Meyvə tərəvəzin qabığı özündən daha FAYDALIDIR

30.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İngiltərədə aparılan araşdırma meyvə və tərəvəzlərin adətən tullantı kimi atılan qabıq, saplaq və toxumlarının mühüm qida mənbəyi olduğunu üzə çıxarıb. 

"Cebheinfo.az" xəbər verir ki, tədqiqatçılar bu hissələrdən istifadə etməklə gündəlik lif qəbulunu artırmağın və qida israfını azaltmağın mümkün olduğunu bildirirlər.

Araşdırmaya görə, böyüklərin cəmi 4 faizi gündəlik tövsiyə olunan 30 qram lif normasını qəbul edir. Lif həzm sisteminin normal fəaliyyətinə kömək edir, toxluq hissini uzadır, həmçinin ürək xəstəlikləri və bağırsaq xərçəngi riskini azaldır.

Qabıq və toxumlarda daha çox lif var

London Kral Kollecinin alimləri 12 növ meyvə və tərəvəzi araşdırıblar. Nəticələr göstərib ki, adətən atılan bəzi hissələrdə lifin miqdarı məhsulun yeyilən hissəsindən daha çoxdur.

Məsələn, kivi qabığı ilə yeyildikdə 50 faiz daha çox lif verir. 100 qram balqabaq qabığı və toxumunda 9,25 qram, qarpız qabığında isə 2,10 qram lif aşkarlanıb. Ananasın qabığı və sərt iç hissəsindəki lifin miqdarı meyvənin yumşaq hissəsindən beş dəfə çoxdur.

Araşdırmaya rəhbərlik edən doktor Rachel Gibson bildirib ki, insanlar meyvə və tərəvəzlərin faydalı hissələrini tullamaqla həm qida, həm də pul itirirlər.

Tədqiqatçılar brokoli saplağından, bibər toxumlarından və kivi qabığından yeməklərdə istifadə etməyi tövsiyə edirlər. Onların sözlərinə görə, bu hissələri bişirmək və ya yeməklərə əlavə etmək mümkündür.

İngiltərə Diyetoloqlar Assosiasiyasının nümayəndəsi Kirsten Jackson da meyvə və tərəvəzlərin bu hissələrindən istifadə etməyin faydalı olduğunu bildirib. O, məhsulların əvvəlcə yaxşı yuyulmasını, sərt hissələrin isə yeməyə uyğun formada hazırlanmasını tövsiyə edib.

Mütəxəssislər eyni zamanda xəbərdarlıq edirlər ki, bütün bitki hissələrini yemək təhlükəsiz deyil. Yaşıl kartof və ravənd yarpaqları zəhərli birləşmələr ehtiva edir. Həmçinin lif qəbulunu, xüsusilə həssas bağırsağı olan şəxslər, tədricən artırmalıdırlar.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью