Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Bakı metrosunda platformalarda qoruyucu şüşə arakəsmələrin tətbiqi imkanları araşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bir sıra inkişaf etmiş ölkələrin metropoliten sistemlərində platforma qoruyucu şüşə arakəsmələri sərnişin təhlükəsizliyinin artırılması məqsədilə tətbiq olunur və bu təcrübə öyrənilir: "Platforma arakəsmələri ən səmərəli şəkildə yalnız müasir avtomatik idarəetmə və işarəvermə sistemləri olan xətlərdə tətbiq olunur. Bu sistemlər qatarların platformada dəqiq və sabit dayanma mövqeyini avtomatik şəkildə təmin edir. Hazırda isə qatarların platformada dayanmasını maşinist həyata keçirir. Qapıların qoyulması üçün isə bizə avtomatik sistemin verdiyi dəqiqlik zəruridir".
O qeyd edib ki, Bakı Metropolitenində fərqli nəsil və bir neçə model vaqon istismar olunur və qapıların yerləşməsi fərqlidir: "Onların bəzilərinin qapısı içəri, bəzilərinin qapısı isə çölə açılır. Bu, platforma arakəsmələrinin standart formada tətbiqini çətinləşdirən amillərdən biridir. Bu mənada stansiyaların havalandırma və hava dövriyyəsi xüsusiyyətləri nəzərə alınmalıdır. Yaşıl və Qırmızı xətlərdə hava stansiyalara əsasən tuneldən daxil olur. Platforma arakəsmələri quraşdırılması hava axınlarının qarşısını alacaq. Bu həm tunel infrastrukturuna və ən əsası sərnişinlərə mənfi təsir göstərə bilər".
Oxunub 56