Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Yolüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı Metropolitenində xəttlərin ayrılması layihəsi ilə əlaqədar altı yeni ekspres marşrut xətti təşkil olunub.
Gununsesi.info xəbər verir ki, bunu AYNA-nın mətbuat katibi Tural Orucov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, layihənin başlanması ilə əlaqədar vətəndaşlar ekspres marşrutların imkanlarından aktiv şəkildə istifadə edirlər.
O bildirib ki, 28 May Nəqliyyat Mübadilə Mərkəzində M1, M2 və M3 nömrəli üç ekspress marşrut xətti fəaliyyət göstərir. M1 marşrutu İnşaatçılar metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə, M3 marşrutu isə 20 Yanvar metrostansiyasını 28 May Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirir.
Tural Orucov qeyd edib ki, M1 və M3 ekspres marşrutları üzrə hərəkət edən avtobuslar Nizami metrostansiyasının qarşısında da dayanır. Bu səbəbdən Elmlər Akademiyası və 20 Yanvar istiqamətindən gələn sərnişinlər həmin dayanacaqda avtobuslara minib-düşə bilərlər.
AYNA rəsmisinin sözlərinə görə, əlavə olaraq M4, M5 və M6 nömrəli üç ekspres marşrut da təşkil edilib. M4 və M5 marşrutları 20 Yanvar metrostansiyasından hərəkət edir. M4 20 Yanvar metrostansiyasını Koroğlu, M5 isə Gənclik metrostansiyası ilə əlaqələndirir. M6 marşrutu isə Elmlər Akademiyası metrostansiyasından Gənclik metrostansiyasına sərnişindaşıma həyata keçirir.
Tural Orucov vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı və getmək istədikləri istiqaməti düzgün müəyyənləşdirərək ekspres marşrutlardan səmərəli istifadə etməyi tövsiyə edib.
“Əsas qayəmiz insanların səfər sayını minimuma endirməkdir. Bundan əlavə, mövcud 20 müntəzəm avtobus marşrutuna əlavə avtobuslar cəlb olunub. Ümumilikdə, 100-ə yaxın avtobus xəttlərdə fəaliyyət göstərəcək. Məqsəd avtobusların sayını artırmaq, əlçatanlığı təmin etmək və sərnişinlərin rahatlığını yüksəltməkdir”, – deyə o bildirib.
AYNA rəsmisi əlavə edib ki, vətəndaşlara istiqamət vermək məqsədilə nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb. Könüllülər 20 Yanvar, 28 May, Elmlər Akademiyası və İnşaatçılar metrostansiyalarının qarşısında sərnişinlərə məlumat verirlər (Trend).