəri daxil olanda zaman bizi bir əsr geriyə qaytarır. Bir vaxtlar böyük bir ailənin yaşadığı, divarları saysız-hesabsız xatirələrə şahidlik edən bina bu gün kəndin tarixini yaşadan muzey kimi fəaliyyət göstərir.

Həyətdəki Qəzənfər Musabəyovun heykəlindən tutmuş otaqlardakı qədim məişət əşyalarına, divar rəsmlərindən xalça nümunələrinə qədər hər detal özündə keçmişdən bir iz daşıyır. Lakin tarixi yaddaşı qoruyan bu mülkün özünün də köməyə ehtiyacı var, çünki illərin yükünü daşıyan binanın bəzi hissələri çökmək təhlükəsi ilə üz-üzədir...

“Yeni Sabah” bir zamanlar Musabəyovlar ailəsinin şəxsi mülkü olan Pirəbədil Tarix muzeyindən reportajı təqdim edir:  Dördpendirli pizza

Pirəbədilə gedən yol boyunca uzanan təbiət mənzərələri kəndin sakitliyini və özünəməxsus gözəlliyi ilə zövqümüzü oxşayır. Kəndin yaddaşında xüsusi yer tutan tarixi mülk isə bu mənzərənin içində keçmişdən qalan bir səhifə kimi dayanıb. Bişmiş kərpicdən tikilən bina 1862-ci ildə inşa edilib. İki mərtəbədən, 14 otaqdan və üç balkondan ibarət olan mülk öz dövrünün memarlıq xüsusiyyətlərini bu günədək qoruyub saxlayıb.

Binanın həyətinə daxil olan kimi ziyarətçilərin diqqətini Qəzənfər Musabəyovun heykəli çəkir. Bu heykəl və onun sağında ucalan tarixi bina məkanın hansı yaddaşı özündə yaşatdığını ilk baxışdan danışmağa başlayır. Mülkün qarşı tərəfində yerləşən Pirəbədil kənd orta məktəbi də bu tarixin bir parçasıdır. Məlumata görə, məktəb binası da Musabəyovlar ailəsi tərəfindən inşa etdirilib. Beləcə, ailənin adı yalnız yaşadıqları evlə deyil, kəndin təhsil tarixində qoyduğu izlə də bağlıdır.

Tarixi mülk Mahmudağa Əfəndiyevin sifarişi ilə tikilib. O, Azərbaycanın ictimai-siyasi həyatında tanınan Qəzənfər Musabəyov və Ayna Sultanovanın atası olub.

Bir evdə üç xanım, çoxsaylı uşaqlar və böyük bir ailə…

Mülkün tarixini maraqlı edən məqamlardan biri də burada vaxtilə yaşanan ailə həyatıdır. Muzey əməkdaşının danışdığına görə, Mahmudağa bəyin üç xanımı olub və hər xanımın dörd-beş övladı dünyaya gəlib. Xanımların və uşaqların hamısı eyni evdə yaşayıb və onların arasında heç bir mübahisə olmayıb.

Muzeyin bələdçisi Pərvanə Mirzəyevanın sözlərinə görə, həmin dövrdə belə ailə quruluşunun səbəblərindən biri müsəlmanların sayının artırılması düşüncəsi ilə əlaqələndirilirdi. Bu məlumat mülkün tarixini yalnız memarlıq və məişət baxımından deyil, o dövrün dünyagörüşü və ailə ənənələri kontekstində də maraqlı edir. Hətta P.Mirzəyeva da həmin nəslin nümayəndələrindən biridir. Dediyinə görə, anası ilə Ayna Sultanova əmiqızı olublar. 

Təsəvvür etmək çətin deyil ki, 14 otaqlı bu evin dəhlizlərində uşaqların səsi, otaqlarında ailə söhbətləri, eyvanlarında gündəlik həyatın qayğıları yaşanıb. Bu gün isə həmin həyatın izlərini yalnız otaqlar, qorunan əşyalar və muzey əməkdaşlarının danışdığı xatirələr yaşadır.

Ailədə uşaqların təhsilinə və tərbiyəsinə də böyük əhəmiyyət verildiyi bildirilir. Onlar xarici dilləri öyrənir, dövrün təhsil imkanlarından yararlanırdılar. Bununla belə, ailənin övladlarının Bakıda rus-tatar gimnaziyasında təhsil almaq istəyi ilə bağlı çətinliklərlə üzləşdiyi də qeyd olunur. Həmin dövrdə təhsil müəssisələrinə qəbul zamanı sosial mənşə mühüm rol oynayırdı. Əfəndiyevlər isə bəy nəslindən olmadığı üçün Qəzənfər və digər bacı qardaşları analarının soyadını qəbul edərək öz təhsil arzularını reallaşdıra biliblər. Beləcə həmin ailə Musabəyovlar kimi tanınmağa başlayıb.

Ailənin övladlarından Qəzənfər Musabəyov sonralar sovet hakimiyyəti illərində yüksək vəzifələr tutub. Lakin onun həyat yolu faciə ilə nəticələnib. 1938-ci ildə repressiyaya məruz qalan Qəzənfər Musabəyov güllələnib. Beləliklə, bir vaxtlar nüfuzlu sayılan ailənin tarixində də dövrün siyasi təqibləri silinməz iz buraxıb.

Divarlarında sənət, yaddaşında faciə yaşayan mülk…

Mülkün diqqətçəkən xüsusiyyətlərindən biri də interyerindəki bədii detallardır. Məlumata görə, binanın baş otağının divar və tavanlarına 1903-cü ildə yağlı boya ilə rəsmlər çəkilib. Bu rəsmlər evin sadəcə yaşayış məkanı olmadığını, həm də öz dövrünün estetik zövqünü və sənət anlayışını əks etdirdiyini göstərir.

Muzeydə nümayiş etdirilən əsərlər arasında klassik ədəbiyyatla əlaqəli nümunələr də var. Onlardan biri Firdovsinin “Şahnamə” əsərindəki Rüstəm və Söhrabın faciəvi qarşılaşmasını xatırladır.

Əsərdə ata Rüstəm döyüşdüyü gəncin öz oğlu Söhrab olduğunu bilmir. Həqiqət üzə çıxanda isə artıq faciənin qarşısını almaq mümkün olmur. Bu səhnə insan taleyinin, gecikmiş həqiqətin və ata-oğul münasibətinin ağrılı tərəflərini əks etdirir.

Belə bir süjetin muzeydə xatırladılması tarixi mülkün yalnız yerli ailənin keçmişi ilə məhdudlaşmadığını göstərir. Burada klassik ədəbiyyatın və təsviri sənətin izləri də qorunur. Divarlara çəkilmiş rəsmlər isə illər keçsə də, binanın keçmişdəki görünüşü haqqında təsəvvür yaradır.

Neft çıraqları, qədim əşyalar və Pirəbədilin xalça ənənəsi…

Pirəbədil Tarix Muzeyinin qapıları arxasında yalnız tanınmış şəxslərin həyatına aid materiallar deyil, kəndin gündəlik yaşamını əks etdirən çoxsaylı eksponatlar da qorunur.

Burada nümayiş etdirilən neft çıraqları elektrik işığının olmadığı dövrlərin məişətini xatırladır. Vaxtilə evləri işıqlandırmaq üçün istifadə olunan bu əşyalar insanların gündəlik ehtiyaclarını hansı vasitələrlə qarşıladığını göstərir. İndi adi görünən işıq mənbələrinin olmadığı bir dövrdə belə çıraqlar ev həyatının ayrılmaz hissəsi olub.

Məişət əşyaları arasında insanların yaşayış tərzini, məşğuliyyətlərini və gündəlik qayğılarını əks etdirən nümunələr də var. Hər bir əşya keçmişin həyat şəraitinə açılan kiçik bir pəncərədir.

Muzeydə Pirəbədilin xalçaçılıq ənənələrinə də xüsusi yer ayrılıb. Pirəbədil çeşnisi Quba xalçaçılıq məktəbinin tanınmış nümunələrindən hesab olunur. Özünəməxsus kompozisiyası və naxışları ilə seçilən bu xalçalar adını Şabran rayonunun Pirəbədil kəndindən alır. Belə eksponatlar bölgənin sənətkarlıq ənənələrinin qorunması baxımından əhəmiyyətlidir. 

Ev-muzeyindən Pirəbədilin tarixini yaşadan məkana…

Mülkün muzeyə çevrilməsi də özlüyündə maraqlı tarixə malikdir. 1968-ci ildə Qəzənfər Musabəyovun 80 illik yubileyi münasibətilə binanın iki otağında onun ev-muzeyi açılıb. 1988-ci ildə isə əsaslı təmir işləri aparılıb və tikili bütövlükdə muzeyin istifadəsinə verilib.

İlk vaxtlar əsasən Qəzənfər Musabəyovun həyatına və fəaliyyətinə həsr olunan muzey sonralar daha geniş məzmun qazanıb. 2013-cü ildə adı dəyişdirilərək Pirəbədil Tarix Muzeyi olub. Bununla da ekspozisiyanın istiqaməti genişlənib, kəndin tarixi, mədəniyyəti, təhsili və məişəti ilə bağlı materialların toplanmasına daha çox diqqət ayrılıb.

Muzeyin fonduna dair təqdim olunan məlumatlarda burada təxminən 2500 eksponatın qorunduğu, onların 700-dən çoxunun ziyarətçilərə nümayiş etdirildiyi bildirilir.

Muzey əməkdaşlarının işi yalnız eksponatları nümayiş etdirməklə bitmir. Tarixi əşyaların qorunması, binanın saxlanılması və gələcək nəsillərə çatdırılması da onların üzərinə düşən məsuliyyətin bir hissəsidir.

Tarixi mülkün özü də qorunmağa möhtacdır…

Bu gün Pirəbədil Tarix Muzeyində qorunan ən böyük sərvət yalnız eksponatlar deyil. Onların yerləşdiyi 160 ildən çox yaşı olan binanın özü də tarixi irsin ayrılmaz hissəsidir. Təəssüf ki, mülk hazırda qəzalı vəziyyətdədir.

Binanın balkonları və tavanı çökmə təhlükəsi ilə üz-üzədir. Bu vəziyyət yalnız tikilinin memarlıq xüsusiyyətlərinin itirilməsi riskini deyil, burada qorunan tarixi yaddaşın gələcəyi ilə bağlı narahatlığı da artırır. Çünki binanın hər otağı, hər divarı və hər bədii detalı öz dövründə yaşananlardan xəbər verir.

Belə məkanların yaşaması üçün mühafizə, bərpa və davamlı qayğı da vacibdir. Əks halda, vaxtı ilə böyük bir ailənin yaşadığı, sonradan muzeyə çevrilərək kəndin tarixini yaşadan mülkün özü zamanın qarşısında aciz qala bilər.

Pirəbədildəki bu evin divarları üç xanımın və çoxsaylı uşaqların yaşadığı ailə həyatına, Qəzənfər Musabəyovun, ayna Sultanovanın taleyinə, qədim sənət nümunələrinə və kəndin gündəlik məişətinə şahidlik edib. Bu gün isə həmin tarix qorunmaq üçün kömək gözləyir. Mülkün divarlarında keçmişin izləri hələ də yaşayır, amma onları gələcəyə çatdırmaq üçün fürsətimizin olacağı məlum deyil. Tavanlara döşənən sellofanların binanı yağış suyundan nə dərəcədə qoruya biləcəyini isə bilmirəm…

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью