Məşhurların “Sabah” “Barselona” oyunu ilə bağlı PROQNOZU

25.11.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Barselona” və Azərbaycanın “Sabah” komandası arasında UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turu çərçivəsində keçiriləcək qarşılaşma böyük maraq doğurur.

Noyabrın 25-də baş tutacaq oyun Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüşün start fiti saat 21:45-də səslənəcək.

Avropanın nəhəng klublarından biri ilə Azərbaycanın təmsilçisinin qarşılaşması azarkeşlər üçün xüsusi əhəmiyyət daşıyır. 

Bəs bu oyunda hansı komandanın qələbə şansı daha yüksəkdir və tanınmış şəxslərin qarşılaşma ilə bağlı gözləntiləri nələrdir?

Deputat Fazil Mustafa “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, belə matçlar “Sabah” üçün böyük təcrübədir:

““Barselona”ya qalib gəlmək kimi bir hədəf qoymaq bir qədər ciddi səslənməz. Amma mübarizə aparmaq, yaxşı futbol oynamaq lazımdır. Fədakarlıq etmək, özünü tanıtmaq vacibdir.

Futbolçular bu istiqamətdə öz qiymətlərini artırmağa çalışmalıdırlar. Bu, hər kəs üçün müəyyən dərəcədə fürsətdir. Tamaşaçılar üçün də Bakıda dünya nəhənglərinin oyununu izləmək və bundan zövq almaq imkanı yaranır. Bu, Azərbaycan futbolunun tanıdılması baxımından da önəmli hadisədir.

Hər halda, məsələyə kompleks yanaşmaq lazımdır. Əslində, burada qələbəni əsas hədəf kimi gündəmə gətirmək doğru olmaz. Çünki komandaların hazırlıq səviyyəsinin və imkanlarının eyni olmadığını qəbul etməliyik. Fədakarlıq hər şeyi müəyyən dərəcədə dəyişə bilər. Təsadüf nəticəsində hansısa sürpriz də baş verə bilər. Ehtimal azdır, amma hər şeyə hazır olmaq lazımdır”.

Deputat Arzuxan Əlizadə “Sabah”ın qələbəsini və ya heç olmasa, qarşılaşmanın heç-heçə ilə başa çatmasını arzuladığını deyib:


“Azərbaycan çempionu maraqlı və peşəkar oyun nümayiş etdirir. Lakin reallıqları da nəzərə almalıyıq. Xüsusilə söhbət “Barselona” kimi dünya şöhrətli peşəkar futbol klubundan gedirsə, nəticənin bizim xeyrimizə olmaya biləcəyini də diqqətdə saxlamalıyıq.

İstənilən halda, “Sabah”ımıza uğurlar arzulayıram. Bilsinlər ki, bu gün yalnız Azərbaycan deyil, bütün Türk dünyası onlardan maraqlı və nəticəli oyun, həmçinin qələbə gözləyir”.

Tanınmış azərbaycanlı futbol eksperti, sabiq futbol funksioneri Ceyhun Sultanov isə “Barselona”nın qələbə şansını daha yüksək qiymətləndirib:


““Barselona”nın gücü bəllidir. Buna görə də daha çox bu komandanı şanslı hesab edirəm. Amma “Sabah”ın gördüyü işləri də qeyd etməliyəm. Bu səviyyədə bir komandanın Bakıya gəlməsi özü böyük hadisədir.

Ümumilikdə, konkret hesab proqnozum yoxdur. “Sabah”dan nəticədən asılı olmayaraq yaxşı oyun gözləyirəm. “Barselona” güclü rəqibdir.
Ona görə də qələbə qazanmaq azarkeşlərimiz üçün asan olmayacaq, çətin olacaq. Bu, çox maraqlı qarşılaşma olacaq. “Sabah”a uğurlar arzulayıram. Qələbə qazansaq, daha yaxşı olar, amma hər nəticə mümkündür”.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: “Sabah”-“Barselona” oyunu məşhurlar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью