Messi ABŞ də daha bir ev aldı xərclədiyi məbləğ də məlumdur

28.09.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

“İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ABŞ-də daha bir ev alıb.

İdman.Biz xəbər verir ki, futbolçu Floridanın Fort-Loderdeyl şəhərində yerləşən yeni ev üçün 8 milyon dollar ödəyib. Bununla Messi bir-birinə bitişik iki daşınmaz əmlaka sahib olub.

Məlumata görə, Messinin adı ilə əlaqəli məhdud məsuliyyətli şirkət onun daha əvvəl aldığı malikanənin yanındakı evi satın alıb. Şirkət Messinin uzun müddətdir maliyyə meneceri olan Alfonso Nebot Armisenin adına qeydiyyatdan keçib.

Sözügedən hüquqi şəxs futbolçunun 2023-cü ildə təxminən 10,8 milyon dollara aldığı qonşu villaya da sahibdir. Son sövdələşmə barədə “Bloomberg” və “The Real Deal” məlumat yayıb.

Yeni evin beş yataq otağı var və Messinin hazırkı iqamətgahının şimal-qərbində, kanalın sahilində yerləşir. Əvvəlki sahibi bu əmlakı 2013-cü ildə 2,7 milyon dollara almışdı.

Qeyd olunur ki, varlı şəxslərin yaşadıqları evlərin yanında əlavə torpaq və daşınmaz əmlak alması nadir hal deyil. Cənubi Floridada Ken Qriffin və Ceff Bezos da ərazilərini genişləndirmək və şəxsi məkanlarını qorumaq üçün qonşu sahələri satın alıblar.

Messi üçün isə iki qonşu əmlak Bey Koloni ərazisində vahid sahil ərazisi formalaşdırır. Futbolçu ilk villasını “İnter Mayami”yə keçdikdən qısa müddət sonra, 2023-cü ilin sentyabrında alıb.

Həmin vaxt Messi və həyat yoldaşı Antonela Rokuzzo təxminən 975 kvadratmetr sahəsi olan ev üçün 10,75-10,8 milyon dollar ödəyiblər. Mühafizə olunan Bay Koloni yaşayış kompleksində yerləşən əmlakın kanal boyunca təxminən 52 metr sahil xətti var.

Ev bir neçə yataq otağı, hovuz, üç avtomobillik qaraj və iki qayıq körpəsi ilə təchiz olunub. Mənzil müasir üslubda dizayn edilib. Burada italyan üslubunda mətbəx, trenajor zalı, spa zonası, əyləncə otağı və geniş əsas yataq otağı da var.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью