Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) məşhur arıqlama və diabet dərmanlarının istehsalçılarına məhsullarda görmə sinirinin nadir zədələnməsi riski ilə bağlı yeni xəbərdarlıq əlavə etməyi tapşırıb.
Bizim.Media xəbər verir ki, tələb GLP-1 qrupuna daxil olan, o cümlədən “Ozempic”, “Wegovy” və “Mounjaro” preparatlarına aiddir.
FDA bildirir ki, sözügedən fəsad geri dönməz korluğa səbəb ola bilər. Buna görə də xəstələr dərmanların mümkün riskləri barədə məlumatlandırılmalıdır.
Agentliyin məlumatına görə, qərar 126 klinik sınağın təhlilindən sonra qəbul edilib. Araşdırmalar zamanı bu preparatlardan istifadə edən hər 100 min nəfərdən 6,4-də görmə problemləri qeydə alınıb. Müqayisə üçün, nəzarət qruplarında bu göstərici 3,8 olub.
Bununla belə, mütəxəssislər belə fəsadın yaranma ehtimalının aşağı olduğunu vurğulayırlar.
FDA müalicə zamanı görməsində qəfil pisləşmə hiss edən xəstələri dərhal həkimə müraciət etməyə çağırıb. “Ozempic” və “Wegovy” preparatlarının istehsalçısı “Novo Nordisk” şirkəti isə bildirib ki, mövcud elmi araşdırmalar bu dərmanların istifadəsi ilə ciddi görmə zədələnmələri arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir.
Şirkət məhsullarının təhlükəsizliyini izləməyə və mümkün əlavə təsirlərlə bağlı məlumatları araşdırmağa davam etdiyini açıqlayıb.
Bizim.Media