Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
1825-ci ildə meyvəsindən faydalanmaq məqsədilə Braziliyadan Havay adalarına gətirilən çiyələk quavası zamanla sıx kolluqlar yaradaraq yerli tropik meşə növlərinin inkişafına mane olmağa başlayıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, alimlər bu invaziv bitkinin yayılmasını məhdudlaşdırmaq üçün dronlar və xüsusi həşəratlar vasitəsilə bioloji mübarizə üsulları tətbiq edirlər.
Hələ 2012-ci ildə ağacın şirəsi ilə qidalanan və yalnız bu növə uyğunlaşan "Tectococcus ovatus" adlı həşəratın təbiətə buraxılmasına icazə verilib. Cavan yarpaqlarda "qal" adlanan şişkinliklər yaradan dişi həşəratlar bitkinin enerjisini tükədərək onun meyvə verməsini azaldır. Həşəratları meşəlik ərazilərə çatdırmaq üçün dronlardan və helikopterlərdən istifadə olunur.
Havay Universitetinin Hilo kampusunun əməkdaşları Rayan Perroy və Oliviya Carvis 2025-ci ilin yayında dərc etdikləri elmi araşdırmada müxtəlif üsulları müqayisə ediblər. Məlum olub ki, əvvəllər bir ağac üçün təxminən 12 dəqiqə çəkən proses dronlar vasitəsilə 2,8 dəqiqəyə enib.
Ola Meşə Qoruğundakı 129 ağac üzərində aparılan müşahidələr göstərib ki, bir il sonra həşəratların ağaclarda məskunlaşma göstəricisi dronlarla tətbiqdə 63 faiz, ənənəvi üsulla (şüvüllə) tətbiqdə isə 38 faiz təşkil edib. Ümumi müqayisədə dronla buraxılışda 71,6 faiz, helikopterdən əllə atılışda isə 68 faiz uğur əldə olunub və dronların hədəfə daha dəqiq çatdığı təsdiqlənib.
Təxminən 475 min hektar əraziyə yayılan bu invaziv növə qarşı bir kilometrlik intervallarla aparılacaq mübarizənin 4 750 buraxılış nöqtəsi və 92,5 saatlıq helikopter uçuşu tələb edəcəyi hesablanıb.
Tədqiqatçılar bildirirlər ki, əsas hədəf bütün ağacların məhv edilməsi deyil, onların meyvə istehsalını azaltmaq və quşların, çöl donuzlarının, eləcə də iribuynuzlu heyvanların toxumları yeni ərazilərə daşımasının qarşısını almaqdır.
Bizim.Media