“Məşhur sima seçimi reklamın uğuruna zəmanət vermir” Marketinq mütəxəssisi

18.11.2026

Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az

Şirkətlər məhsul və xidmətlərini tanıtmaq üçün tez-tez tanınmış şəxslərlə əməkdaşlıq edirlər. Aktyorlar, idmançılar, müğənnilər və sosial media fenomenləri reklam kampaniyalarının əsas simasına çevrilirlər. Lakin tanınmış şəxsin seçilməsi heç də hər zaman reklamın uğurlu olacağı demək deyil. Burada əsas məsələ həmin şəxsin tanınma səviyyəsi ilə yanaşı, reklam etdiyi məhsul və ya brendə nə dərəcədə uyğun olmasıdır. Bəs şirkətlər reklam siması seçərkən hansı məqamlara diqqət yetirməlidir? Tanınmış şəxsin məhsulla əlaqəsinin olmaması istehlakçıların brendə münasibətinə necə təsir edə bilər?

“1/4 Agency”nin (influenser marketinq agentliyinin) həmtəsisçisi, marketinq və kommersiya üzrə baş direktor Le Hashim Banco.az-a bildirir ki, reklamda tanınmış şəxsin sima olaraq seçilməsi heç də hər zaman reklamın uğurlu olacağı demək deyil.

“Dəqiq olan şey var ki, tanınmış şəxs reklamda diqqət yarada bilər. Ancaq bu diqqətin satışa və brendlə bağlı etibara nə qədər müsbət təsir etməsi başqa mövzudur. Yəni, tanınan sima və onunla gələcək diqqət uğura, bizim əldə etmək istədiyimiz nəticəyə birbaşa zəmanət vermir. Hətta, bəzi hallarda məşhur şəxsin kampaniyaya cəlb edilməsi əlavə risk belə yarada bilər. Çünki tanınan simalarla olan reklam çarxlarında, kommunikasiyada istehlakçı reklamı yalnız məhsul haqqında informasiya kimi qəbul etmir, reklam simasının kimliyini, həyat tərzini, dəyərlərini və məhsulla olan münasibətini, dürüstlüyünü də qiymətləndirə bilir.

Elə buna görə də brendlər məhsul və ya xidmətin kommunikasiyasını tanınan şəxslər, məşhurlar və ya influenserlərlə edərkən mütləq bəzi suallara cavab verməli, yaxşı araşdırma etməlidir. Xüsusi ilə seçim meyarı sadəcə “bu adamı sevirəm, mənim brendimi, məhsulu o reklam etsin” yanaşması olmamalıdır”.

O deyir ki, ən azından seçimdən öncə bu 5 istiqamətə diqqət etmək, suallara cavab vermək lazımdır:

“Tanınmış şəxsin brendlə uyğunluğu

– Brendin dəyərləri ilə məhsulu reklam edən şəxsin dəyərləri kəsişirmi?

Auditoriyanın ona münasibəti və etibarı

– O şəxsin izləyicisi sizin müştəriniz ola bilərmi?

Şəxsin reputasiyası və davranış tarixçəsi

– Bu şəxslə assosasiya olmaq sizə nə qazandıracaq?

Reklamın məqsədi və ölçülə bilən nəticələri

– Bir şəxs dəyər qata, başqası tanınırlığı artıra, digəri satış verə bilər, əsas sual budur – biz bu əməkdaşlıqla, reklamla nə əldə etmək istəyirik, məqsədimiz nədir?

Uzunmüddətli brend kapitalına təsiri

– Bir neçə ay və il sonra bu əməkdaşlığın brendə nə qatmasını gözləyirik?

Qlobalda uğurlu reklam siması seçimi ilə bağlı çox gözəl nümunələr var. Bir neçə nümunəni sizinlə bölüşüm, sonra onların niyə bizə təsir etdiyinə, uğurlu adlandırma səbəbimizə baxaq.

Cristiano Ronaldo və Nike

Tanınan şəxslə brendin adını eyni cümlədə görəndə ilk ağlımıza nə gəlir? Onları ayrı-ayrı dəyərləndirdə ağlımıza gələn fikirlərlə nə qədər kəsişir? Gəlin birlikdə baxaq.

Ronalda deyəndə ağlımıza bir çox halda, idman, performans, intizam, rəqabət, birincilik gəlir.

Nike deyəndə də ağlımıza məhsuldan çox idman, performans, hərəkətə keçmək, rəqabət, birincilik, “just do it” sloqanı gəlir.

Buradan görürük ki, sima ilə brend arasında təbii əlaqə var. Ronaldonun siması, şəxsi brendinqi brendin, Nike-nin vədini gücləndirir.

İkinci nümunəni də hər kəsin tanıdığı şəxs və brend üzərindən deyim ki, fikrim daha aydın olsun.

David Beckham və Adidas

David Beckham deyəndə ağlımıza idman, stil, zövq, intizam, özünə qulluq, rahatlıq, moda və müasir kişi obrazı gəlir.

Adidas deyəndə isə idman, performans, üç zolaq, küçə modası, rahatlıq, idmanla gündəlik həyatın, modanın birləşməsi gəlir ağlımıza.

David Beckhamın həyat tərzi, dəyərləri, ictimai davranışı və auditoriyada yaratdığı hiss brendin dəyərləri və yaratmaq istədiyi fikirlə üst-üstə düşür.

Ancaq sizə deyim ki, həm Ronaldonun, həm də Beckhamın karyerasında marketinq tərəfdən uğursuz deyə biləcəyimiz, effekt verməyən sima əməkdaşlıqları da olub. Yəni, burada kampaniyanın uğurlu olmasına bir nömrəli səbəb sadəcə sima və influenserdir kimi düşünülsə də əslində belə deyil. Uğurlu olmasındakı əsas məsələ, doğru kampaniya, öncədən təyin edilən məqsəd və həmin məqsədə, brendin dəyərlərinə, auditoriyasına uyğun seçilən simadır. Sima və influenser önəmlidir, ancaq doğru seçim ondan daha önəmlidir. Əks halda, Ronaldo və Beckham istənilən brendi, məhsulu, xidməti reklam etsə uğurlu olardı, ancaq əksini göstərən nəticələr də mövcuddur”.

Marketoloq deyir ki, Azərbaycanda son illər ən çox eşitdiyimiz fikirlərdən biri rəhbərin və ya marketinq departamentindəki şəxsin “biz X şəxslə əməkdaşlıq etdik, ancaq nəticə almadıq” cümləsi olur: “Məqsədi öncədən təyin edilmədən qurulan əməkdaşlıq səbəb olur ki, bura ayrılan maddi və mənəvi resurs, şəxsin etibarı və təəssüf ki, bu işin effektivliyi şübhə altına düşsün. Halbuki, doğru influenser marketinq agentliyi və peşəkar marketoloqlarla, xüsusi ilə bu mövzuda ixtisaslaşan şəxslərlə əməkdaşlıq edilərsə, sima və influenserlər əməkdaşlıqları brendlər üçün kifayət qədər yaxşı effekt verə bilər. Bu mövzuda danışılacaq çox şey, diqqət ediləcək çox nüans var. Hamısından öncə kampaniyanın məqsədini təyin etmək və daha sonra sima seçərkən şəxsin kim olduğuna, nəyi təmsil etdiyinə, auditoriyanın gözündə hansı mənanı daşıdığına, onu sevən və sözünə etibar edən insanların kimlər olduğuna diqqət etmək vacibdir. Çünki sadəcə tanınmaq yox, necə və kimlər tərəfindən tanınmaq da əhəmiyyətlidir. Və unutmayaq ki, doğru seçim brend üçün yaxşı nəticə verəcəyi kimi yanlış seçim də şirkətin zərərinə nəticə verə bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью