Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hollivud layihələrində rol alan keçmiş peşəkar beysbolçu və aktyor Lens Brodveydən kədərli xəbər gəlib. "Olympus Has Fallen", "Agents of S.H.I.E.L.D." və "Lucifer" kimi layihələrdə ekranlara çıxan Brodvey ABŞ-ın Texas ştatındakı bir mənzil binasının pilləkəndə ölü tapılıb. 43 yaşlı aktyorun gözlənilməz ölümü ilə bağlı araşdırma başlanıb.
Dallas Tibbi Ekspertiza İdarəsinin məlumatına görə, Brodveyin ölüm səbəbi hələ müəyyən edilməyib. Meyit müayinəsindən sonra qəti nəticə gözlənilir.
Məşhur aktyorun son İnstaqram paylaşımının 7 noyabrda olduğu məlum olub. Paylaşımda Brodvey qardaşı oğlunun futbol oynadığı şəkilləri paylaşıb. Aktyorun bu paylaşımdan 10 gün sonra öldüyü məlum olub.
1983-cü ildə Texasda anadan olan Lens Brodvey karyerasına peşəkar beysbolçu kimi başlayıb. Çikaqo Uayt Soks və Nyu-York Mets komandalarında oynamış Brodvey idman karyerasından sonra aktyorluğa üz tutub.
2013-cü ildə Brodvey Cerard Batler və Morqan Frimanın rol aldığı "Olimp Yıxıldı" filmində Məxfi Xidmət agenti rolunu oynayıb. Daha sonra o, Marvel-in "S.H.I.E.L.D. agentləri", "Lüsifer" və "Koloniya" kimi seriallarında rol alıb.
Brodveyin ölümü ilə bağlı məhkəmə-tibbi araşdırması davam etsə də, səlahiyyətlilər hələlik ölümün dəqiq səbəbini açıqlamayıblar.
Əziz MUSTAFA