Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin məşhur müğənnisi Yusuf Güney narkotik və psixotrop maddələrin istifadəsini təşviq etməkdə ittiham olunduğu cinayət işi üzrə hakim qarşısına çıxıb.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Məhkəməsində keçirilən prosesdə müğənni özünü müdafiə edərək cinayət törətmək niyyətinin olmadığını bildirib.
“Peruda tanış olduğum bir bitkidən danışmağım başımı bəlaya saldı. Mənə qarşı irəli sürülən ittihamlarda göstərilən cinayətləri törətmək niyyətim olmayıb”, – sənətçi bildirib.
Yusuf Güneyin vəkili Feyza Kayadibi isə müvəkkilinin sözügedən bitkini qədim dövrlərdən istifadə edilən dərman vasitəsi kimi tanıdığını qeyd edib. Vəkilin sözlərinə görə, müğənninin həmin maddənin qadağan olunduğunu bilməsi mümkün olmayıb və onun narkotik istifadəsini təşviq etmək niyyəti olmayıb. Müdafiə tərəfi Yusuf Güney barəsində bəraət hökmü çıxarılmasını və tətbiq olunan məhkəmə nəzarəti tədbirinin ləğv edilməsini istəyib.
Məhkəmə isə müğənni barəsində məhkəmə nəzarəti tədbirinin qüvvədə saxlanılmasına qərar verib. İş yekun rəyin hazırlanması üçün prokurorluğa göndərilib. Sənətçinin 10 ilədək azadlıqdan məhrum edilməsi tələb olunub.
Qeyd edək ki, Yusuf Güney rəqəmsal platformalardan birində yayımlanan verilişdə ayahuasca çayı haqqında danışdıqdan sonra barəsində araşdırma başlanılıb. Aparılan yoxlamalar zamanı həmin içkinin tərkibindəki DMT maddəsinin Türkiyədə 2313 saylı qanuna əsasən qadağan olunmuş maddələr sırasında yer aldığı müəyyən edilib.