Məşhur aktrisa ölümündən sonra ağaca çevrilmək istəyir

26.11.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hollivudun əfsanəvi aktrisası, 93 yaşlı Kim Novak ölümündən sonra bədəni ilə bağlı qeyri-adi qərar verib.

Lent.az xəbər verir ki, aktrisa ənənəvi dəfn və kremasiyadan imtina edərək, ölümündən sonra cəsədinin bitkilərin yetişdirilməsi üçün münbit torpağa çevrilməsini istəyir.

Novak bu barədə “People” jurnalına müsahibəsində danışıb. O, qərarının təbiətə olan sevgisi və ekoloji düşüncələri ilə bağlı olduğunu bildirib. Aktrisa ABŞ-nin Vaşinqton ştatında insan qalıqlarının təbii üzvi parçalanma yolu ilə münbit torpağa çevrildiyi xüsusi bir müəssisə tapıb.

“Artıq elə bir yaşdayam ki, hər an dünyadan köçə bilərəm. Ancaq ölümümdən sonra mənimlə nə baş verəcəyini özüm müəyyən etmək istəyirəm. Ölmək istəmirəm, böyüməyə davam etmək istəyirəm”, - Novak bildirib.

Aktrisa bir neçə il əvvəl bu istəyini vəsiyyətnaməsinə də daxil edib. O, ölümündən sonra bədənindən əldə ediləcək torpağın xüsusi qablarda yaxınlarına paylanmasını planlaşdırır.

Novak ümid edir ki, ailə üzvləri və dostları həmin torpaqdan istifadə edərək onun xatirəsinə ağac və ya müxtəlif bitkilər əkəcəklər.

“İstəyirəm ki, yaxınlarım mənim xatirəmə ağac əksinlər. Əgər belə imkanları olmasa, onların evində hansısa bitki şəklində yaşaya bilərəm. Sadəcə torpağa çevrilmək deyil, yeni bir həyatın yaranmasına səbəb olmaq istəyirəm”, - aktrisa qeyd edib.

Kim Novak bu qərarı ilə digər insanları da alternativ dəfn üsulları barədə düşünməyə təşviq etmək istədiyini bildirib.

Qeyd edək ki, Kim Novak 1950-ci illərdə Hollivudun ən məşhur simalarından birinə çevrilib. O, dünya şöhrətini Alfred Hiçkokun 1958-ci ildə ekranlara çıxan “Başgicəllənmə” filmi ilə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью