Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mikrobioloq mətbəx süngərinin nə qədər tez-tez dəyişdirilməli olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Lester Universitetinin klinik mikrobiologiya üzrə dosenti Primrouz Fristoun danışıb.
Mütəxəssisin sözlərinə görə, təhlükəli bakteriyaların yayılma riskini azaltmaq üçün mətbəx süngəri hər gün dəyişdirilməlidir.
O bildirib ki, nəm və üzərində qida qalıqları olan süngər qısa müddətdə mikroorqanizmlərin çoxalması üçün əlverişli mühitə çevrilir. Nəticədə bakteriyalar təmiz qablara, mətbəx masasına və digər səthlərə keçərək qida zəhərlənməsi riskini artırır.
Araşdırmalar göstərib ki, adi mətbəx süngərlərində Salmonella, Escherichia coli (bağırsaq çöpləri) və Staphylococcus aureus (qızılı stafilokokk) kimi təhlükəli bakteriyalar ola bilər.
Ekspertlər həmçinin qeyd ediblər ki, süngərin nə dərəcədə çirkləndiyini qoxusuna və ya görünüşünə əsasən müəyyən etmək mümkün deyil. Hətta xoşagəlməz qoxusu olmayan süngərdə belə çoxlu sayda bakteriya ola bilər. Əgər süngər pis qoxu verməyə başlayıbsa, onu dərhal atmaq tövsiyə olunur.
Primrouz Fristounun sözlərinə görə, süngərin məsaməli quruluşu onun tam təmizlənməsini çətinləşdirir. Zaman keçdikcə bakteriyalar qoruyucu bioplyonka əmələ gətirir ki, bu da dezinfeksiyanın effektivliyini azaldır. Bəzi mikroorqanizmlər isə süngər quruduqdan sonra belə iki həftəyədək onun daxilində yaşaya bilir.
Xədicə BAXIŞLI