Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyədə məşhur simalara qarşı aparılan narkotik istintaqı çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib. İstanbul Cumhuriyet Başsavcılığı aralarında tanınmış müğənni və aktyor Özcan Deniz, eləcə də aktrisa Deniz Çakırın da olduğu 35 nəfər barəsində saxlanılma qərarı çıxarıb.
İlkin məlumatlara əsasən, əməliyyat nəticəsində 23 şübhəli saxlanılıb. Digər şəxslərin müəyyən edilərək tutulması istiqamətində hüquq-mühafizə orqanlarının əməliyyat-axtarış tədbirləri davam edir.
Əməliyyatı İstanbul Cumhuriyet Başsavcılığının Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu aparır. Araşdırma təkcə narkotik vasitələrin istifadəsi və saxlanılması ilə məhdudlaşmır. İş üzrə narkotik və ya psixotrop maddələrin dövriyyəsi və əldə edilməsi, həmçinin fahişəliklə bağlı iddialar da yoxlanılır.
Məlumatda qeyd olunur ki, istintaq çərçivəsində şübhəli və şahid ifadələri, gizli şahidlərin verdiyi məlumatlar, habelə götürülmüş mobil telefonlar və rəqəmsal sübutların ekspertiza nəticələri araşdırılıb.
Toplanmış dəlillər əsasında narkotik vasitələrin istifadəsi və ya saxlanılmasına dair əsaslı şübhələr yarandığından 35 nəfər barəsində saxlanılma qərarı qəbul edilib.
Hazırda araşdırmalar bütün istiqamətlər üzrə davam etdirilir. Saxlanılan şəxslərin prosessual vəziyyəti və istintaqın gedişatı ilə bağlı yeni məlumatların açıqlanacağı gözlənilir.
Qeyd edək ki, barəsində saxlanılma qərarı verilmiş şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyib...
Mənbə: DHA
Şahmurad