Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Neftçi”nin yarımmüdafiəçisi Sessi D`Almeydanın QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 10-cu turunda “Şamaxı” üzərində 3:2 hesablı qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun alındı. “Şamaxı” da çox yaxşı komandadır. Heyətlərində güclü futbolçular var. Üstəlik, bu meydanda mübarizə aparmaq asan deyil. Buna baxmayaraq, əlimizdən gələni etdik. Komanda şəklində yaxşı çıxış etdik. Yekunda da layiq olduğumuz qələbəni qazandıq.
- “Neftçi” matça yaxşı başladı, erkən qol vurdu. Lakin sonradan üstünlüyü əldən verdiniz. Bunu nə ilə əlaqələndirmək olar?
- Bu meydanda, süni qazonda oynamaq heç də asan deyil. Öyrəşmək bir qədər vaxt aparır. Bəli, oyuna yaxşı başladıq, hesabı açdıq. Lakin sonradan hər şey istədiyimiz kimi alınmadı. Rəqibin də gücünü nəzərə almaq lazımdır. Onlar da yaxşı mübarizə aparırdılar. Əsas odur ki, qalib gəldik.
- Matçdan əvvəl məlum idi ki, “Neftçi” qalib gəlsə, liderliyi ələ alacaq. Bu məqam motivasiyanızı artırırdı?
- Əlbəttə. Bu matçda 3 xal qazanmaq bizim üçün vacib idi. Artıq birinci pillədəyik. Təbii ki, bu, hələ son deyil. Amma istənilən halda birinci yerdə olmaq çox xoşdur.
- Bu ilin sonuna qədər çempionatda daha 6 tur oynanılacaq. Təqvimə nəzər saldıqda görürük ki, iddialılardan yalnız “Zirə” ilə qarşılaşacaqsınız. Buna əsasən “Neftçi”nin qış çempionluğu şansını necə dəyərləndirirsiniz?
- Bunun üçün çalışacağıq. Hər birimizin istədiyi məhz budur. Lakin tələsmək lazım deyil. Biz indi yalnız növbəti matçı düşünürük. Qarşıda bizi “Kəpəz”lə oyun gözləyir. Həmin görüşdə də qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.
- Bir müddət əvvəl Benin millisinin heyətində Lionel Messinin vida oyununda iştirak etdiniz. Hətta kapitan qismində argentinalı ulduza hədiyyə də təqdim etdiniz. Həmin anda hansı hisslər keçirirdiniz?
- Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi. Tək mənim üçün yox, futbol adına möhtəşəm bir gün idi. Bu tarixin bir parçası olmaq çox xoşdur. Messi həqiqətən də dünya futbolunun əfsanəsidir. Çox şadam ki, həmin görüşdə iştirak etmək mənə də qismət oldu. Möhtəşəm hisslər yaşadım.