Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dünya çempionatından əvvəl favorit hesab edilən Fransa və İspaniya iyulun 14-ü gecə yarımfinalda qarşılaşdılar. Bizim də erkən final dediyimiz matçın nəticəsi artıq məlumdur: bəziləri üçün bu mundialda heç “özünə bənzəməyən” İspaniya finaldadır, amma hamının heyran olduğu Embappeli Fransası isə artıq bir pillə aşağıda, bürünc medal uğrunda mübarizə aparacaq.
Şübhəsiz, bunlar turnirin ən sabit iki komandasıdırlar və onlar haqqında əvvəlki təhlillərimizdə kifayət qədər geniş danışmışıq. Əslində, səmimi desək, heç bir komandanın performansını ideal adlandırmaq olmaz: İspaniya yalnız son məqamlarda növbəti mərhələlərə adlamağa nail olurdu, o da super ehtiyat oyunçu Merinonun sayəsində, fransızlar isə sanki turnirə tam qüvvələri ilə başlamamışdılar, hətta Paraqvaya qarşı 1/4 finalda problemlər yaşamalı oldular.
Deşamın komandası oyun öncəsi problemlərlə üzləşdi: Kone və Embappe əvvəlki matçda zədələndilər və Kilian bütün bu müddətdə ayrı məşq edirdi. Məşqçi hər matçda qol vuran və ya məhsuldar ötürmə edən kapitandan heç cür imtina edə bilmədi, amma Konenin əvəzinə start heyətdə Çouamenini oyuna buraxdı.
İspaniya millisində isə daha çox liderlərinin fiziki hazırlığı narahatlıq doğururdu. Yamal tam formaya düşməmişdi və bu, həm vizual, həm də statistik cəhətdən nəzərə çarpırdı - o, turnirdə yalnız 1 qol vurub. Pedri də zəif çıxış edir və Luis de la Fuente ulduz yarımmüdafiəçini ardıcıl ikinci oyun idi ki, ehtiyat oyunçular skamyasında saxlayırdı. Onun yerini Belçikaya qarşı yaxşı çıxış edən Fabian Ruiz tuturdu.
Belə məqamda, bu komandalar arasındakı əvvəlki hesabları xatırlamağa dəyər: “Avro–2024”ün yarımfinalında İspaniya Yamal və Olmonun qolları sayəsində qalib gəlmiş, 1 il sonra Millətlər Liqasında Fransanı məğlub etmişdi. Onlar 5:1 hesabı ilə öndə idilər, lakin rəqibləri son 3 qolla oyunda intriqanı geri qaytarmağı bacardı. İyulun 14-də fransızların bu 2 ağrılı məğlubiyyətin qisasını almaq üçün əla fürsəti var idi. Taktiki baxımdan de la Fuentenin nə qədər cəsarətli bir model təklif edəcəyini çoxları maraqla gözləyirdi – İspaniya daha sürətli futbola üstünlük versə də, həmin matçda taktikasını topa sahibolma fəlsəfəsi üzərində qurmuşdu. Lakin meydanın mərkəzindəki hər hansı bir səhv və ya top itkisi Fransaya qarşı xüsusilə təhlükəli ola bilərdi – onlar əks-hücumda ən yaxşı komanda sayılırlar.
Risklərə baxmayaraq, ispanlar ilk dəqiqələrdən 1 nömrəli komanda kimi oynamaq niyyətində olduqlarını göstərdilər. Doğrudur, onlar kütləvi hücuma keçmədilər, amma topu meydanın mərkəzində inamla hərəkət etdirərək fransızların müdafiəsini narahat etməyə çalışırdılar. Bəzən vəziyyətə uyğun yüksək pressinq tətbiq edir, lakin Menyan əla ötürmələri ilə onları pozmağa nail olurdu. “Qal xoruzları” isə məqam gözləyir və topu ələ keçirən kimi bir neçə şaquli ötürmə ilə rəqibin oyununu pozmağa çalışırdılar.
20 dəqiqə gərgin, lakin hadisəsiz keçdi. İlk səhvə qədər oyun yaxşı gedirdi, əlbəttə, fransızlar üçün. Bu səhvi edən isə fransızların sol cinah müdafiəçisi Luka Din oldu: cərimə meydançasında baş zərbəsini səliqəli yerinə yetirə bilmədi və topu uzaqlaşdırmaq üçün ikinci toxunuşla arxasında gizlənən Yamala kobud zərbə endirdi. İspaniya penalti qazandı və Oyarzabal güclü zərbə ilə bu göydəndüşmə fürsəti qola çevirdi.
Tezliklə komandalar suiçmə fasiləsindən qayıtdıqdan dərhal sonra Fransa daha bir zərbə aldı: aparıcı mərkəz müdafiəçisi Uilyam Saliba gözlənilmədən bud əzələsindən zədə aldı və daha az təcrübəli Maksens Lakrua ilə əvəzləndi.
İlk hissənin qalan vaxtında İspaniya açıq-aşkar dominant tərəf idi və daha bir neçə təhlükəli hücum yaratdı. Belə epizodlardan birində 38-ci dəqiqədə Yamal Olmo ilə divar ötürməsi oynayaraq Ruizi zərbə mövqeyinə çıxardılar, lakin Upamekano Fabianonun güclü zərbə endirməsinə imkan vermədi. Bu müddətdə fransızlar Embappenin zərbə mövqeyinə çıxması üçün şaquli ötürmələrə davam edirdilər. Kilian isə son məqamda ispan müdafiəçilərlə dostlaşmağı bacarmır, tez-tez oyundankənar vəziyyətə düşürdü.
Tez-tez ekranlara gətirilən Deşam komandasının topa nəzarətindən açıq-aşkar narazı idi və hətta ilk hissənin ortalarında o, Dembele ilə Olisenin mövqeyini dəyişərək Usmanı mərkəz mövqeyə qaytardı. Lakin bu, heç bir əhəmiyyətli dividendə səbəb olmadı. Fransa “qırmızı furiya”nın qapısına düz-əməlli bir zərbə belə vura bilmirdi.
Fasilədə Deşam sarı vərəqəsi olan Rabionu Kone ilə əvəzlədi və az sonra Barkolanın yerinə Dueni meydana buraxdı. Buna baxmayaraq, Fransa uzun müddət real qol şansı qazanmadı və bu, nə qədər uzun sürürdüsə, onlar bir o qədər nə edəcəklərini bilmirdilər. Əks-hücumlar işə yaramırdı, topu saxlaya bilmirdilər. İspaniya qüsursuz oynayır, əksər duellərdə qalib gəlirdi. Xüsusilə Rodri və Ruizin üstün olduğu yarımmüdafiədə əla komanda oyunu qurulmuşdu.
Deşamın əvəzetmələri də işə yaramadı, əksinə, epizodların birində Due və Kone Olmoya ötürmə verən Porroya vaxtında yetişə bilmədilər və Dani müdafiəçinin kobud oyununa baxmayaraq, yıxıldığı yerdən ötürmə edib Pedronu Menyan ilə təkbətək çıxardı. Porro hesabı 2:0 etdi və Fransanı çətin duruma saldı. Bir neçə dəqiqə sonra Yamal üçüncü qolu vurdu, lakin onun qolu oyundankənar vəziyyətdən vurduğu üçün tablodakı rəqəmlər yenidən öz vəziyyətinə qayıtdı.
“Qırmızı furiya”nın matçı necə inamla nəzarətdə saxlaması və mütəşəkkil komanda oyunu nümayiş etdirməsi heyrətamiz idi. Vaxt azaldıqca Fransa daha narahat və gərgin oynayırdı - Embappe, Olise və Dembele yerlərini dəyişərək sürətli kombinasiyalarla vəziyyəti yaxşılaşdırmağa səy göstərirdilər. Lakin ispan müdafiəsi keçilməz səddə çevrilmişdi. Embappe bir neçə zərbə endirməyə nail oldu, lakin Simon məqamında yaxın küncdən zərbəni dəf etdi, Kukureya isə digər zərbənin qarşısını ayağı ilə kəsib çərçivəyə düşməyə imkan vermədi.
De la Fuente əvəzetmələrlə oyunu bir qədər də gücləndirdi: Pedri topa tam nəzarət üçün meydana çıxdı, Uilyams və Lorente komandaya yeni nəfəs bəxş etdi, Merino hava ötürmələrində, Torres isə pressinqdə əla oyun nümayiş etdirdilər. Ferran qələbəni təmin etməyə yaxın idi, amma başla vurduğu zərbədə azca dəqiqlik çatmadı.
Didye Deşamın əvəzetmələri isə nəticə vermirdi ki, vermirdi. Şerki və Teo Hernanezin meydana daxil olması İspaniya müdafiəsinin sol tərəfindəki gərginliyi artırsa da, ciddi təhlükə yaratmadı. Simon həqiqətən o gecə keçilməz idi.
Beləliklə, İspaniya ulduzları sayəsində deyil, əla işləyən məşqçi sistemi hesabına finala layiq əla oyun nümayiş etdirib qalib oldu. İndi onlara qalan tək şey İngiltərə – Argentina matçının qalibini gözləməkdir. Super istedadlarla dolu olan Fransa isə, sadəcə, dağıldı və öz yerini tapa bilmədi. Deşam dövrünün sonu beləcə uğursuzluqla başa çatdı.
Luis de la Fuente Embappe, Olise və Dembeleni dayandırmağın mümkün ola biləcəyi sualına 2:0 hesablı qələbə ilə cavab verdi. Bu, zahirən məğlubedilməz üçlük yarımfinalda qapıya cəmi 3 zərbə endirə bildi. “Qal xoruzları”, mübahisəsiz olaraq ispanların ən çətin rəqibi olan Belçikanın “nailiyyətini” belə üstələyə bilmədilər. Simonun buraxdığı yeganə qol “qırmızı şeytanlar”dan və şəxsən De Ketelarenin sayəsində vurulmuşdu. Fransa isə mundialda bütün komandaların canına qorxu salan Embappe, Olise və Dembele kimi üçlüyü ilə Simonun qapısına bir qol belə vura bilmədi.
Doğrudur, tək bir turnirdə 6 matçda qapını toxunulmaz saxlamağı unikal nailiyyət hesab etməmək də olar. 1966-cı ildə Almaniya, 1998-ci ildə Fransa, 2006-cı ildə isə İtaliya finala çıxmaq üçün oxşar nümunə göstərmişlər. Lakin onların heç biri indiki qədər çox oyun keçirməmişdi və bu da “Qırmızı furiya”nın rekordunu daha da əlçatmaz etdi. 7 matçda qapılarına cəmi 9 zərbə endirməyə imkan vermək də eyni dərəcədə rekorddur. Həqiqətən fantastik rəqəmlərdir! Həmişə parlaq çıxış etməsi gözlənilən bir komandanın bu cür müdafiəsinə heyranlığımızdan narahat olan varsa, oyuna təkrar baxsın və ədalətli qərar versin. Turnirin əvvəlində Kabo-Verdenin Avropa çempionlarının hücumlarını ustalıqla dəf etməsinə necə heyran qalmışdıqsa, indi də gəlin, İspaniya komandasını ürəkdən alqışlayaq.
Əlbəttə, bu, əvvəllər Messi, Keyn, Hollan və ya Bellingem kimi ulduzlara olan alqışlar qədər layiqli olmayacaq. Çünki fikir versəniz, 7 matçda heç bir ispan oyunçu möhtəşəm bir oyun göstərməyib. Simon Vozinya kimi möcüzələr yaratmayıb. Kukureya, Kubarsi və Laporte sadəcə öz işlərini yaxşı görürlər. 2 qolu və təsirli hücum performansı ilə qeyd olunmağa layiq olan dördüncü sağ kənar müdafiəçisi Pedro Porro da belə. Məgər o, həqiqətən də qeyri-adi bir şey göstərirdimi? Üstəlik, Avro 2024-ün qalibinin Rodridən Yamala qədər bir çox ulduzu Avropa çempionatı səviyyəsindən aşağı səviyyədə oynayır. Obyektiv olaraq, ispanların turnirin ən yaxşı oyunçusu üçün parlaq namizədləri yoxdur və onlardan kiminsə 2026-cı il “Qızıl topu”nu qazana biləcəyi imkansız görünür.
Heç kim bugünkü İspaniyanın nümunəvi komanda futbolu nümayiş etdirdiyini mübahisəyə çevirə bilməz. Əgər bu fikri qəbul etsək, o zaman məntiqi nəticə belə olacaq: “Qırmızı furiya”da ən vacib şəxs onun baş məşqçisidir. Məhz onun rəhbərliyi altında İspaniya milli komanda üçün heyrətamiz dərəcədə vahid futbol üslubu nümayiş etdirir, bu, klub üçün daha xarakterikdir. Bu, Luis de la Fuente tərəfindən qurulmuş əsl komandadır.
65 yaşlı mütəxəssis hətta tənqid olunduğu mənfi cəhətləri belə müsbət cəhətlərə çevirməyi bacarıb. Onlardan biri də oyunçulara - yaxşı tanıdığı və etibar edə biləcəyi futbolçulara olan inamıdır. Simon, Kukureya, Rodri, Merino, Olmo, Oyarzabal, Pedri, Fabian Ruiz - de la Fuente onlarla gənclər, yeniyetmələr və Olimpiya komandalarında işləyib. Hazırkı “Qırmızı furiya”nın təməli artıq o vaxtlar qoyulurdu və qalib Avro zamanı onların üzərində möhkəm bir bina ucaldılmışdı. Yuxarıda adıçəkilən 8 nəfərin hamısı orada baş rollarda idilər. Üstəgəl, Laporte, Yamal, Uilyams, Zubimendi və Ferran Torres.
Onlar Dünya çempionatına ən yaxşı formada gəlməsə də, de la Fuente taktikanı elə ustalıqla dəyişdirib ki, ayrı-ayrı oyunçular bacardıqları səviyyədə yaxşı oynayırlar. Bəzən Yamalın fəndlərinə ehtiyac yoxdur, sadəcə, bir anı tutdu və heç nədən penalti qazandı. Əsas odur ki, bütün ispanlar öz yerlərində idilər. Rodri və Ruiz yarımmüdafiədə möhtəşəmdir. Bu mövsüm milli komanda üçün 14 qol vuran Oyarzabal topu düzgün anda qapıya göndərir. Merino - Avroda olduğu kimi, 119-cu dəqiqədə Almaniyaya qələbə qolunu vurduğu oyunda - əvəzedici olaraq meydana çıxır və son dəqiqələrdə qol vurub komandasını yarımfinala çıxarır.
Deyəcəyim sözlərə görə daxilimdəki Argentina azarkeşim məni bağışlayar, hazırkı Dünya çempionları matçlarını emosional gərginliklə oynayır və bəzən çox çətin duruma düşürlər, amma İspaniya bunu sakitcə, emosiyalara qapılmadan, təmkinli oyunu ilə qazanır. Həm də öz güclərinə arxayın formada və meydanda onlardan nə tələb olunduğunu aydın şəkildə başa düşərək edirlər. İspaniya müdafiəsinə gəldikdə isə deməzdim ki, onlar qapıları önündə sədd qurub dayanırdılar. Onlar sadəcə hər şeyi düzgün edirdilər. “Ön cəbhə”də hər şeyi həll edən isə ayrı-ayrı ulduzlar deyil, sistem və komanda işidir.
Əgər kiməsə “məşqçi komandası” termininin mənasını izah etmək lazımdırsa, diqqətini inanılmaz de la Fuenteyə yönəltsin. Luis Avropa çempionluğunu tək bir üslubla qazandı və indi tamamilə fərqli, lakin eyni dərəcədə unikal bir futbol markası ilə Dünya çempionu titulunun addımlığındadır. Bu gecə rəqib ya Dünya çempionu Argentina, ya da 60 il çempionluq həsrətində olan İngiltərə olacaq.
İlqar RÜSTƏMOV
XQ