Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fotosintezin dördfazalı mexanizmini kəşf edən alim Pyer Jolio vəfat edib
Nobel mükafatçılarının oğlu və nəvəsi olan fransız biofizik Pyer Jolio (Pierre Joliot) öz elmi şöhrətini məşhur nəslinin adı hesabına deyil, şəxsi zəhməti və tədqiqatları ilə qazanmağa üstünlük verib. O, bunun üçün hətta ailəsinin tanınmış soyadının ikinci hissəsindən – Jolio-Küri adından imtina edib və tədqiqat istiqamətini nüvə kimyasından biofizikaya dəyişib.
Təxminən 60 il əvvəl apardığı zərif, lakin elmi baxımdan son dərəcə əhəmiyyətli təcrübə Pyer Jolioya dünya elmi ictimaiyyətində böyük şöhrət qazandırdı. O, yosunlardan və qısa işıq impulslarından istifadə etməklə fotosintez zamanı oksigenin ayrılmasının dörd mərhələli dövr üzrə baş verdiyini nümayiş etdirdi. Təcrübə göstərdi ki, oksigenin yaranması üçün fotosintetik sistemdə ardıcıl olaraq dörd işıq kvantının udulması və dörd elektronun daşınması tələb olunur.
Təcrübənin mahiyyəti olduqca maraqlı idi. Alimlər əvvəlcə yosunları qaranlıq şəraitdə saxlayır, daha sonra onları qısa işıq impulsları ilə işıqlandırırdılar. Müşahidələr zamanı oksigenin ilk dəfə üçüncü işıq impulsundan sonra ayrıldığı müəyyən edildi. Sonrakı oksigen ayrılması isə 7-ci, 11-ci və digər impulslardan sonra baş verirdi. Beləliklə, hər dörd işıq impulsundan bir oksigen ayrılması təkrarlanırdı.
Bu nəticə fotosintezin mürəkkəb molekulyar mexanizminin öyrənilməsində mühüm mərhələ oldu. Həmin dövrdə alimləri oksigenin yaranmasının bütün biokimyəvi təfərrüatlarını açmaqdan hələ çox şey ayırırdı. Lakin Jolio və həmkarlarının təcrübəsi bu istiqamətdə mühüm elmi başlanğıc yaratdı.
Pyer Jolio həm də məşhur elmi nəslin nümayəndəsi idi. Onun nənəsi Mariya Sklodovska-Küri iki dəfə Nobel mükafatına layiq görülmüş, babası Pyer Küri isə fizika üzrə Nobel mükafatı almışdı. Valideynləri İren Jolio-Küri və Frederik Jolio-Küri də kimya üzrə Nobel mükafatının laureatları idilər.
Maraqlı bir şəxsi məqam da var. Mariya Sklodovska-Kürinin Varşavada yaşadığı bina mənim ailə tariximlə də dolayı şəkildə bağlıdır. Ailəmin Varşava qoluna mənsub olan Qonikberqlər vaxtilə məhz həmin binada yaşayıblar.
Varşava üsyanı zamanı bina nasistlər tərəfindən tamamilə dağıdılıb. Sonradan isə Mariya Sklodovska-Kürinin xatirəsini yaşatmaq məqsədilə bərpa olunaraq muzeyə çevrilib. Ailəmin yaşadığı mənzil muzeyin hazırda ofisinin yerləşdiyi mərtəbədə olub.
Varşavaya səfərim zamanı bu barədə danışanda mənə həmin mənzili görmək imkanı yaratdılar. Hətta muzeyin əməkdaşları xidməti pilləkənlə qalxaraq vaxtilə ailəmin yaşadığı otaqları görməyimə şərait yaratdılar.
Beləcə, dünya elminin iki məşhur nümayəndəsinin – Mariya Sklodovska-Kürinin və onun nəvəsi Pyer Jolionun adı mənim üçün yalnız elmi tarixlə deyil, həm də ailəmin Varşavadakı keçmişi ilə bağlıdır.
Müəllif: Dmitri Pruss
Natiq Səlim,
KONKRET.az