Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Fransanın məşhur lüks moda brendi “Louis Vuitton” Çində fəaliyyət göstərən məşhur çay şəbəkəsi “Molly Tea”yə qarşı qaldırdığı loqo mübahisəsində qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, Çin məhkəməsi şirkətin “Louis Vuitton”un məşhur “dörd ləçəkli çiçək” monoqramını təqlid edərək, əqli mülkiyyət hüquqlarını pozduğuna qərar verib.
Çinin Sucou Orta Xalq Məhkəməsinin qərarına əsasən, Şençjendə yerləşən “Molly Tea” şirkəti və onun bütün françayzinq filiallarına mübahisəli loqodan istifadə qadağan olunub.
Məhkəmə şirkəti 10 milyon yuan təzminat və 300 min yuan məhkəmə xərcləri olmaqla ümumilikdə 10,3 milyon yuan (təxminən 1,5 milyon ABŞ dolları) ödəməyə məhkum edib.
Qərara əsasən, “Molly Tea” həmçinin “Weibo”, “WeChat”, “RedNote” (Xiaohongshu), “Douyin” də daxil olmaqla, altı böyük sosial media platformasında və rəsmi internet saytında “Louis Vuitton”dan ictimai şəkildə üzr istəməlidir.
Məhkəmə qeyd edib ki, şirkət “Louis Vuitton”un qeydiyyatdan keçmiş “dörd ləçəkli çiçək” monoqramına bənzər loqodan qanunsuz istifadə edib. Bildirilir ki, “Molly Tea”nin çiçək motivli əmtəə nişanını qeydiyyatdan keçirmək üçün əvvəlki müraciətləri də Çin Milli Əqli Mülkiyyət Administrasiyası tərəfindən rədd edilmiş, yalnız “Molly Tea” adı qeydiyyata alınmışdı.
Qərar Çində müzakirələrə səbəb olub. “Weibo” sosial şəbəkəsində hadisə ilə bağlı paylaşımlar yüz milyonlarla baxış toplayıb. Bir çox istifadəçi yerli brendə dəstək verərək, “Louis Vuitton”un istifadə etdiyi həndəsi naxışların qədim Çin memarlığı və tekstil sənətində əsrlərdir mövcud olduğunu iddia edib.
“Louis Vuitton” isə qərarla növbəti dəfə əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində mövqeyini möhkəmləndirib.