Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu sözləri televiziya aparıcısı, əməkdar artist Nailə İslamzadə deyib.
O, daha sonra bildirib:
"Bu yüksək dövlət təltifi mənim üçün yalnız uzun illər ərzində gördüyüm əməyə verilən qiymət deyil, həm də böyük etimadın, diqqətin və məsuliyyətin ifadəsidir. Bu ordeni daşımaq mənim üçün böyük şərəf olmaqla yanaşı, gələcək fəaliyyətimdə daha böyük həvəslə, məsuliyyətlə və fədakarlıqla çalışmağa ruhlandıran mənəvi bir stimul, eyni zamanda, üzərimə qoyulan mühüm vəzifədir.
Bu təltifin Zəfər Bayramının ərəfəsində, Müzəffər Ali Baş Komandan kimi, Sizin tərəfinizdən verilməsi onun mənəvi dəyərini mənim üçün daha da artırır. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış möhtəşəm Zəfərin yaratdığı qürur, milli birlik və dövlətçilik ruhu içərisində belə bir yüksək mükafata layiq görülmək həyatımın unudulmaz hadisələrindən biridir.
Sizin rəhbərliyinizlə Azərbaycanın qazandığı tarixi nailiyyətlər, dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsi, milli maraqlarımızın qətiyyətlə qorunması və ölkəmizin hərtərəfli inkişafı, hər bir azərbaycanlı kimi, mənə də böyük qürur verir. Xüsusilə, milli medianın inkişafına, söz və informasiya məkanının güclənməsinə göstərdiyiniz diqqət və qayğı jurnalistlər, radio və televiziya əməkdaşları üçün mühüm dəstəkdir.
İnanıram ki, Azərbaycan mediası bundan sonra da dövlətçilik maraqlarımızın, milli-mənəvi dəyərlərimizin, tarixi həqiqətlərimizin və xalqımızın haqq səsinin dünyaya çatdırılmasında öz missiyasını layiqincə davam etdirəcək.
Hörmətli cənab Prezident!
Mənə göstərdiyiniz bu yüksək etimada görə bir daha Sizə təşəkkür edir, dövlətimizin və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali fəaliyyətinizdə Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, tükənməz güc və yeni-yeni uğurlar arzulayıram.
Azərbaycan dövlətinə, xalqımıza və dövlətçiliyimizə xidmət etmək mənim üçün hər zaman böyük şərəf və məsuliyyət olub. Bundan sonra da bu etimada layiq olmaq üçün var gücümlə çalışacağam".
Həmidə İbrahimova