Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bildiyiniz kimi bu gün Moderator.az xəbər portalının 14 yaşı tamam olur. Bu münasibətlə bir sıra incəsənət xadimləri də Moderator.az-ı təbrik edib, saytımıza bol oxucu kütləsi arzulayıb:
Xalq artisti Alim Qasımov:
“Ürəkdən təbrik edirəm. Bir neçə sayt var ki, onlar həqiqətən də haqqın tərəfindədirlər. Bunlardan biri də sizin saytdır. Mədəniyyətimizin keşiyində durduğunuz üçün sizə təşəkkür edirəm. Bütün mövzulara, ələxsus da mənimlə bağlı mətbuatda yayılan xəbərlərə qərəzsiz yanaşırsız, daim zəng edib açıqlama alırsız. Haqqın tərəfində olduğunuz üçün çox sağ olun” deyə sənətkar bildirib.
Xalq yazıçısı Anar:
“Mən də öz növbəmdə sizi ürəkdən təbrik edirəm. 14 yaş hələ gənclik yaşıdır. Ümid edirəm ki, daha da böyük işlərə imza atacaqsız. Arzu edirəm ki, mədəniyyətə, ədəbiyyata qarşı hər zaman diqqətli və qərəzsiz olasız. Mən bir ədəbiyyat adamı kimi bunu arzulayıram, yəqin ki, digər sənət sahibləri də öz sahələrinə diqqət istəyirlər. Uğurlar olsun” deyə Anar bildirib.
Xalq artisti Firəngiz Mütəllimova:
“Moderator.Az-ı ürəkdən təbrik edirəm. Demək olar ki, ən sevdiyim, tez-tez daxil olub izlədiyim və mənim üçün maraqlı olan saytlardan biridir. Çünki orada mən real xəbərlərlə qarşılaşıram. Haqqı nahaqqın ayağına vermirsiz. Kollektivinizə can sağlığı arzu edirəm ki, daha da oxunaqlı, maraqlı, baxımlı və xüsusi reportajlar, müsahibələr hazırlasınlar. Gün o gün olsun ki, 100 illiyinizi, 14 yox 114 yaşınızı qeyd edəsiz. Öpürəm sizi, uğurlar arzu edirəm” deyə sənətkar bildirib.
Xalq artisti Nəzakət Teymurova:
“Təbrik edirəm. Siz harada varsınızsa ora gözəlləşir. Həmişə xoş xəbərlər eşidəsiz və biz oxuculara çatdırasız. Mənə qarşı xüsusi diqqətlə yanaşırsız. Buna görə sizə təşəkkürümü bildirirəm. Dövlətimizə, millətimizə, xalqımıza yararlı xəbərlərlə hər zaman gündəmdə olmağınızı diləyirəm. Demək olar ki, saytınızdakı bütün bölmələrdəki xəbərlərlə gündəlik tanış oluram. Sayılıb-seçilən xəbər portalısız. Nəsə bir yeni, dəqiqləşdirilməmiş xəbər eşidəndə o dəqiqə gözüm Moderator.az-ı axtarır ki, görüm sizin saytda da yayımlanıbmı?! Yayımlananda bilirəm ki, demək doğru xəbərdir. Hər zaman da belə qalın. Oxucuların sizə güvənini heç vaxt itirməyəsiz” deyə sənətkar bildirib.
Teleaparıcı Ceyran Rəhimova:
“Moderator.az saytını mən də ürəkdən təbrik edirəm. Sizin saytda həm mədəniyyət, həm dünya, həm də ölkə gündəmindəki xəbərləri oxuyuram. Həqiqətən də Moderator.az istedadlı gənclərə, incəsənətimizdə öz dəst-xətti ilə seçilən mədəniyyət xadimlərimizə hər zaman dəstəkdir. Məndən də dəfələrlə müsahibələr götürüblər, xüsusi həssaslıqla yanaşıblar. Heç vaxt sizdən inciməmişəm, yazı ilə bağlı problem yaşamamışam. Arzu edirəm ki, daim bu yolu belə də davam etdirəsiz. Təbii ki, peşəkarların cəmləşdiyi saytın kollektivi də, işləri də belə olmalıdır. Yolunuz açıq, xəbərləriniz oxunaqlı, oxucularınız isə bol olsun" deyə aparıcı bildirib.
Əməkdar artist Elza Seyidcahan:
“Moderator.az-da məndən də dəfərlərlə yeniliklərimlə, layihələrimlə bağlı müsahibələr götürüb, yazılar yazıblar. Sənətkara qarşı çox diqqətlidirlər. Bir maraqlı hadisəni xatırlayıram. İllər əvvəl, bəlkə də 8-9 il bundan öncə məni gül-çiçəklə qarşıladılar və müsahibədən sonra məni hətta qonaq da dəvət etdilər. Xahiş etdilər ki, onlarla şam yeməyinə qatılım. Unudulmaz bir görüşümüz oldu. Kaşki bütün jurnalistlər, sayt rəhbərləri müğənniləri, incəsənət xadimlərini qonaq çağıranda sənətkarları sizin kimi qarşılayıb, yola salsınlar. Təbrik edirəm, arzu edirəm ki, hər zaman xoş xəbərlər yazasız. Xoş xəbərləri ilk olaraq Moderator.az oxuculara çatdırsın. Bir mahnımızda deyildiyi kimi: “Xoş xəbərlər çatdıran dil nə gözəldir, insanı qocaltmayan el nə gözəldir”. Mən də deyərdim ki, xoş xəbərlər çatdıran Moderator.az nə gözəldir, insanı qocaltmayan media xəbər saytları, jurnalistlərimiz nə gözəldirlər. Xoş xəbərlər insanı qocaltmır. Bəzən saytlar xoşagəlməz halları da oxuculara çatdırırlar. Arzu edirəm ki, heç xoşagəlməz hadisələr olmasın. Dədə-babalarımızdan görmüşük ki, xoşagəlməz xəbərləri ağızdan-ağıza gəzməyə qoymayıblar. Mənim içimdən gələn arzular bunlardır” deyə müğənni bildirib.