Məşhur video oyun filmə çevriləcək

17.12.2025

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Netflix” platforması yaxın vaxtlarda çəkilişi planlaşdırılan, lakin hələ istehsal mərhələsinə keçməyən məşhur “Kingmakers” (“Kralı seçənlər”) video oyununun ekranlaşdırma hüquqlarını əldə edib. “Deadline” nəşrinin məlumatına görə, şirkət bu layihə əsasında tammetrajlı bədii film hazırlayacaq.

Reyting.az xəbər verir ki, oyunun süjeti orta əsr İngiltərəsinə düşən xüsusi təyinatlı əsgərdən bəhs edir. O, bilmədən qədim dövrün bir parçasına çevrilir və taxt-tac uğrunda səngiməyən münaqişələrə müdaxilə etməli olur. Beləliklə, uzaq gələcəkdən gələn bir insan keçmişə düşərək tarixi savaşların ön cəbhəsində döyüşən əsas fiqura çevrilir.

“Kingmakers” üçüncü şəxs baxış bucağından təqdim olunan, atıcı janrını strategiya elementləri ilə birləşdirən video oyundur. Oyunçulara bütöv ordulara komandanlıq etmək imkanı verir.

Yeni ekranlaşdırma Hollivud rejissoru Şon Levinin təsis etdiyi “21 Laps” studiyası tərəfindən hazırlanacaq. Levi həm də filmin prodüserlərindən biri olacaq.

Qeyd edək ki, bütün dünyada “Kingmakers” adı ilə tanınan bu oyunun və onun əsasında çəkiləcək filmin nümayiş tarixi hələlik açıqlanmayıb. Bildirilir ki, kino layihəsinin müəllifləri, böyük ehtimalla, oyunun orijinal adını saxlayacaq və film də “Kingmakers” (“Kralı seçənlər”) adı ilə ekranlara çıxacaq.

Oqtay QORÇU


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью