Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Microsoft şirkətinin xidmətlərində dünya miqyasında genişmiqyaslı texniki nasazlıq baş verib.
KONKRET.az xəbər verir ki, şirkətin proqramlarından istifadə edən on minlərlə insan Outlook, Teams və süni intellekt əsaslı Copilot xidmətlərinin fəaliyyətində problemlərlə qarşılaşıb.
Downdetector portalının məlumatına görə, nasazlıq noyabrın 12-də axşam saatlarından başlayıb. Noyabrın 13-ü səhər saatlarında isə problemlə bağlı şikayətlərin sayı yenidən artıb. Ümumilikdə dünyanın 74 ölkə və regionundan istifadəçilər çətinliklərlə üzləşdiklərini bildiriblər. Şikayətlərin qeydə alındığı ölkələr arasında Almaniya, Ukrayna, Azərbaycan və İsrail də var.
Microsoft şirkətinin Microsoft 365 Status adlı rəsmi hesabında noyabrın 12-də axşam saatlarında X sosial şəbəkəsində yayılan açıqlamada bildirilirdi:
«Hazırda Şimali və Cənubi Amerikadakı istifadəçilərin müxtəlif qoşulma üsullarından istifadə edərkən Exchange Online poçt qutularına daxil olmaqda yaşadıqları problemlərlə bağlı məlumatları araşdırırıq».
Şirkət əlavə edib ki, bağlantı ilə bağlı çətinliklər dünyanın digər regionlarında da müşahidə oluna bilər.
İlkin məlumatlara əsasən, nasazlıq infrastrukturun həddindən artıq yüklənməsi ilə əlaqədardır. Bununla belə, problemin internet trafikinin artmasından qaynaqlanmadığı bildirilir.
Reuters agentliyinin məlumatına görə, Microsoft tətbiqlərindəki kütləvi nasazlıq digər şirkətlərin fəaliyyətinə də təsir göstərib.
Belə ki, elektrik yük avtomobilləri istehsal edən Workhorse Group proqram təminatında yaranan problemlər səbəbindən rüblük maliyyə hesabatının təqdimatını noyabrın 16-na təxirə salıb.
Elektron poçta və digər xidmətlərə çıxışın məhdudlaşması OpenAI və Anthropic şirkətlərinin də istifadə etdiyi Microsoft 365 komponentlərinin fəaliyyətinə təsir göstərib. Həmin komponentlər müxtəlif tətbiqlərin əlaqələndirilməsi və məlumat mübadiləsi üçün istifadə olunur.
Beləliklə, Microsoft sistemlərində yaranan texniki problem yalnız adi istifadəçilərin deyil, iri texnologiya şirkətlərinin və biznes strukturlarının da fəaliyyətində çətinliklər yaradıb. Nasazlığın aradan qaldırılması istiqamətində işlərin davam etdiyi bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az