futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kazemironun transferini rəsmən açıqlayan “İnter Mayami” hüquqi problemlərlə üz-üzə qalıb.
Futbolpress.az xəbər verir ki, MLS çempionu karyerasını bitirən Serxio Busketsin yoxluğunu doldurmaq üçün braziliyalı yarımmüdafiəçini heyətinə qatıb. “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent olan 34 yaşlı futbolçu Floridaya üz tutub. Kazemiro Lionel Messi, Luis Suares və Rodriqo De Paul kimi ulduzların yer aldığı heyətə qoşulub.
“The Athletic” nəşrinin məlumatına görə, MLS rəhbərliyi qaydaları pozduğu üçün “İnter Mayami”yə qarşı rəsmi araşdırmaya başlayıb. Buna səbəb Kazemiro üzərində “kəşfiyyat hüquqları”nın “Los-Anceles Qalaksi”yə məxsus olmasıdır. Kaliforniya təmsilçisi futbolçu ilə razılığa gəldiyini düşündüyü bir vaxtda, “İnter Mayami” rəhbərliyi pərdəarxası danışıqlar apararaq braziliyalını öz tərəfinə çəkməyi bacarıb.
Klublar arasında maliyyə razılığı əldə olunsa da, liqa rəhbərliyi məsələni nəzarətə götürüb. “Los-Anceles Qalaksi” və MLS birgə bəyanat yayaraq öncəlik hüququ ilə bağlı razılığa gəldiklərini, lakin araşdırmanın yekunundan sonra əlavə məlumat veriləcəyini bildiriblər.
Kazemironun “İnter Mayami”də çıxış edəcəyi dəqiqdir, lakin klub ciddi sanksiyalarla üzləşə bilər. 2021-ci ildə maaş limitini pozduğu üçün cəzalandırılan Florida təmsilçisini bu dəfə təkcə maliyyə sanksiyası yox, həmçinin maaş büdcəsinin məhdudlaşdırılması kimi daha ağır cəza gözləyir.