Icma.az, Axsham.az saytına istinadən bildirir.
“Friends” serialının aktyorları mərhum həmkarları Metyu Perrinin həyatından bəhs edən sənədli filmdə çəkilməkdən imtina ediblər.
Axşam.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
"Netflix" platformasında yayımlanması planlaşdırılan “The Definitive Matthew Perry” adlı ekran işində aktyorun yaxınları və həmkarları iştirak edib. Lakin Cennifer Eniston, Devid Şvimmer, Mett LeBlan, Kortni Koks və Liza Kudrou filmdə rol almayıb.
Cennifer Enistona yaxın mənbənin sözlərinə görə, aktrisa kameralar qarşısında oturub ağlamaq, yaşananları yenidən xatırlamaq və bunları ictimaiyyətə çıxarmaq istəmir.
Digər aktyorların sənədli filmdə iştirakdan niyə imtina etdiyi isə açıqlanmayıb.
Qeyd edək ki, 54 yaşlı Metyu Perri 28 oktyabr 2023-cü ildə vəfat edib. Los-Anceles dairəsinin tibbi ekspertizasının məlumatına görə, aktyorun ölüm səbəbi kəskin ketamin təsiri olub. Ölümündən əvvəlki üç gün ərzində Perri psixi sağlamlıq problemlərinin müalicəsi üçün həkimi tərəfindən təyin olunan dozadan əlavə 27 doza ketamin qəbul edib.