Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə ABŞ-nin MLS çempionatının pley-off mərhələsində Lionel Messinin iştirak etdiyi qalmaqallı epizod “İnter Mayami” - “Kolumbus Kryu” qarşılaşmasının ən çox müzakirə olunan hadisələrindən birinə çevrilib.
İdman.Biz xəbər verir ki, Mayamidə keçirilən görüşdə meydan sahibləri rəqibinə 0:3 hesabı ilə məğlub olublar. Lakin oyunun nəticəsi qədər birinci hissənin sonlarında Messinin etdiyi hərəkət də diqqət çəkib.
Argentinalı ulduz aut atışını yerinə yetirməyə hazırlaşarkən “Kolumbus Kryu”nun futbolçusu Qonsalo Tapiyanın maneəsi ilə üzləşib. Rəqibinin davranışından əsəbiləşən Messi topu onun üzünə çırpıb. Hadisə futbolçular arasında gərginliyə səbəb olub. Baş hakim Allen Çepmen hər iki oyunçuya sarı vərəqə göstərib.
Həmin vaxt “İnter Mayami” hesabda 0:1 geridə olub. Üstəlik, meydan sahibləri 36-cı dəqiqədən azlıqda mübarizə aparıblar. Komandanın müdafiəçisi Qonsalo Luxan ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
“Kolumbus Kryu”nun heyətində Qonsalo Tapiya doqquzuncu dəqiqədə penaltidən hesabı açıb. İkinci hissədə Taha Həbrun 52-ci dəqiqədə fərqi artırıb. Altı dəqiqə sonra Tapiya özünün ikinci, komandasının üçüncü qolunu vuraraq yekun nəticəni müəyyənləşdirib.
Son MLS çempionu “İnter Mayami” üç qarşılaşmadan ibarət pley-off seriyasına məğlubiyyətlə başlayıb. Komandaların növbəti görüşü noyabrın 27-də keçiriləcək.