Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
44 Günlük Vətən Müharibəsinin şəhidi Yüksəl Əlizadənin qardaşı Əli Əlizadə hakim vəzifəsini tutmaq üçün bütün mərhələləri uğurla keçib.
Gununsesi.info-nun xəbərinə görə, bu barədə Hakimlərin Seçki Komitəsinin növbəti iclasında məlum olub.
İclasda qeyd olunub ki, test və yazılı imtahanlardan müvəffəqiyyətlə keçmiş hakimliyə namizədlərlə Hakimlərin Seçki Komitəsi tərəfindən müsahibələr keçirilib.
Həmçinin hakim vəzifəsində çalışmaq üçün zəruri keyfiyyətlərə malik olmaları Komitə tərəfindən qiymətləndirilən namizədlərdən 40 nəfər müsahibədə müvəffəqiyyət qazanıb. Onların hakim vəzifəsinə uyğunluğu, o cümlədən ixtisaslaşmaları barədə rəylər Məhkəmə-Hüquq Şurasına təqdim olunub.
Qanunvericiliyə uyğun olaraq, 2026-cı il sentyabrın 29-da Məhkəmə-Hüquq Şurası tərəfindən hakimliyə namizədlərlə söhbət keçiriləcək və onların ixtisaslaşması müəyyən ediləcək.
Qeyd edək ki, Əli Əlizadə hakim vəzifəsinə qədər daxili işlər orqanlarında müxtəlif vəzifələr tutub.
Onun mərhum qardaşı Yüksəl Əlizadə isə Gəncə Şəhər Prokurorluğunun əməkdaşı olsa da, 44 Günlük Vətən Müharibəsinə könüllü yollanıb.
Zülfiyyə Telmanqızı
Gununsesi.info