Məşhurlar ərəb ölkələrini tərk etmək məcburiyyətində qalıb

04.03.2026

Icma.az, Reyting.az portalına istinadən məlumat verir.

2-3 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin və Oman Sultanlığının ərazilərini təcili tərk edib geriyə Moskvaya dönən Rusiya vətəndaşları, eyni zamanda Rusiya Federasiyası qeydiyyatı olan şəxslər müharibə səbəbindən ən azı 11 biznes-jet reysi ilə öz ölkələrinə qayıdıblar.

Reyting.az Rusiya mətbuatına istinadla bildirir ki, Rusiyaya qayıdanlar arasında Patruşevlər ailəsi və Ukraynanın keçmiş prezidenti, illərdir Rusiyada yaşayan Viktor Yanukoviçə aid olduğu iddia edilən təyyarələr də var.

Etibarlı mənbələrə istinadla yayılmış digər bir məlumata görə biznes-aviasiyaya məxsus səkkiz təyyarə fevral ayının 28-dən ABŞ-İsrail müttəfiqliyi ilə İran arasındakı yeni müharibə fonunda Yaxın Şərqə xüsusi olaraq göndərilib. İddialara görə, 1-3 mart tarixlərində yeddi biznes-jet xüsusi diqqət cəlb etmədən Oman ərazisinə, aviareysləri hələ ki, tam bağlamayan Sahar şəhərindəki aeroporta enib. Eniş edən təyyarələrdə Rusiyaya sığınan, illərdir ki, bu ölkədə yaşayan Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə məxsus "Dassault Falcon 900C" təyyarəsinin də olduğu bildirilir.

Martın 2-də Sahar aeroportuna həm də 53 sərnişin tutumlu və "Roskosmos" şirkətinə məxsus "Tu-204-300" sərnişin təyyarəsi enib. Bununla bağlı yayılan xəbərdə xüsusi qeyd edilib ki, Rusiya təyyarəsinin uçuşunu "GetJet" şirkəti təşkil edib və bilet fantastik qiymətə - 20 min avroya olub.

Mart ayının 3-də isə "Rusjet" aviaşirkətinin ən etibarlı sərnişin təyyarələrindən sayılan "Bombardier Global 5000" Birləşmiş Ərəb Əmirliklərinin Əl-Fuceyra şəhərinə enib və elə həmin gün də qrafikdən kənar, nəzərdə tutulmayan uçuş həyata keçirməklə, tələsik Moskvaya qayıdıb və yaxud təcili çağırılıb.

Rusiyanın "Agentstvo" nəşri yazır ki, bu təyyarədən daha əvvəl rusiyalı məmurların və biznesmenlərin ailələri istifadə edib.

Məlumata görə, mart ayının 2-də Kremlin ən nüfuzlu fiqurlarından biri sayılan Nikolay Patruşevin ailəsinin olduğu deyilən "Mitsubishi Challenger 850" təyyarəsi Dubaydan Moskvaya uçub.

Bəzi qeyri-rəsmi mənbələr isə hətta Kreml rəsmisi Nikolay Patruşevin xüsusi missiya daxilində öz ailəsi ilə birlikdə bu təyyarədə olduğunu iddia ediblər.

Oqtay QORÇU


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью