MƏTBU SÖZÜN KEŞİYİNDƏ

20.07.2026

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mirzə Əsgərov həyat amalına, milli dövlətçiliymizə axıradək sədaqət nümayiş etdirdi

Bəzən bir ömür aylara, illərə sığmır. Bəzən qısa bir ömürdə bütöv bir dövrün yükünü, məsuliyyətini daşıyır, ağrı-acısını, sevincini yaşayırsan. Bəzən zamanın sürətlə keçdiyini hiss etmədən hadisələrin canlı iştirakçısı, dövrün salnaməsini yaradanlardan biri olur, həyatda silinməz izin, ürəklərdə solmaz xatirələrin qalır. Tələbəlik illərimin dostu, istedadlı qələm sahibi, mətbuatımızın parlaq simalarından biri Mirzə Qəhrəman oğlu Əsgərov kimi.

Haqqında mətbuat səhifələrində 3-4 yazım dərc olunub. Lakin Mirzənin keçdiyi ömür yolu, yaşadığı və iştirakçısı olduğu ictimai-siyasi hadisələr qalın-qalın kitablara sığan deyil.

Bu gün onun haqqında keçmiş zamanda danışmaq mənə çox ağır gəlir. Bizi brləşdirən, dostlaşdıran, qardaşlaşdıran cəhətlər olduqca çox idi. İlk növbədə ikimiz də halal, zəhmətkeş, çoxuşaqlı ailədə böyüyüb ərsəyə çatmışdıq. Mən Lerik rayonunun ucqar Lərmərud kəndindən, Mirzə qədim Naxçıvanın Ordubad rayonunun Aşağı Aza kəndindən çoxmilyonlu əhalisi olan paytaxt Bakı mühitinə düşmüşdük. Bizi bir doğmalıq, qayğısız tələbəlik həyatı, həm də mətbuata sonsuz maraq birləşdirmişdi.

Mirzənin atası Qəhrəman əmi, anası Fizzə xala halal zəhmətlə yaşayır, beş övladının qayğısını çəkərək həyata hazırlayırdılar. Mirzə uşaq yaşlarından təsərrüfatda işləyir, ailəyə arxa, dayaq olurdu. Ordu sıralarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə qəbul olunmuşdu.

Mən ondan üç kurs yuxarıda oxuyurdum. İşlədiyim Bakı Dövlət Universitetinin coxtirajlı “Lenin tərbiyəsi uğrunda” (indiki “Bakı universiteti”) qəzetinin redaksiyasında, tələbə yataqxanasında hər gün görüşür, fikir və mülahizələrimizi, çətinliklərimizi bölüşürdük. Mirzənin məqalələri universitet qəzetində, sonralar “Azərbaycan gəncləri”, “Sovet kəndi” və digər qəzetlərdə tez-tez çap olunurdu. İmzası diqqəti cəlb edir, yazıları oxucular tərəfindən sevilirdi. Artıq III kursda oxuyarkən Mirzə Əsgərov universitetin çoxtirajlı qəzetində ədəbi işçi vəzifəsində çalışırdı.

Ali təhsilini başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskva şəhərində mətbuat işçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu bitirdi.

İşgüzarlığı, təşkilatçılığı, mətbuat sahəsində təcrübəsi nəzərə alınaraq 1983-cü ildə Bakı Dəniz Özülüləri zavodunun “Xəzər-Kaspi” qəzetinə baş redaktor vəzifəsinə təyin olundu. Mirzənin yorulmaz səyləri, yüksək peşəkarlığı sayəsində “Xəzər-Kaspi” təkcə sahə qəzeti deyil, Qaradağ rayonunun qəzeti səviyyəsində tanındı və böyük nüfuz qazandı. O illərdə rəhbərlik etdiyi qəzet bir sıra uğurlara imza ataraq çoxlu mükafatlara layiq görüldü.

1987-ci ildən Mirzə Əsgərov taleyini Azərinforma (AZƏRTAC) bağladı, AZƏRTAC-ın Muğan bölgəsi, Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri kimi məsul vəzifələrdə çalışdı. Jurnalist taleyi onda gətirdi ki, Naxçıvanda xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi, milli mətbuatımızın himayədarı Heydər Əliyevin rəhbərliyi altında işlədi, qədim yurdun informasiya blokadasından çıxarılmasında əsl fədakarlıq, qətiyyət və peşəkarlıq nümayiş etdirdi.

O dövrdə informasiya uğrunda gedən mübarizə siyasi və hərbi mübarizə qədər vacib və əhəmiyyətli idi. Mirzə Əsgərov Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində informasiya cəbhəsinin ön xəttində dayanır, dünya mediasının diqqətini Azərbaycana yönəltmək, ölkəmizin haqq səsini beynəlxalq aləmə çatdırmaq üçün yorulmadan, gərgin səylərlə çalışırdı.

Mirzə Əsgərov üçün jurnalistika sadəcə peşə deyildi. O, mətbu sözü ictimai məsuliyyət, həqiqəti isə ən ali dəyər hesab edirdi. Xəbərin operativliyi ilə yanaşı, onun dəqiqliyinə və etibarlılığına xüsusi önəm verir, redaktor kimi gənc jurnalistlərin formalaşmasına diqqət yetirir, onlara peşə etikasını, obyektivliyi və dövlətçilik məsuliyyətini aşılayırdı. Onun rəhbərlik etdiyi kollektivlərdə jurnalistika vicdan və peşəkarlıq məktəbi kimi qəbul olunurdu.

İstedadlı, təcrübəli jurnalist Mirzə Əsgərov 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə Muxtar Respublikanı informasiya blokadasından çıxarmaq məqsədilə “Real” İnformasiya Agentliyini və “Naxçıvan” qəzetini təsis etdi. “Naxçıvan yaşayır, döyüşür” adlı kitabın müəllifi oldu.

BBC, CNN, Anadolu Agentliyi, TASS, İRNA və digər nüfuzlu beynəlxalq media qurumları ilə peşəkar əməkdaşlıq əlaqələri yaradaraq Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verdi. Rəhbərlik etdiyi media qurumları beynəlxalq jurnalistika mühitində etibarlı informasiya mənbəyi kimi tanınırdı.

O dövrdə Naxçıvan Ali Məclisinin sədri, milli mətbuatımızın himayədarı Heydər Əliyevin yüksək diqqəti və qayğısı sayəsində “Naxçıvan” qəzeti 150 min tirajla çap olunur, geniş oxucu auditoriyasının məhəbbətini qazanmışdı. Lakin bəzi siyasi nankorlar, xainlər, bədxahlar qəzetin Bakıda və Naxçıvanda fəaliyyətinə açıq şəkildə mane olur, əməkdaşlara qarşı təzyiqlər, hücumlar təşkil edirdilər. Mirzə Əsgərov yaradıcı kollektivlə birlikdə bütün təzyiqlərə, təqiblərə, təhqirlərə baxmayaraq cəsarətlə, qətiyyətlə, yüksək peşəkarlıqla fəaliyyətlərini davam etdirir, müstəqil Azərbaycanın mətbuat salnaməsinə parlaq səhifələr yazırdılar.

Oğlu, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Araz Əsgərli o çətin günləri xatırlayaraq deyir:

-Atam Heydər Əliyevi Azərbaycanın siyasi rəhbərliyinə dəvət edən məşhur “91-lər”dən idi. Həmin müraciətə imza atmaq sadəcə siyasi mövqe nümayiş etdirmək deyildi. Bu, məsuliyyət idi. Bu, dövlətçilik qarşısında vicdan borcu idi. Bu, Azərbaycanın gələcəyinə inamın ifadəsi idi. Mirzə Əsgərov həmin imzanı atdıqdan sonra öz missiyasını başa çatmış hesab etmədi. Əksinə, onun üçün əsas fəaliyyət bundan sonra başladı. O, jurnalist kimi, ziyalı kimi, ictimai xadim kimi xalqın düzgün məlumatlandırılması, cəmiyyətin baş verən siyasi prosesləri obyektiv qiymətləndirməsi üçün çalışırdı. Heydər Əliyevin xilaskarlıq missiyasını, dövlətçilik ideyalarını, milli birliyin vacibliyini insanlara çatdırırdı.

Yeni Azərbaycan Partiyasının fəal quruculrından biri olaraq Naxçıvanın rayon və kəndlərini gəzir, partiyanın təsis yığıncaqlarının keçirilməsində, ilk təşkilarların yaradılmasında yaxından iştirak edirdi. YAP-ın ərazi təşkilatının birinin təsis yığıncağında atama və onunla bir yerdə gələn nümayəndəyə sui-qəsd hazırlanmış, yaxın qohumların köməyilə onlar təcili yardım maşınında gizli şəkildə təhlükədən uzaqlaşdırılmışdılar. Bütün hücumlara, təzyiqlərə, təqiblərə baxmayaraq yolundan, əqidəsindən dönmür, partiya rəhbərinin tapşırıqlarını sədaqətlə, yüksək məsuliyyətlə icra edirdi.

O dövrdə dünyanın nüfuzlu informasiya agentliklərini Naxçıvana dəvət etmək, “Naxçıvan” qəzetini böyük tirajla çap etmək, jurnalist fəaliyyətini yüksək peşəkarlıqla aparmaq heç də asan deyidi. Mirzə Əsgərov ulu öndərin yüksək diqqət və gündəlik qayğısı sayəsində bütün bu işlərin öhdəsindən bacarıqla gəlirdi.

Yaxşı yadımdadır. Tanımadığımız adamlardan mənzil telefonumuza çoxlu zənglər olur, atama təzyiq göstərib onu ölümlə hədələyirdilər. Dəfələrlə iş yerinə basqın edərək yolundan əl çəkməsə onu aradan götürəcəklərini demişdilər. Atam bütün çətinliklərə mərdliklə, qətiyyətlə sinə gərərək Ümummilli liderin siyasi kursuna sədaqətlə xidmət edirdi.

O, bizə var-dövlət deyil, şərəfli soyad, təmiz ad və yüksək mənəvi dəyərlər miras qoydu. Bəzi insanlar dünyadan köçürlər, amma unudulmurlar. Mirzə Əsgərov da unudulmayanlardan oldu, -deyə Araz Əsgərli bildirir.

Araz Əsgərlinin bu fikirləri Mirzə Əsgərovun övladlarına qoyduğu ən böyük mirasın məhz mənəvi dəyərlər, dövlətçilik təfəkkürü və həqiqətə sədaqət olduğunu bir daha təsdiqləyir.

Əbədiyaşar lider Heydər Əliyev Mirzə Əsgərovun xidmətlərini yüksək dəyərləndirib: “Bir gün mənim yanıma bir cavan oğlan gəldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğunu dedim, amma o, öz işinin öhdəsindən layiqincə gəldi. Digər jurnalistlərə də Mirzə Əsgərov kimi əqidəli, peşəsinə sədaqətli, qələmini uca tutmağı tövsiyə edirəm. Allah rəhmət eləsin!”

Bu sözlər Mirzə Əsgərovun şəxsiyyətinə, fədakar jurnalist əməyinə verilmiş ən yüksək qiymətdir. Çünki əsl jurnalistin dəyəri təkcə yazdığı məqalələrlə deyil, həm də qazandığı etimad və sadiq qaldığı dəyərlərlə ölçülür.

“Xalq qəzeti”nin əməkdaşı, respublikanın əməkdar jurnalisti Namiq Əhmədov yaxın dostu barədə kövrək xatirələrini dilə gətirir: “Mirzə haqqında o qədər deyiləsi sözlər, xatirələr var ki... Çox səriştəli, bacarıqlı, sədaqətli, əvəzsiz bir insan idi. Yüksək təşkilatçılıq qabiliyyətinə malik idi. Bakı Dəniz Özülüləri zavodunun çoxtirajlı qəzetinin baş redaktoru işləyəndə tələbə yoldaşları zarafatla deyirdilər ki, Mirzə Əsgərov Qaradağı fəth edib. Çünki, “Xəzər-Kaspi” qəzetini rayon qəzeti səviyyəsinə qaldırmışdı. Raykomun birinci katibi Aleksandr Bolotin onun xətrini çox istəyirdi. Mirzənin sözü hər yerdə keçirdi. Onun üçün açılmayan qapı yox idi. Hansı işi tapşırsaydın, yüksək səviyyədə icra edərdi.

Ümummilli lider Naxçıvan Ali Məclisinin sədri olanda mətbuatla əlaqədar məsələləri Mirzəyə tapşırmışdı. Ona inanır, etimad bəsləyirdi. Mirzə Əsgərov cəsarətlə, yüksək peşəkarlıqla informasiya blokadasını yararaq Naxçıvan barədə obyektiv məlumatları paytaxt Bakıya və xarici ölkələrə çatdırırdı.

Dostumuz gözəl arzularla yaşayır, sabaha böyük ümidlə baxırdı. Heyf, əcəl aman vermədi. Səmimi, sədaqətli, xeyirxah, əziz dostumuzu, peşəkar jurnalisti vaxtsız itirdik.” Mirzə Əsgərov cəmi 37 il yaşadı. Əli çörəyə çatanda, ömrünün ən parlaq, yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişdi. İstedadlı, zəhmətkeş, cəsarətli, qətiyyətli jurnalist kimi mətbuat tariximizdə parlaq iz qoydu.

M. Əsgərov milli mətbuatımızın inkişafında səmərəli xidmətlərinə görə “Həsən bəy Zərdabi”, “Dan ulduzu”, “Qızıl qələm” mükafatlarına, H. Z. Tağıyev adına “Fəxriyyə” diplomuna layiq görüldü. Yaşasaydı daha böyük mükafatlar alacaq, sanballı yazıları, yeni kitabları ilə bizi sevindirəcəkdi.

O vaxt onu böyük perspektiv gözləyirdi. Lakin qəfil ölüm bütün arzularını yarımçıq qoydu. Bu gün Mirzə Əsgərovun övladları onun adını və mənəvi irsini böyük ehtiramla yaşadırlar. Qızı Aygün Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Oğlu Araz Əsgərli hüquqşünas kimi dövlət qulluğunda çalışsa da, atasından miras qalan həqiqətə sədaqət, sözə hörmət və dövlətçilik prinsiplərini media kommunikasiyası sahəsində fəaliyyətində yaşatmağa çalışır. Arazın məktəbli oğlu isə baba adını qürurla daşıyır.

Bu günlərdə Mətbuat Şurasında “Tusi” Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə tanınmış jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi qeyd olundu. Mətbuat Şurasının sədri Rəşad Məcid M.Əsgərovun Azərbaycan mətbuatında xüsusi yeri olduğunu, qətiyyəti, hadisə və proseslərə prinsipial mövqeyi ilə seçildiyini, böyük hörmət və nüfuz qazanaraq onu tanıyanların qəlbində əbədi iz buraxdığını bildirdi. Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə onun çox çətin dövrdə “Real” İnformasiya Agentliyini, “Naxçıvan” qəzetini təsis etməsini böyük cəsarət, fədakarlıq, dövlətçiliyə sədaqət nümunəsi adlandırdı. Tusi” Xeyriyyə Cəmiyyətinin sədri Yəhya Babanlı vurğuladı ki, Mirzə Əsgərov qısa, lakin örnək həyat yaşayıb, gərgin ictimai-siyasi şəraitdə üzərinə götürdüyü böyük missiyanı yüksək bacarıq və qətiyyətlə həyata keçirib. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, tanınmış yazıçı Xeyrəddin Qoca yubilyar haqqında xatirələrini bölüşərək onun parlaq, istedadlı qələm sahibi kimi xarakterizə edən cəhətlərdən danışdılar.

Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, YAP-ın Səbail rayon təşkilatının rəhbəri Muxtar Nağıyev, “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Hümbət Musayev, əməkdar jurnalistlərdən Etibar Babayev və Namiq Əhmədov, Mətbuat Şurası İdarə Heyətinin üzvləri-Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Tusi” Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin üzvü Əli Əliyev, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, professor Aydın Mehdiyev və başqaları M. Əsgərovu peşəkar jurnalist, əsl vətənpərvər və təəssübkeş ziyalı kimi ürəklərdə özünə əbədi abidə ucaltdığını bildrdilər.

Yubiley tədbirində bir qrup şəxsə “Tusi” Xeyriyyə Cəmiyyətinin “Jurnalist Mirzə Əsgərov adına Fəxri Diplomu” təqdim olundu. Əziz dostumun adına təsis olunmuş mükafata layiq görüldüyümə görə hədsüz sevinir, qürur hissləri keçirirəm.

Çox təəssüflənirəm ki, Mirzə Əsgərov cismən aramızda yoxdur. Bu gün mətbat aləmində onun adı iftixarla, dərin hörmət və böyük ehtiramla çəkilir. Müstəqil Azərbaycanın dövlətçiliyi naminə göstərdiyi xidmətlər, milli mətbuatımızın inkişafına verdiyi töhfələr Mirzə Əsgərovun adını müstəqillik dövrü Azərbaycan mediasının görkəmli simaları sırasında əbədiləşdirib. Mərd, sədaqətli, səmimi, gülərüz, qayğıkeş insan, mübariz jurnalist, parlaq şəxsiyyəti kimi ürəklərdə daim yaşayacaqdır.

Milli Mətbuat Günündə Mirzə Əsgərov kimi qələm sahiblərini xatırlamaq təkcə keçmişə ehtiram deyil. Bu, həm də jurnalistikanın əsl missiyasını-həqiqətə xidmət etməyi, cəmiyyət qarşısında məsuliyyət daşımağı və milli dövlətçilik maraqlarını qorumağı gələcək nəsillərə xatırlatmaq deməkdir.

Əlisəfa Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью