Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
İtaliyanın qəhvə istehsalçısı Bialetti şirkətinin bəzi üyüdülmüş qəhvə məhsullarında insan sağlamlığı üçün potensial təhlükə yaradan oxratoksin A maddəsinin normadan artıq miqdarı aşkarlanıb.
Banco.az xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində şirkətin müəyyən məhsul partiyalarının İtaliya, Polşa və İrlandiyada satışdan geri çağırılması qərara alınıb.
İrlandiya Qida Təhlükəsizliyi Təşkilatının (FSAI) noyabrın 23-də yaydığı yenilənmiş bildirişə əsasən, geri çağırma siyahısına əlavə məhsullar da daxil edilib.
Aşkarlanan toksin sağlamlıq üçün risk yarada bilər
Oxratoksin A bəzi kif göbələkləri tərəfindən istehsal olunan toksindir. Bu maddə əsasən kənd təsərrüfatı məhsullarının yığılmasından sonra düzgün saxlanılmaması nəticəsində yarana bilər və qəhvə də daxil olmaqla müxtəlif ərzaq məhsullarında aşkarlana bilər.
Mütəxəssislər bildirirlər ki, bu maddəyə uzun müddət və müntəzəm məruz qalmaq sağlamlıq problemlərinə, xüsusilə böyrəklərin zədələnməsinə səbəb ola bilər.
İstehlakçılara aldıqları məhsulların qablaşdırmasındakı partiya nömrələrini yoxlamaq və geri çağırılan qəhvələrdən istifadə etməmək tövsiyə olunur.
Şirkət bildirib ki, həmin məhsulların geri qaytarılması zamanı alış qəbzinin təqdim edilməsi tələb olunmur. İstehlakçılara məhsulun dəyəri geri ödəniləcək.