Məşhurlaşmaq istəyi təhlükəli həddə çatdı Açıqlama

24.08.2026

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sosial media hər kəsin həyatında önəmli yer almağa davam edir. Xüsusilə kontent yaratmaq istəyən şəxslər diqqət çəkmək üçün müxtəlif üsullara əl atırlar. Ötən günlərdə belə hadisələrdən biri Ağstafa rayonunda baş verib. “TikTok” platforması üçün video çəkmək istəyən şəxsi elektrik cərəyanı vurub.
Reytinq və izlənmə toplamaq istəyən gənclər niyə belə riskli addımlara əl atırlar?
Sosioloq Mətanət Məmmədova Demokrat.az-a açıqlamasında deyib ki, müasir dövrdə rəqəmsal platformalarda kontent yaradanlar eyni zamanda trend olmağa, çəkdikləri videolarla insanların diqqətini cəlb etməyə, daha çox bəyənmə və rəy toplamağa çalışırlar:

“Elə həmin gəncin də qatarın üzərinə çıxaraq “TikTok” üçün video çəkməsi bunun göstəricisidir. İnsanlar sosial şəbəkələr üçün maraqlı, çağırışçı və diqqətçəkən kontent yaratmaq, trend olmaq və məşhurlaşmaq istəyirlər. Ancaq bütün hallarda insan ilk növbədə öz təhlükəsizliyini düşünməlidir.
Hər hansı bir addım atmadan əvvəl insan özünə sual verməlidir.
“Burada mənim üçün təhlükə nə qədərdir? Hansı risklərlə üz-üzə qala bilərəm?” Bu sualların cavabı öncədən düşünülməlidir. Çünki qatarın üzərinə, ağacın başına və ya hər hansı yüksək yerə çıxaraq video çəkmək məşhurlaşmaq üçün atılan addım olsa da, burada əsas məsələ insan həyatının və sağlamlığının təhlükə altına atılmamasıdır. Bu gün əsas məqsəd bəzən qısa zamanda elə bir kontent yaratmaq olur ki, bütün diqqət həmin şəxsin üzərinə yönəlsin. Lakin sağlamlığımız və təhlükəsizliyimiz hər şeydən əvvəl gəlir. Əgər yaratdığımız kontent bizi məşhurlaşdırmaq əvəzinə sağlamlığımızı itirməyimizə, şikəst qalmağımıza və ya həyatımızı təhlükəyə atmağımıza səbəb olacaqsa, belə trendin heç bir əhəmiyyəti yoxdur. Məşhur olmadan yaşamaq olar, amma sağlam olmadan yaşamaq olmaz. Ona görə də ilk növbədə öz sağlamlığımızı düşünməliyik. Digər tərəfdən, müasir cəmiyyətdə sosial şəbəkələr arasında bir rəqabət olduğu kimi, insanlar da sanki bu rəqabətin iştirakçılarına çevriliblər. Bəziləri gecə-gündüz düşünür ki, “Daha nə edim ki, mən olum, birinci mən olum, mənə baxsınlar, hər kəs məndən danışsın”. Məncə, düşüncə sahibi olan insanlar bir qədər daha ağıllı yanaşmalıdırlar. İnsanların sənə hansısa mənalı və faydalı işə görə daha çox önəm verməsi daha yaxşıdır”.
Sosioloq qeyd edib ki, sosial şəbəkələrdə tez-tez qarşımıza çıxan videoların məzmunu o qədər mənasızdır ki, həmin kontenti yaratmaq üçün çəkilən zəhmətə belə dəyməz:
“Təəssüf ki, cəmiyyətimizdə hər kəs eyni düşünmür, müxtəlif dünyagörüşünə və fərqli maraqlara malik insanlar var. Buna görə də hər kəs öz kontentini ortaya qoyur. Amma bu o demək deyil ki, yaxşı kontent yalnız təhlükəli və yüksək yerlərdə çəkilə bilər. Yerdə, ağacın başında və ya qatarın üzərində çəkilən müxtəlif videolar ola bilər. Əsas məsələ həmin kontentin məzmunundan, nə yaratdığımızdan və bunun insanlar üçün nə qədər faydalı olduğundan asılıdır. Ona görə də hər şeydən əvvəl öz sağlamlığımızı düşünməliyik. Əgər hansısa videonu çəkib kontent yaratmaq istəyiriksə, ilk növbədə bunun bizim həyatımız və sağlamlığımız üçün hansı risklər yaratdığını nəzərə almalıyıq. Çünki telefonumuzda qalacaq və sosial şəbəkələrdə paylaşılacaq bir video üçün həyatımızı və sağlamlığımızı təhlükəyə atmaq heç kimə lazım deyil. Həmçinin bu məsələdən istifadə edərək gənclərə və yeniyetmələrə çağırış etmək istəyirəm: Hər hansı bir işin ardınca gedəndə bir dəfə yox, iki dəfə düşünək. Bir dəfə məşhur olmaq üçün, bir dəfə isə sağlam qalmaq üçün. Hansının daha önəmli olduğunu düzgün müəyyənləşdirək və ona üstünlük verək”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью