Messinin sehri və Argentinanın fantastik kambeki

09.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentinanın hər pley-off matçından əvvəl bəzi azarkeşlər düşünürdülər ki, görəsən bu, Messinin Dünya çempionatında son matçı ola bilərmi? 30 yaşlarında yetkin azarkeşlər, daha gənc insanlar belə, Dünya çempionatınun Leosuz necə ola biləcəyini ağıllarına belə gətirə bilmirdilər. Halbuki, onlardan çoxunun 2002-ci ildə heç 6 yaşı yox idi.

İyirmi ildən çoxdur ki, iki dahi - əsl atlet Kriştiano və təvazökar top sehirkarı Leo arasındakı rəqabəti heyranlıqla izləyirik. Bu 2 futbol əfsanəsi böyük səhnəni qol-qola tərk edə bilərdilər: Bazar ertəsi günü portuqaliyalı, çərşənbə axşamı isə onun arxasınca argentinalı.

Bu, inanılmaz dərəcədə simvolik olardı, amma Messi müqavimət göstərməyə bilməzdi. Argentinalı əfsanənin futbolu tərk etmək istəmədiyi görünürdü. Leo hələ də müqayisəolunmazdır və bizə ən azı daha bir matç oynamaq sevincini yaşatdı. Hələ 1 oyun, bəlkə də 2-3 oyun Leonun futbol tamaşasının fenomenal anlayışından, istənilən, hətta ən çətin vəziyyətdə belə işə yarayan incə ötürmələrindən, fintlərindən və öldürücü zərbələrindən zövq alacağıq.

Hər turnirdə Leo daha da yaxşı oynayır. İlk 4 Dünya çempionatında, cəmi 6 qol vurmuşdu, 2022-ci ildə isə 7 qol vurdu, bunlardan dördü penaltilərdən idi. 2026-cı ildə isə Leo 1/4 final mərhələsinə qədər 8 qol vurub. Hamısı da açıq oyundan! Əlbəttə, Messi əvvəlki kimi qaçmır; o, uzun məsafələri qət etməmək üçün rəqibin cərimə meydançasına yaxın yerlərdə dolaşır. Amma bu, onu daha da təhlükəli edir.

Bəzi azarkeşlər Messinin təmsil etdiyi Argentinanın püşaktmadan sonra 2026-cı il Dünya çempionatının pley-off mərhələsindəki qrupa, ondan sonrakı mərhələdə qarşılaşa biləcəkləri rəqiblərə baxıb qəzəblənmişdilər. “Albiselesta” 1/32 finalda Kabo-Verdeni məğlub etməli, sonra Misir və ya Avstraliyanı, daha sonra isə turnirdə İsveçrə və ya Kolumbiyanı mübarizədən kənarlaşdırmalı idi. Ən azı yarımfinala qədər onların yoluna qırmızı xalça sərildiyini zənn edirdilər. Amma Argentinanın keçirdiyi matçları və qarşılaşdığı çətinlikləri gördükdən sonra aydın oldu ki, burada sui-qəsd axtarmağın mənası yoxdur. Afrika “köpək balıqları” ilə son dərəcə gərgin keçən matçda, yalnız əlavə vaxtda qazanılan qələbədən, bundan daha təhlükəli Misir millisinə qarşı oyunda möcüzəvi kambekdən sonra hər şey yerini tutdu.

Skaloninin yenidənqurması

Güc öz səhvlərini və zəif cəhətlərini etiraf etmək bacarığındadır. Kabo-Verde ilə əsəbləri pozan oyun Argentinanın ümid etdiyi kimi alınmamışdı. Həmin matçla bağlı qəhrəman Messi hər şeyi söyləmişdi: “Topu itirirdik, çox geri qayıdırdıq və istədiyimiz qədər təzyiq göstərə bilmirdik”. Lionel Skaloni daha sonra keçid mərhələlərinin çətinliklərindən və Misirə qarşı oyunda səhvləri təkrarlamamaq vəzifəsindən danışdı.

Dünya çempionlarının məşqçisi psixoloji mövzuya da toxunaraq vurğuladı: “Biz həmişə birinci oynayan komanda olmuşuq və səhvlər bizi heç vaxt yoldan azdırmayıb. Bu, vacib bir əlamətdir. Bəzən taktikalar boşuna çıxır, amma istədiyinizi edə bilmədikdə başqa bir yol tapmalısınız. Komandamızın da məhz bu mentaliteti var və bu, mənə rahatlıq verir. Ən yaxşı şəkildə oynamadığımızda belə, uşaqlar xarakter nümayiş etdirirlər”

Təbii ki, heç kim yalnız emosiyalara və yüsək ustalığa güvənmək fikrində deyildi və çərşənbə axşamı hazırkı Dünya çempionları taktiki dəyişiklik edərək 2022-ci il Dünya çempionatındakı qələbə nümunələrinə qayıtdılar. Bunun açarı turnirdən əvvəl zədələnmiş və tədricən formasını bərpa edən dayaq yarımmüdafiəçisi Paredesin meydana çıxması idi. Bu, nəhayət, çox geriyə çəkilməyə məcbur olan Mak Allisterə rəqib qapıya yaxın oynamağa imkan Verdi. Enço Fernandes isə daha sərbəst oynamağa başladı. Transformasiyanın son nöqtəsi Lautaro Martinesin Dünya çempionatından əvvəl səhhətində problemlər yaşayan Xulian Alvareslə əvəzlənməsi oldu.

Fədakar Şobeyrin vaxtı idi

Atlantadakı matçın afişası məlum idi: Messi və Salah. Modriç, Kriştiano Ronaldo, Sadio Mane və digər veteranlardan fərqli olaraq, Mo hələ Dünya çempionatına vida etməyə tələsmirdi. Salah dəyərləndirmələrində ehtiyatlıdır və buna rəğmən, bəlkə də onu 2030-cu il Dünya çempionatında da gördük. Ən çox da ona görə ki, o turnirin ev sahiblərindən biri Misirlə həmsərhəd olan Mərakeş olacaq. Komandanın baş “fironu” o zaman 38 yaşında olacaq - Messidən bir yaş kiçik. Amma bu hələ 4 il sonra olacaq. Çərşənbə axşamı Misir cari turnirdə qalma müddətini uzatmaq üçün əlindən gələni etdi. Müdafiəyə qapanıb qalmadılar və bu da baş məşqçi Hossam Həsənin daha cəsarətli olduğunu göstərdi.

Argentina ilə matçda “fironlar” topa nəzarət etməkdə əsl cəsurluq nümayiş etdirərək futbol aləmini təəccübləndirdilər. Hassam Həsənin yetirmələri çəkinmədən 3-4 oyunçu ilə rəqib meydançasına daxil olur və kombinasiyalar qurmağa çalışırdılar. Kabo-Verde ilə matçda olduğu kimi, argentinalılar misirlilərə həddindən artıq sərbəstlik vermişdilər - təxminən 30-cu dəqiqəyə qədər “fironlar” topa sahibolmada üstün idilər. Skaloninin komandası hadisələri qabaqlamadı. Birinci hissənin ilk üçdəbirində onlar bir qol şansı belə yarada bilmədilər. Lakin Misir 15-ci dəqiqədə qolla hamını heyrətə saldı. Attiyahın künc zərbəsindən qapı xəttinə ötürməsi ilə epizodu başa vurdular. İbrahim Lisandro Martineslə hava duelində qalib gəldi və bir neçə metr məsafədən qol vurdu–0:1!

Bu qolla afrikalılar sankı əjdahanı oyatdılar. Argentina həqiqətən oyandı. Artıq 19-cu dəqiqədə Messi özünü göstərdi, rəqibin cərimə meydançası qarşısında boşluğa açılıb topu aldı və hücuma keçən Talyafikoya mükəmməl ötürmə etdi. Niko cərimə meydançasının sol kənarına doğru qaçdı və Haysem Hassanla toqquşdu. Fransua Leteksier tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi.

Leo topa yaxınlaşdı. Messi bu penalti vuruşundan sonra matçın antiqəhrəmanı kimi də Dünya çempionatı seriyasına son qoya bilərdi. Lionel topa tərəf qaçdı... amma zəif zərbə endirdi. Şobeyr möhtəşəm bir seyv etdi. Messi 2026-cı il Dünya çempionatında ikinci penaltisini qaçırdı və ümumilikdə bu onun mundiallarda qaçırdığı 4-cü penalti idi. Üçüncüsü artıq rekord olmuşdu, bu isə əfsanənin “rekordu”nu daha əlçatmaz etdi.

Misirin hazırkı baş məşqçisi ilə Afrika Millətlər Kubokunu qazanan və 1990-cı il Dünya çempionatında oynayan məşhur qapıçının oğlu turnirdəki ikinci penaltisini dəf edərək Polşalı Tomaşevski (1974) və Şçesninin (2022), eləcə də Amerikalı Fridelin (2002) rekordunu təkrarladı. Argentinanın ilk 45 dəqiqədə qolsuz qalmasının əsas səbəbkarı da məhz Şobeyrin pişik kimi cəldliyi və çevikliyi oldu.

İnsafən, Dünya çempionları pis oynamırdılar. Mak Allister De Paulun ötürməsini başla qapıya vurdu. Alvaresin penalti nöqtəsi həndəvərindən hücumu. Yox, misirli qapıçının sehri davam edirdi. Messinin cərimə zərbəsi dirəyə dəydi, amma bu vəziyyətdə belə, Şobeyr nəzarəti itirmədi, hətta dirəkdən çarpılmış topun meydandan çıxmasının qarşısını almamaq üçün əllərini də çəkdi. İkinci hissə başlayanda meydan oyunçuları qapıçılarının həyatını asanlaşdırmaq üçün əllərindən gələni etdilər və cərimə meydançasında, sözün əsl mənasında, “avtobus” yerləşdirdilər.

Bu fədakar dirəniş uzun müddət davam etdi, lakin 60 dəqiqə bitməmişdən əvvəl əks-hücumda Həsənin parlaq qaçışı, Salahın dəqiq ötürməsi və Zikonun qarşısıalınmaz zərbəsi 2-ci qolu gətirdi. Misirin sevinci və Argentinanın şoku hakim monitora gedib erkən qayda pozuntusuna görə qolu hesaba almayana qədər davam etdi. Nəticədə, yalnız köynəyini soyunub bayram etməsinə görə Zikoya göstərilən sarı vərəqə protokola yazıldı.

Argentina qazandığı cərimə zərbəsindən qol vursaydı, necə də dönüş olardı! Amma yenə də heç nə olmadı və Salah, Həsən və Ziko tezliklə cərimə meydançalarından ötürülən topun ardınca düşdülər. Kabo-Verde ilə oyunun qəhrəmanı Lisandro ikinci qol səhvini etdi. 67-ci dəqiqədə Misir ikinci qolunu vurdu–2:0.

Argentinanın fantastik kambeki

Hər şey bitdi? Yox! Messi komandasını bu şəkildə məyus edib turnirə əlvida deyə bilməzdi. O, bütün gücü ilə çalışırdı. Bu məqamda Argentina üçün ən qorxulu şey hesabda 0:2 geri qalması yox, oyunu necə dəyişəcəklərini bilməməsi idi. Messinin topu dərindən götürüb cərimə meydançasına təkbaşına girməyə çalışdığı anlar, sonsuz məyusluqlar və uğursuzluq kompleksi ilə Skalonidən əvvəlki dövrü xatırladırdı. Lakin “albaselesta” keçmişin kabusunu çoxdan qovub özündən uzaqlaşdırmışdı və Leo mütləq öz sözünü deməliydi. Nəhayət, əfsanə bu Dünya çempionatında ilk, ancaq son dərəcə mükəmməl məhsuldar ötürməsini etdi: topu Romeronun başla qapı çərçivəsinə düşməsi an məsələsi oldu. Sonra inanılmaz bir driblinqlə cərimə meydançasında iki oyunçunu keçib – Lautaronun qapıya zərbə endirməsi üçün əla fürsət yaratdı. Zərbəni dəf edəndə Messi sehrini işə saldı və çoxdan vacib olan qolu özü vurdu.

Bu onun tək bir dünya çempionatında vurduğu 8-ci qolu – 1930-cu ildə ilk Dünya çempionatında Gilermo Stabilenin Argentina rekordunun təkrar oldu. Aman Allah, o bunu necə bacarır?! Sehrbazlığın təbiəti sualına cavab verməyə çalışmağın mənası varmı? Sadəcə, Leonun, fantastik oyunundan və uçurumun kənarında dolanan komandasını xilas edən qolundan sonra dostlarının necə şövqlə onu qucaqlayıb bayram etdiklərindən zövq almaq lazımdır. Budur, Messi möcüzəsindən şoka düşən Misir isə, Lautaronun Enzonun başına ötürməsi ilə nokauta düşür. Bunda da Messinin “barmağı” vardı. O komanda yoldaşına topu ona yox, Lautaroya atmasına işarə edir.

“Fironlar” mundiallar tarixində ən uğurlu şanslarını qaçırdığına və rəqiblərinə üçüncü - qələbə qolunu vurmağa asanlıqla icazə verdiyinə inana bilmirlər. 79-cu dəqiqədən 90-cı dəqiqəyə və əsas vaxta əlavə edilmiş 2-ci dəqiqəyə qədər olan 13 dəqiqə bu matçda hər şeyi alt-üst etdi! Argentina bu 13 dəqiqəyə möcüzəvi bir kambek etdi. Bu Argentinanı və onun kapitanı, futbol sehrkarı Messini sevməmək mümkün deyil!

Final fitindən sonra Leo göz yaşlarına hakim ola bilmir. Oynamağa davam et, Leo, sən buna layiqsən!

***

1/4 finalda Argentinanın rəqibini müəyyənləşdirəcək turun sonuncu matçı İsveçrə ilə Kolumbiya millisi arasında keçirildi. Qarşılaşma hər iki komanda üçün gərgin və yorucu oldu.

Bu matç Dünya çempionatının 1/8 final mərhələsindəki bütün matçlar arasında bəlkə də ən az maraq doğuran qarşılaşma oldu. Amma çox vaxt unudulmaz emosiyalar bəxş edən məhz bu cür qarşılaşmalar olur. Buna ümid etmək olardı, çünki hər iki komanda yüksək bacarıqlı oyunçularla təmsil olunurdu: hər ikisi müasir, dinamik futbol oynayır və az-çox bərabər səviyyədədirlər.

İlk hissədə İsveçrə demək olar ki, heç bir təhlükəli vəziyyət yaratmadı - topu inamla idarə edir və sakitcə müdafiə olunurdular, amma hücumları elə də gərgin olmurdu. Yalnız yarım saatdan sonra avropalılar təhlükəli cəhdlər etməyi bacardılar. Rider və Ndoye cərimə meydançasına şığıdılar və güclü zərbələr endirdilər, lakin bunlar kolumbiyalı qapıçı Varqası çıxılmaz vəziyyətə sala biləcək qədər təhlükəli deyildilər.

Kolumbiyaya gəldikdə isə, onlar bu Dünya çempionatında müdafiədə əla oynamışdılar - 4 matçda cəmi 1 qol buraxmışdılar ki, bu da özbək qardaşımız Abbos Fayzullayevdən gəlmişdi. Nestor Lorensonun komandasının oyun tərzini başa düşmək çətin deyildi. Doğrudur, Kolumbiyanı qapısı qarşısına “avtobus” qoyan komanda adlandırmaq olmazdı - onların çoxlu sürətli və çevik oyunçuları var.

Diaz müdafiənin sol cinahında isveçrəlilərə təzyiq göstərirdi, amma onlar Luisə qarşı çox ciddi oynayırdılar – isveçrəli müdafiəçilər əsas təhlükənin kimdən gələcəyini bilirdilər. Buna baxmayaraq, ilk hissədə Puerta gözəl fürsət əldə etdi və uzaq küncə əla zərbə endirdi, amma Kobelin gözəl sıçrayışı və seyvi bu qolun qarşısını aldı. Ümumilikdə, Kolumbiya əla müdafiə olundu, lakin hücum qurarkən tez qərar verməli olduqları anlarda ləngiyirdilər.

Fasilədən sonra meydandakı mənzərə çox dəyişmədi - komandalar irəli getmədi və topu rəqib qapısından uzaqlaşdırmağa üstünlük verdi. Luis Suarez təhlükəli zonada topu ələ keçirəndən sonra çərçivənin küncünü nişan ala bilsəydi, oyunun taleyini dəyişə bilərdi, amma top ayağından sürüşərək qapıdan kənara getdi. Beləliklə, iki 15 dəqiqəlik əlavə hissə məntiqi davam kimi görünürdü.

Əlavə vaxtın ikinci hissəsi Qranit Caka üçün həm qələbə, həm də rüsvayçılıq ola bilərdi. İsveçrəli kapitan komanda yoldaşının ötürməsindən sonra topu az qala yuxarı küncə vurub komandasını əzabdan qurtaracaqdı. Alınmadı və cəmi bir dəqiqə sonra topa uğursuz toxunuşdan sonra rəqibi Kampası Kobel ilə təkbətək qoyaraq bir saniyəlik milli komanda azarkeşlərinin bağrını yardı. Xoşbəxtlikdən, cənubi amerikalı hədəfi belə tapa bilmədi. Bu, hər şeyi həll edə biləcək bir an idi. Amma onların heç biri Messi deyildi…

Beləliklə, 1/4 finaldakı sonuncu vəsiqənin sahibi penaltilər seriyasında bəlli oldu. Kolumbiyalılar buna hazır deyildilər. Hətta Akanjinin çərçivəni dəqiq nişan ala bilməməsi belə onlara kömək etmədi. Sançes və Hernandesin bərbad zərbələri İsveçrənin 4-3 hesablı qələbəsinə gətirib çıxardı. 1/4 finalda Murad Yakinin yetirmələrini elə həmin gecə möcüzə göstərən Messinin komandasını gözləyir.

İlqar RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью