Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
1991-ci ilin noyabrında Gəncədə aparılan jurnalist araşdırmasının cavabsız sualları
Bəzən illər keçir, hadisələr tarixə çevrilir, şahidlər dünyadan köçür. Amma elə suallar var ki, zaman keçdikcə unudulmaq əvəzinə, daha çox yada düşür, elə hey düşündürür. 1991-ci il noyabrın 20-də Qarabağ səmasında baş vermis, tarixə “Qarakənd faciəsi” adı ilə düşmüş vertolyot terroru da belə hadisələrdəndir.
Həmin gün Azərbaycanın dövlət və hökumət xadimlərini, tanınmış ziyalılarını, jurnalistlərini Xocavəndin Qaradağlı kəndində törədilmiş dəhşətli soyqırımı ilə bağlı qanlı hadisə yerinə aparan Mİ-8 hərbi vertolyotu Ağdam rayonu ilə qonşuluqdakı Qarakənd erməni məntəqəsi yaxınlığında vuruldu. Azərbaycanın 22 ən dəyərli övladı həyatını itirdi. Bu, ölkənin siyasi və ictimai həyatına vurulan ağır zərbə idi.
Azərbaycan müstəqilliyini yenicə bərpa etmişdi. Qarabağda vəziyyət getdikcə ağırlaşır, silahlı qarşıdurmalar genişlənirdi. İnsanlar demək olar ki, hər gün yeni bir faciənin xəbərini eşidirdilər. Lakin 20 noyabr hadisəsi həm itkilərin miqyasına, həm də doğurduğu suallara görə xüsusilə ağır idi.
Bu gün həmin hadisəni xatırlayanda gözlərimiz önündə 1991-ci ilin noyabr günləri, Gəncədə gördüklərimiz, eşitdiklərimiz, cavab axtardığımız suallar canlanır. Mən bu faciə haqqında yalnız rəsmi məlumat əsasında yazmamışdım. Vertolyotun qalıqlarına baxmış, mütəxəssislərlə danışmış, hətta Moskvadan gətirilmiş xüsusi təyyarə-laboratoriyaya daxil olmuşdum. Bütün bunlar barədə sonralar “Xalq qəzeti”ndə dərc olunan “Mİ-8 sirrini açacaqmı?” adlı məqaləmdə yazmışdım.
İndi, 35 il sonra həmin yazıya yenidən qayıdıram. O günlərdə gördüklərim bir-bir gözlərim önünə gəlir.
Gəncədə gördüklərim…
Faciədən sonra vertolyotun qalıqları Gəncəyə gətirilmişdi. Onlara baxmaq imkanı əldə etdim. İllər keçsə də, həmin mənzərə yaddaşımdan silinməyib. Qarşımda yerə düzülmüş metal parçaları sıralanmışdı. Onlara baxdıqca düşünürdüm ki, görəsən, mütəxəssislər bu qalıqlar əsasında nə qərara gələcəklər?
Məni maraqlandıran təkcə vertolyotun hansı silahla vurulması deyildi. Başqa suallar da vardı. Uçuş necə təşkil olunmuşdu? Təhlükəsizlik tədbirləri hansı səviyyədə imiş? Marşrut necə müəyyənləşdirilibmiş? Bölgədəki hərbi-siyasi vəziyyət nəzərə alınmışdımı? Bütün bunlar ciddi araşdırma və inandırıcı cavablar tələb edirdi. O günlərdə verilən izahatlar isə məni tam qane etmirdi.
Hadisədən sonra Gəncəyə Moskvadan xüsusi təyyarə-laboratoriya da gətirilmişdi. Bu xəbər məni xüsusilə maraqlandırmışdı. Çünki vertolyotun qalıqlarının tədqiqi faciənin texniki səbəblərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyırdı. Həmin təyyarəyə daxil olmaq, oradakı mütəxəssislərlə danışmaq istəyirdim. Ancaq bu, asan məsələ deyildi.
Təyyarəyə heç kimi buraxmır, mütəxəssislərlə görüşməyə icazə vermirdilər. Jurnalistlərin ora yaxınlaşması belə mümkün deyildi. Lakin təkidimdən əl çəkmədim. Bu işdə o vaxt Gəncə Şəhər Sovetinin deputatı, eyni zamanda, seçici tapşırıqlarının icrasına nəzarət komissiyasının sədri olmağım köməyimə çatdı. Yoxsa, adi jurnalist kimi həmin təyyarəyə daxil olmaq, yəqin ki, mümkün olmayacaqdı.
Nəhayət, xüsusi təyyarə-laboratoriyaya daxil ola bildim. Mütəxəssislərlə söhbət zamanı vertolyotun qalıqlarının necə tədqiq edildiyini, hadisənin texniki tərəflərini və mümkün səbəblərini öyrənməyə çalışdım. Məni hər şeydən çox aparılan araşdırmanın hansı nəticəyə gətirib çıxaracağı maraqlandırırdı.
Bəs son nəticə nə oldu? Mütəxəssislər hansı qənaətə gəldilər? Hansı sübutlar əldə edildi? Həmin materiallar sonradan harada və necə qiymətləndirildi? Bu suallar məni o vaxt da düşündürürdü, indi də düşündürür. Çünki vertolyotun vurulduğunu bilmək bir məsələ, hadisənin bütün şəraitini, onu törədənləri və məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirmək isə başqa tələb idi.
“Mİ-8 sirrini açacaqmı?”
1991-ci il noyabrın 25-də “Xalq qəzeti”ndə dərc olunan məqaləmə bu başlığı təsadüfən seçməmişdim. “Mİ-8 sirrini açacaqmı?” Bu sual gördüklərimdən, eşitdiklərimdən, apardığım söhbətlərdən doğmuşdu. Ümid edirdim ki, vertolyotun qalıqları, ekspertizaların nəticələri, mütəxəssislərin rəyləri faciənin indiyədək məlum olmayan məqamlarını üzə çıxaracaq.
Axı belə hadisələrdə texniki ekspertizanın imkanları az deyil. Metal üzərindəki izlər, uçuşla bağlı məlumatlar, müxtəlif müayinələrin nəticələri hadisənin başvermə şəraitini müəyyənləşdirmək üçün ciddi əsas ola bilərdi. Əlbəttə, bir şərtlə ki, araşdırma obyektiv aparılsın, əldə edilən nəticələr ictimaiyyətdən gizlədilməsin. Məqaləmdə də məhz bu məsələlərə toxunmuşdum.
İndi həmin qəzet səhifəsinə baxanda düşünürəm: 35 il əvvəl verdiyim sual niyə bu günədək cavabını tapmayıb və aktuallığını saxlayır? Məgər bu müddət ərzində bütün materialları araşdırıb qaranlıq qalan məqamlara aydınlıq gətirmək mümkün deyildimi?
Vertolyotda müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər naziri Məhəmməd Əsədov, Baş nazirin müavini Zülfi Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev və başqa rəsmi şəxslər, sovet generalları, telejurnalistlər var idi. Faciədə 22 nəfərin həyatını itirməsi təkcə onların ailələrinin deyil, bütün Azərbaycanın itkisi idi.
Cavab gözləyən suallar
Bu gün 1991-ci ilin noyabrına qayıdanda yenə həmin sualların harayını eşidirdən. Vertolyotun qalıqları üzərində aparılmış ekspertizaların yekun sənədləri haradadır? Moskvadan gətirilmiş xüsusi təyyarə-laboratoriyanın hazırladığı rəy və hesabatlar hansı arxivlərdə saxlanılır? Hadisə ilə bağlı toplanmış materiallar sonrakı illərdə yenidən öyrənilibmi?
Bu suallarla bağlı belə hesab edirəm ki, istintaqın müəyyən etdiyi faktlar, şahid ifadələri, ekspertiza nəticələri və sonradan irəli sürülmüş ehtimallar bir-birindən ayrılmalıdır. Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün buna ehtiyac var.
1991-ci ilin noyabrında Gəncədə vertolyotun qalıqlarına baxarkən ağlıma gəlməzdi ki, 35 il sonra yenidən bu mövzuya qayıdacağam. O vaxt düşünürdüm ki, çox keçməz, ekspertizalar başa çatar, hadisənin bütün təfərrüatları aydınlaşar. İndi isə qarşımdakı köhnə qəzet səhifəsinə baxıram. Orada mənim imzam, o günlərdə apardığım araşdırmanın nəticələri və cavabını gözlədiyim suallar var. Aradan bu qədər vaxt keçməsinə baxmayaraq, həmin sualların bir çoxuna hələ də aydın cavab tapa bilmirəm.
İllər keçdikcə hadisənin canlı şahidləri azalır. O günləri görən, araşdırmalarda iştirak edən adamların xatirələri də tarix üçün mühüm mənbədir. Nə qədər ki, imkan var, onların bildikləri öyrənilməli, sənədləşdirilməlidir.
Bu gün, noyabrın 20-də Qarakənd faciəsindən 35 il ötür. Yenə həlak olanların xatirəsi yad ediləcək, onların dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən danışılacaq. Lakin faciənin 35-ci ildönümünün yalnız anım tədbirləri ilə məhdudlaşması yetərli deyil. Gərək o vaxt aparılmış araşdırmaların materiallarına yenidən baxılsın.
Xüsusilə vertolyotun qalıqları üzərində aparılmış ekspertizalar, uçuşun təşkili və hadisənin başvermə şəraiti ilə bağlı sənədlər bir daha öyrənilsin. Bu, həm həlak olanların xatirəsinə hörmət, həm də tariximizin həmin ağır səhifəsinin daha dolğun araşdırılması baxımından vacibdir.
Mənim isə 20 noyabr faciəsi ilə bağlı öz jurnalist yaddaşım var. Gəncədə yerə düzülmüş vertolyot qalıqları… Moskvadan gətirilmiş xüsusi təyyarə-laboratoriya… İçəri daxil olmaq üçün göstərdiyim təkid… Mütəxəssislərlə söhbətlər… 1991-ci ilin noyabrında “Xalq qəzeti”ndə dərc etdirdiyim məqalə…Və o məqalənin başlığı: “Mİ-8 sirrini açacaqmı?” Mİ-8-in sirrini açmaq üçün daha neçə il gözləyək?
Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri