Metro təmirə bağlanırsa: Vətəndaşın günahı nədir?

06.08.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Bakı Metropoliteninin Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” ilə “Nizami” stansiyaları arasında 200 metrlik birləşdirici tunelin inşasına avqustun 15-dən başlanılması planlaşdırılır.

Tikinti 10–11 ay davam edəcək. Bu müddətdə “28 May” - “Nizami” istiqamətində qatarların hərəkəti dayandırılacaq, Yaşıl xətt qatarları “Dərnəgül” - “Nizami” marşrutu ilə işləyəcək.

Qeyd edək ki, “28 May” - “Nizami” istiqamətində aparılacaq tunel tikintisi minlərlə sərnişinin gündəlik işinə mənfi təsir göstərəcək.Bu isə xüsusilə hər gün metrodan istifadə edən sərnişinlər üçün sadəcə marşrut dəyişikliyi demək deyil. 

“Nizami”dən sonrakı istiqamətə getmək istəyən sərnişinlər yolun davamını avtobus və ya digər nəqliyyat vasitələri ilə qət etməli ola bilərlər. Nəticədə sərnişin həm əlavə vaxt itirə, həm də indiki gedişindən daha çox pul ödəməli ola bilər.

Problem ondadır ki, bu dəyişiklik sərnişinin şəxsi seçimi ilə baş vermir. Sərnişin nəqliyyat vasitəsini dəyişmək istədiyi üçün deyil, metroda aparılan tikinti işlərinə görə alternativ nəqliyyatdan istifadə etməyə məcbur olacaq. 

Belə vəziyyətdə metrodan çıxaraq avtobusa minən şəxsdən yenidən gediş haqqı tutulması xüsusilə gündəlik gedib-gələn və bir neçə dəfə nəqliyyatdan istifadə edən vətəndaşların aylıq xərclərini artıra bilər.

Digər tərəfdən, alternativ avtobusların təşkil olunması sərnişin axınının normal təmin edilməsi baxımından vacibdir. Lakin burada yalnız əlavə avtobusların xəttə buraxılması deyil, həmin avtobuslardan istifadə edən sərnişinin ödəyəcəyi məbləğin də nəzərə alınması məsələsi ortaya çıxır.

Bildirək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı Metropolitenində xətlərin ayrılması layihəsinə həsr olunmuş görüşdə bəyan edib ki, Bakı Metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində ekspres avtobuslardan istifadənin pulsuz olması nəzərdə tutulmur.Onun sözlərinə görə, bu variant məqsədəuyğun hesab edilmir.

"Çünki belə bir addım atılsa, biz hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq. Tövsiyəmiz ondan ibarətdir ki, vətəndaşlar bu bir neçə ay ərzində üstünlüyü marşrut avtobuslarına versinlər".

Maraqlıdır, sərnişin metroda yaranmış məhdudiyyət səbəbindən gediş üçün avtobusa da ödəniş etməsi sosial baxımdan nə dərəcədə ədalətli hesab oluna bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əgər ekspres avtobuslar çox qısa bir məsafədə, yəni “28 May” - “Nizami” istiqaməti üzrə işləyəcəksə, bu, pulsuz olmalıdır:

“Bu, vətəndaşın günahı deyil. Vətəndaş niyə avtobusa əlavə ödəniş etməlidir? Çox qısa bir məsafəyə niyə eyni ödənişi etsin ki? Biz uzun illərdir bu haqda da danışırıq ki, bizdə biletlər zamana bağlı olmalıdır.

Məsələn, saatlıq bilet 1 manata, günlük bilet 1,5 manata biletlər olmalıdır ki, o avtobusda və metroda keçərli olsun. Dünyanın hər yerində, eləcə də Gürcüstanda və Türkiyədə də bu belədir. 

Bunu həll etmək də asandır. Yəni metroya minən vətəndaş həmin saatlıq biletlə gün ərzində avtobusa da minə bilməlidir.

Bu təmir işləri vətəndaşın günahı deyilsə, vətəndaş “Nizami”dən “28 May”a 2-3 kilometrlik yolu niyə ödənişlə getməlidir ki?”

Ekspert qeyd edir ki, əgər həmin avtobus başqa yerə getməyəcəksə, yalnız bir xətt üzrə hərəkət edəcəksə, bu zaman avtobusdan istifadə pulsuz olmalıdır.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: metro Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью