Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
MLS-də növbəti turun qarşılaşmasında “İnter Mayami” doğma meydanda “Nəşvill”i qəbul edib.
Redaktor.az xəbər verir ki, gərgin və dramatik mübarizə şəraitində keçən görüş 2:2 hesabı ilə başa çatıb. “İnter Mayami” ikinci hissədə Lionel Messinin qolu ilə önə keçsə də, meydan sahibləri son dəqiqələrdə üstünlüyü qoruya bilməyiblər.
Qarşılaşmada hesab artıq 4-cü dəqiqədə açılıb. “Nəşvill”in hücumçusu Sem Sarric Endi Naxarın ötürməsindən sonra dəqiq zərbə ilə topu “İnter Mayami”nin qapısından keçirərək komandasını önə çıxarıb.
“İnter Mayami”nin cavabı 19-cu dəqiqədə gəlib. Lionel Messinin yerinə yetirdiyi künc zərbəsindən sonra “Nəşvill”in müdafiəçisi Rid Beyker-Uaytinq topu öz qapısına göndərib. Beləliklə, hesab 1:1 olub.
İkinci hissədə isə Lionel Messi ön plana çıxıb. 62-ci dəqiqədə Rodrigo De Paulun ötürməsindən sonra argentinalı ulduz dəqiq zərbə ilə fərqlənərək “İnter Mayami”ni 2:1 hesabı ilə önə keçirib. Messi bu qolla karyerasında daha bir əlamətdar göstəriciyə çatıb. Onun “Nəşvill”ə qarşı vurduğu bu qol 928-ci rəsmi karyera qolu kimi qeydə alınıb. Messi bundan əvvəl avqustun 30-da “Monreal”a qarşı oyunda dörd dəfə fərqlənərək karyera qol sayını 927-yə çatdırmışdı.
Bundan başqa, Messi “Nəşvill”lə görüşdə MLS-də mövsüm ərzində vurduğu qolların sayını da 19-a çatdırıb. ESPN onun bu göstərici ilə hazırda MLS-in bombardiri olduğunu bildirir.
“İnter Mayami” qələbəyə çox yaxın olsa da, qarşılaşmanın son dəqiqələrində hesab yenidən dəyişib. 90+1-ci dəqiqədə Sem Sarric dublunu rəsmiləşdirərək “Nəşvill”ə 2:2 hesablı heç-heçə qazandırıb. Bununla da meydan sahibləri iki dəfə hesabda üstünlük əldə etsələr də, matçı qələbə ilə başa vura bilməyiblər.
Beləliklə, “İnter Mayami” və “Nəşvill” hərəyə bir xal qazanıb. Qarşılaşmanın statistikasında topa sahibolmada meydan sahibləri üstün olub — 62 faizə 38 faiz. Gözlənilən qol (xG) göstəricisində isə “Nəşvill” öndə olub: 2,43-ə qarşı 1,63.
Dəqiq zərbələrdə “İnter Mayami” 5-3, qazanılan ikili mübarizələrdə isə 59-41 faiz hesabı ilə üstünlük əldə edib.
Bununla belə, son dəqiqədə buraxılan qol “İnter Mayami”nin üç xal qazanmasına imkan verməyib.
Turan ASLAN