Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İyulun 22-də “Azərbaycan” nəşriyyatının təşəbbüsü və təşkilatçılığı ilə Bakıda milli mətbuatımızın 150 illiyinə həsr olunmuş “MətbuArt” beynəlxalq incəsənət simpoziumu sərgi ilə yekunlaşıb.
SİA xəbər verir ki, tədbirdə çıxış edən “Azərbaycan” nəşriyyatının baş direktoru Leyla Güləliyeva simpoziumun “Söz. Çap.
Forma – birləşən dünyalar” şüarına əsasən reallaşdığını diqqətə çatdırıb.
Direktorun sözlərinə görə, layihənin əsas məqsədi Azərbaycan mətbuatının tarixi inkişaf yoluna diqqət yönəltmək və onunla sıx bağlı olan “Azərbaycan” nəşriyyatının bir əsrdən artıq tarixini incəsənət dili ilə təqdim etməkdir.
“Simpoziumda 17 azərbaycanlı və 17 xarici rəssam, fotoqraf və heykəltaraş iştirak edir.
Xarici iştirakçılar arasında ABŞ, Cənubi Koreya, İspaniya, İtaliya, Macarıstan, Meksika, Mərakeş, Misir, Niderland, Norveç, Portuqaliya, Səudiyyə Ərəbistanı, Tailand və Türkiyəni təmsil edən sənət ustaları yer alır.
Fərqli üslublarda çalışan, incəsənətə və ətraf aləmə özünəməxsus baxışı olan sənətkarlar “Azərbaycan” nəşriyyatının təklif etdiyi ümumi konsepsiyadan ilhamlanaraq mövzuya şəxsi yanaşmalarını və bədii təxəyyüllərini əks etdirən əsərlər yaradırlar.