Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransanın “Lill” klubunun prezidenti Olivye Letanq hakimləri tənqid etdiyinə görə 6 ay müddətinə futboldan kənarlaşdırılıb.
QOL.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb.
Cəza funksionerin Liqa 1-in 2-ci turunda PSJ ilə keçirilən oyundan (2:2) sonra hakimlərin ünvanına səsləndirdiyi tənqidlərə görə verilib.
Həmin görüşdə PSJ əlavə olunmuş vaxtda hesabı bərabərləşdirib. Letanq isə hakimin əlavə vaxtı uzatmasına etiraz edərək stadionun dəhlizində “Bu, biabırçılıqdır, həmişə belə olur” deyə qışqırıb.
Bununla da kifayətlənməyib. O, Fransa Futbol Federasiyasının və Peşəkar Futbol Liqasının rəhbərliyinə, eləcə də hakimlər departamentinin rəhbəri Antoni Qotyeeyə elektron məktublar göndərib. Məktublarında həmin oyunun hakimi Erik Vattelyenin təyinatını tənqid edib və “Artıq bu şəxsin oyunlarımızı idarə etməsini qəbul edə bilmərik” yazıb. Hətta Vattelye yenidən “Lill”in oyununa təyin olunarsa, klubun meydana çıxmamaq ehtimalını da dilə gətirib.
Sentyabrın 16-da Peşəkar Futbol Liqasının (LFP) intizam komissiyası Letanqı 20 min avro cərimələməklə kifayətlənib. Lakin Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi bu cəzanı çox yüngül hesab edərək qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayətinə baxıldıqdan sonra Letanqın 6 ay müddətinə rəsmi futbol fəaliyyətindən kənarlaşdırılmasına qərar verilib. Bu müddətin 2 ayı şərti xarakter daşıyır. Ona tətbiq edilən 20 min avroluq cərimə isə qüvvədə saxlanılıb.