Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yuxu problemləri zamanı maqnezium qəbulunun faydalı olması ilə bağlı geniş yayılmış fikir elmi araşdırmalarla tam təsdiqini tapmayıb. Mütəxəssislər bildirir ki, bu mineral orqanizm üçün vacib olsa da, onun yuxusuzluğun müalicəsində effektivliyinə dair kifayət qədər güclü elmi sübut yoxdur. Bu barədə Barselona Universitetinin alimləri “The Conversation” nəşrinə məlumat verib.
Araşdırmalara görə, bəzi kiçik tədqiqatlarda maqnezium qəbul edən şəxslərdə yuxuya getmə müddətinin qısalması və yuxu keyfiyyətinin müəyyən qədər yaxşılaşması müşahidə edilsə də, bu nəticələr bütün insanlar üçün keçərli deyil.
Mütəxəssislər vurğulayıb ki, maqnezium yalnız bu mineralın çatışmazlığı olan insanlarda müəyyən fayda verə bilər. Yuxusuzluqdan əziyyət çəkən şəxslər isə problemi özbaşına qida əlavələri ilə həll etməyə çalışmamalı, ilk növbədə səbəbin müəyyən edilməsi üçün həkimə müraciət etməlidir. Həmçinin maqnezium preparatlarının həddindən artıq qəbulu ürəkbulanma, ishal və digər yan təsirlərə səbəb olur.
Saglamolun.Az