Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
Argentina millisi Lionel Messinin milli komandadakı son oyununa hazırlaşır.
Redaktor.az xəbər verir ki, dünya futbolunun ən böyük ulduzlarından biri Argentina formasını sonuncu dəfə oktyabrın 6-da Buenos-Ayresdə keçiriləcək Beninlə beynəlxalq yoldaşlıq görüşündə geyinəcək.
Qarşılaşma Argentina vaxtı ilə saat 20:00-da başlayacaq. Azərbaycan vaxtı ilə isə matç 7 oktyabr saat 03:00-da start götürəcək.
Messi artıq Argentina düşərgəsindədir
39 yaşlı Lionel Messi vida matçı öncəsi Argentinaya qayıdıb. O, oktyabrın 2-də doğulduğu Rosario şəhərinə gəlib, daha sonra milli komandanın Ezeizadakı bazasına yollanıb.
Messi artıq komandanın məşqlərinə də qoşulub. O, oktyabrın 4-də Ezeizadakı ilk məşqində iştirak edib. Məşqdən sonra futbolçu komanda yoldaşları ilə vida öncəsi son asado süfrəsində bir araya gəlib. Argentina millisinin oktyabrın 5-dəki məşqi isə Messinin milli komanda ilə son hazırlıq məşqi olacaq.
Son oyun “Monumental”da keçiriləcək
Argentina – Benin qarşılaşması Buenos-Ayresdəki “Monumental” stadionunda keçiriləcək. Argentina Futbol Assosiasiyası (AFA) bu matçı xüsusi olaraq Messinin milli komandadan vida oyunu kimi hazırlayıb.
Hazırda stadionun tutumu 85 018 tamaşaçıdır və qarşılaşmada tribunaların tam dolacağı gözlənilir. Messinin vida matçına biletlər satışa çıxarıldıqdan təxminən 90 dəqiqə sonra tamamilə tükənib.
Biletlərin qiyməti sektorundan asılı olaraq 90 min ilə 480 min Argentina pesosu arasında dəyişib. Satışın başlanmasından qısa müddət sonra platformada virtual növbələr yaranıb və bütün biletlər satılıb.
AFA Messiyə xüsusi vida hazırlayıb
Argentina Futbol Assosiasiyası vida oyununu adi yoldaşlıq görüşü formatında keçirməməyi planlaşdırıb. 2022-ci ildə dünya çempionu olan Argentina millisinin üzvləri və onların ailələri də xüsusi mərasimə dəvət olunub.
Bundan başqa, AFA stadionda keçiriləcək vida mərasimi ilə yanaşı, bileti olmayan azarkeşlər üçün də xüsusi proqram hazırlayıb.
Buenos-Ayresdəki UBA-nın Ciudad Universitaria ərazisində “Gracias, Leo” Fan Fest təşkil olunacaq. Tədbir oktyabrın 6-da saat 12:00-dan gecəyarısına qədər davam edəcək. Burada Argentina – Benin oyunu böyük ekranda canlı yayımlanacaq, konsertlər, əyləncə proqramları, oyunlar və müxtəlif interaktiv tədbirlər keçiriləcək.
Fan Fest proqramında Kapanka və “La T y La M” qruplarının çıxışları, DJ proqramı, Argentina millisinin qazandığı Dünya Kuboku, Amerika Kuboku və Finalissima kubokları ilə foto imkanları da nəzərdə tutulub.
Messi Argentina formasında sonuncu dəfə
Messi Beninlə qarşılaşmadan əvvəl Argentina millisində 207 oyun keçirib və 125 qol vurub. O, milli komandanın tarixində həm oyun sayına, həm də qollara görə rekordçudur. Vida matçında meydana çıxacağı halda, Argentina formasında 208-ci oyununu keçirəcək.
Messinin Argentina ilə qazandığı əsas titullar arasında 2021 və 2024-cü illərin Amerika Kuboku, 2022-ci il Finalissima və Qətərdə keçirilən 2022-ci il Dünya Kuboku yer alır.
Beləliklə, Buenos-Ayresdəki “Monumental”da Beninə qarşı keçiriləcək qarşılaşma Messinin Argentina millisində 20 ildən artıq davam edən karyerasının son səhifəsi olacaq. Qarşılaşma Azərbaycan vaxtı ilə 7 oktyabr saat 03:00-da başlayacaq.
Turan ASLAN