Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Microsoft”un infrastrukturunda baş verən genişmiqyaslı nasazlıq 74 ölkədə istifadəçilərə təsir edib. “Outlook”, “Teams”, “OneDrive” və digər xidmətlərin fəaliyyətində yaranan problemlər dövlət qurumlarının, maliyyə bazarlarının və böyük şirkətlərin işini pozub.
Yeniavaz.com “Downdetector”a istinadla xəbər verir ki, nasazlıqla bağlı təxminən 200 min müraciət qeydə alınıb.
“Bloomberg” hadisəni “Microsoft” tarixində ən ciddi texniki problemlərdən biri adlandırıb. Nasazlıq əvvəlcə ABŞ-də başlayıb, daha sonra Asiya və Avropaya yayılıb.
Dövlət qurumları və şirkətlər də təsirlənib
Avstraliya və Asiya ölkələrində treyderlər iş alətlərinə və məlumatlara çıxışda çətinliklərlə üzləşiblər. Müştərilərlə əlaqə saxlamaq və əməliyyatları razılaşdırmaq üçün telefon zənglərindən və alternativ mesajlaşma tətbiqlərindən istifadə etməyə məcbur olublar.
Nasazlıq dövlət qurumlarına da təsir edib. Avstraliyada kəşfiyyat xidməti və federal polis, Yaponiyada isə hökumətin İT infrastrukturu problemlərlə üzləşib. ABŞ Konqresinin Nümayəndələr Palatası da nasazlıq barədə məlumat verib.
Hindistanın “IndiGo” və “Akasa Air” aviaşirkətlərinin müştəri xidmətləri elektron poçta çıxışını itirib. “Workhorse Group” şirkəti isə “Microsoft” sistemlərindəki problemlərə görə rüblük hesabatının açıqlanmasını təxirə salıb. “OpenAI” və “Anthropic” də nasazlıqdan təsirlənən şirkətlər arasında olub.
“Microsoft” problemi tam həll edə bilməyib
“Microsoft” nasazlığı serverlərdə yaranan problemlərlə əlaqələndirsə də, dəqiq səbəbi açıqlamayıb. Şirkət serverlərdə müəyyən dəyişikliklər etdiyini, lakin xidmətlərin sabit fəaliyyətini tam bərpa edə bilmədiyini bildirib.
Avstraliya hakimiyyəti və “Microsoft” hadisənin kiberhücumla bağlı olmadığını qeyd edib.
Nasazlıq “Outlook”, “Teams”, “OneDrive” və “Copilot” daxil olmaqla bir neçə xidmətin işinə təsir göstərib. İstifadəçilər xüsusilə fayllardakı dəyişiklikləri yadda saxlamaq və elektron poçtdan istifadə etməkdə çətinlik çəkiblər.
Qeyd edək ki, “Microsoft”un oxşar texniki problemləri 2026-cı ilin yanvarında və ötən ilin oktyabrında da qeydə alınmışdı. Lakin son hadisə əhatə dairəsinin genişliyi və davametmə müddəti ilə fərqlənib.