Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məsələ ilə bağlı suallarımızı Bakı Metropolitenində Polis İdarəsinə və Bakı Şəhər Baş Polis İdarəsinin Tapıntılar Bürosuna ünvanladıq. Hər iki qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, əşyalar xüsusi saxlanc yerində qorunur.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Bizimyol.info xəbər portalına bildirib ki, əşyalar ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir: “Bakı Metropolitenində itirilmiş əşyalar polis əməkdaşları tərəfindən aşkarlandıqda ilkin olaraq stansiyadakı polis idarəsinin növbətçi hissəsinə təhvil verilir. Daha sonra əşyalar xüsusi saxlanc yerində qorunaraq saxlanılır. Əgər sənəd və ya əşyanın sahibi müəyyən edilməzsə, onlar bir ay müddətində Tapıntılar Bürosunda saxlanılır. Bu müddət ərzində sahibinin müəyyənləşdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə olunur. Əgər bu dövrdə heç kim müraciət etməzsə, əşyalar qanunvericiliyə uyğun şəkildə aidiyyəti qurumlara təhvil verilir”.
Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qəmbərli də bildirib ki, tapılan bütün əşyalar Bakı Metropolitenində Polis İdarəsində saxlanılır və polis əməkdaşları tərəfindən sahiblərinə qaytarılması üçün qorunur: “Vətəndaş əşyasının itməsi ilə bağlı müraciət etdikdə Polis İdarəsinə dəvət olunur. Prosedura uyğun olaraq qəbz tərtib edilir, əşya isə sahibinə təhvil verilir. Vətəndaş əgər bir ay ərzində müraciət etməzsə, tapılan əşyalar Bakı Şəhər Polis İdarəsinin Tapıntılar Bürosuna təhvil verilir”.
Günel Həsənova, Bizimyol.info